Uzunömürlülüyün sirri açıldı

post-img

İnsan ömrü təkcə illərin sayı ilə ölçülmür. Bəzən qısa bir ömür dərin iz buraxır, bəzən isə uzun illər mənasızlıq içində itir. Tarix boyu bəşəriyyətin ən çox düşündüyü suallardan biri də budur: uzun və sağlam yaşamağın sirri nədir?

Alimlərin araşdırmalarına görə, insan ömrünün, təxminən, 20–30 faizi genetik xüsusiyyətlərdən asılıdır. Bu genlər orqanizmin xəstəliklərə qarşı müqavimətini, maddələr mübadiləsinin sürətini, hətta stresə reaksiyasını müəyyən edir. Məhz buna görə də uzunömürlü insanların çoxu, eyni zamanda, uzunömürlü ailələrdən çıxır. Onların genetik kodunda təbiətin özünəməxsus “möhkəmlik proqramı” mövcuddur.

San-Paulu Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı tədqiqat göstərib ki, 110 yaşına qədər və daha uzun yaşayan insanlar gücləndirilmiş və yüksək adaptasiya qabiliyyətinə malik immun sisteminə sahib olurlar. “Daily Mail” nəşri “Genomic Press”ə istinadən xəbər verir ki, tədqiqatın rəhbəri tanınmış genetik Mayana Zatsdır.

Alimlərin qənaətinə görə, uzunömürlülərin immun sistemi xüsusi olaraq uzunömürlü həyat üçün uyğunlaşıb. Bu insanların immun hüceyrələri özlərindən onilliklərlə gənc olan şəxslərə xas sürətlə yenilənir və zədələnmiş komponentləri effektiv şəkildə təkrar emal edir. Nəticədə, ürək-damar xəstəliklərinə, onkoloji problemlərə və demensiyaya (ağıl zəifliyi) səbəb ola biləcək təhlükəli mutasiyaların və zədələnmiş zülalların orqanizmdə toplanmasının qarşısı alınır.

Tədqiqat zamanı alimlər immun cavabın koordinasiyasında mühüm rol oynayan CD4+ T-helper hüceyrələrinin fəaliyyətində də maraqlı fərqlər müşahidə ediblər. Məlum olub ki, uzunömürlülərdə bu hüceyrələr adətən yoluxmuş və ya anormal hüceyrələrə hücum edən T-killer hüceyrələri kimi davranır. Bu cür immun modeli nadir hallarda gənc insanlarda da müşahidə olunur.

Hazırda da davam edən tədqiqat çərçivəsində 100 yaşdan yuxarı 140-dan çox uzunömürlü və 110 yaşdan yuxarı 20 “super uzunömürlü” araşdırılıb. İştirakçılar arasında dünyanın ən yaşlı insanı hesab edilən və 2025-ci ilin yazında 116 yaş 326 günlüyündə vəfat edən rahibə İna Kanabarro Lukas da yer alıb.

Maraqlıdır ki, tədqiqat iştirakçılarının əksəriyyətinin müasir tibbi xidmətlərə məhdud çıxışı olmalarına, bəzilərinin isə ümumiyyətlə tibbi nəzarət altında olmamasına baxmayaraq, sağlam düşüncə qabiliyyətini qoruyub saxlayıb və gündəlik həyat fəaliyyətlərini müstəqil şəkildə yerinə yetiriblər.

“Healthy Longevity” klinikasının baş direktoru Pyotr Sramekin sözlərinə görə, 100 və daha artıq yaşa çatan insanların uzunömürlü olmasına bir sıra amillərin vəhdəti kömək edir. Bu amillər sırasında nisbətən nadir rast gəlinən və şərti olaraq “uzunömürlülük genləri” adlandırılan genetik xüsusiyyətlər də var.

“Ola bilsin ki, bu cür genetik üstünlüklər əhalinin cəmi təxminən 2 faizində mövcuddur. Belə insanlar mütləq şəkildə ideal həyat tərzi sürməyə də bilərlər”, – deyə Pyotr Sramek qeyd edib.

Müasir dövrdə texnologiyanın sürətli inkişafı həyatımızı asanlaşdırsa da, bizi hərəkətsizliyə və tənhalığa sürükləyə bilir. Uzunömürlülüyün sirrini axtararkən bu təhlükəni də unutmamalıyıq. Canlı ünsiyyət, ailə söhbətləri, dost məclisləri insan psixikasını möhkəmləndirən, ruhu cavan saxlayan amillərdir. Ən güclü dərman belə bəzən səmimi bir sözün təsiri qədər faydalı olmur.

Beləliklə, deyə bilərik ki, uzunömürlülüyün sirri tək bir formulda gizlənmir. O, sağlam bədən, sakit ruh, mənalı həyat və möhkəm insani münasibətlərin vəhdətində formalaşır. İnsan öz ömrünün memarıdır: necə yaşasa, elə də yaşlanar. Uzun yaşamaqdan daha önəmlisi isə ləyaqətlə, faydalı və iz buraxan bir ömür sürməkdir. Çünki əsl uzunömürlülük illərin çoxluğu deyil, o illərin içində toplanan dəyərdir. Müasir tibbin, elmin və statistikanın verdiyi cavablar nə qədər əhəmiyyətli olsa da, uzunömürlülüyün kökündə yalnız genlər və dərmanlar deyil, həyat tərzi, mənəvi dəyərlər və insanın özünə münasibəti dayanır.

Nurəngiz ADİLQIZI
XQ

Dünya