Paytaxtda avtomobillərin ahəngdar hərəkətini necə tənzimləmək olar?
Müasir şəhərlərin ən ciddi sosial-iqtisadi problemlərindən biri nəqliyyat tıxaclarıdır. Urbanizasiya prosesinin sürətlənməsi, əhalinin artımı, avtomobillərin sayının çoxalması və şəhər planlaşdırılmasında uzun illər yığılıb qalmış struktur çətinlikləri paytaxt Bakı üçün də bu məsələnin aktuallığını artırır. Tıxaclar təkcə vaxt itkisi deyil, eyni zamanda, iqtisadi səmərəliyin azalması, ekoloji çirklənmə, ictimai narazılıq və həyat keyfiyyətinin aşağı düşməsi deməkdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, problemin həlli yalnız yeni yolların çəkilməsi ilə deyil, kompleks və sistemli nəqliyyat siyasəti ilə mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində paytaxtın tıxac probleminə toxunaraq deyib: “Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir”.
Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə iki deponun da inşası qərara alınıb. Mövcud metro stansiyalarında optimallaşma layihələrinin də icrasına başlanılıb. Son 20 il ərzində 7 metro stansiyası tikilib. “Əgər bu inşaat işləri aparılmasaydı, tıxacla bağlı vəziyyət daha acınacaqlı olardı”, – deyən ölkə rəhbəri hazırda mikromobilliyin genişlənməsi, piyadalar üçün daha geniş məkanın yaradılması və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesinin davam etdirilməsi nəticəsində tezliklə müsbət nəticələr əldə olunacağını bildirib.
Ekspertlər tərəfindən dövlət başçısının bu fikirləri yüksək dəyərləndirilməklə bərabər, Bakı şəhərinin həddən artıq yüklənməsi, dövlət müəssisələrinin və ali təhsil ocaqlarının artması, eləcə də kənddən şəhərə olan kütləvi axının yaratdığı nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı bir sıra təkliflər də səsləndirilir. Məsələn:
– dövlət strukturlarının və təhsil müəssisələrinin regionlara mərhələli şəkildə köçürülməsi və ya filiallarının yaradılması;
– avtomobil parklarının məhdudlaşdırılması, “park-and-ride” zonalarının qurulması və “ağıllı” nəqliyyat idarəetmə sistemlərinin tətbiq olunması;
– velosiped infrastrukturunun inkişaf etdirilməsi, uzaqdan iş və distant təhsil kimi alternativ iş rejimlərinin təşviqinin diqqətdə saxlanılması;
– mərkəzi küçələrdə çəkilən yol zolaqları üzərində yerləşdirilən parkinq məntəqələrinin düzgün planlaşdırılması;
– parklanma yerlərində daha çox gəlir əldə etmək məqsədilə avtomobillərin daha sıx yerləşdirilməsinin qarşısının alınması;
– şəhərin sıx və dar ərazilərində yerüstü, dəmir konstruksiyalı çoxmərtəbəli parkinqlərin yaradılması;
– şəhərin müəyyən ərazilərində girişə vergi tətbiq edilməsi;
– nəqliyyatda rəqəmsal texnologiyaların tətbiq olunması ilə pik saatlarda nəqliyyat sıxlığını azaltmağın, nəqliyyat axınının tənzimlənməsinin mümkünlüyü vurğulanır.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirir ki, 2008-ci ildə tikilib istifadəyə verilən yollar sonradan Lökbatan-Biləcəri dairələri, Zığ dairəsi–Hava limanı, Koroğlu–Hava Limanı–Mərdəkan və Bilgəh və Pirşağı magistralları ilə davam etdi. Amma bu yolları əlaqələndirən Biləcəri, Binəqədi və Ramanı istiqamətində tamamlayıcı yol tikilmədi. Sonradan isə Ziya Bünyadov prospekti boyu bir neçə tunel tipli yol ötürücü tikilsə də, sistemi reallaşdıran qurğu yaradılmadı və həmin prospekt daha da yüklənmiş oldu.
Yeni Baş Planda bir neçə yarımdairəvi yolun salınması nəzərdə tutulub. Şəhər üçün zəruri olan bu magistrallar digər əlavə tamamlayıcı layihələrlə uzlaşdırılmalıdır. Çünki bu vahid bir nəqliyyat karkasıdır və burada həm hərəkətliliyi, mobilliyi, həm də həm logistikanı təmin etmək vacibdir.
Ekspertin sözlərinə görə, Bakının giriş nöqtələrində “Park et, səfərini ictimai nəqliyyatla davam et” kimi həllər də tıxacların azaldılması ilə bağlı layihənin tərkib hissəsinə daxil edilməlidir. Eyni zamanda, Bakı, Xırdalan və Sumqayıt istiqamətində daim güclü avtomobil axını müşahidə olunur. Buna görə də paytaxta daxil olmadan sürətli tranziti gerçəkləşdirən avtomobil və dəmir yolları layihələri də diqqət mərkəzində saxlanılmalıdır. Başqa sözlə, Bakı, Xırdalan və Sumqayıt istiqamətlərindən məcburi Bakıya daxil olan avtomobil axınları ayırmalıdır. Bunun üçün, məsələn, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən üzü Qaradağ istiqamətində “R-6. H.Z.Tağıyev-Sahil” 40 kilometrlik yolun iki zolaqdan dörd zolağa təkmilləşdirilməsinə ehtiyac var.
Bu gün paytaxtda tıxacların mövcudluğu heç də o demək deyil ki, indiyədək bu istiqamətdə heç bir iş görülməyib. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı layihələr gerçəkləşdirilib. Görülmüş işlər nəticəsində nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasına nail olunub, yollarda nəqliyyat sıxlığını azalıb, piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşması reallaşıb. Məsələn, təkcə 2025-ci ildə 15 küçə və prospektdə 15 kilometr uzunluğunda mikromobillik zolağı çəkilib. Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb. Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564 parklanma məntəqəsi təşkil edilib.
Yeri gəlmişkən, sözügedən dövrdə ölkədə yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli layihələr həyata keçirilib. Təkcə Bakı şəhərində 2,6 min kilometr uzunluğunda yeni yollar tikilib, yenidən qurulub və təmir olunub. Bundan əlavə, paytaxtın avtomobil yollarında, ümumilikdə, 335 körpü və yol ötürücüsü, 163 yeraltı və yerüstü piyada keçidi, eləcə də 45 tunel istifadəyə verilib. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılıb.
Paytaxt və ətraf ərazilərdə tıxacların azalması üçün dəmir yolları ilə daşımaların inkişafı da diqqətdə saxlanılıb. Bakı, Sumqayıt şəhərlərində və bütövlükdə Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli yollardan biri olan Abşeron dairəvi dəmir yolu xətti 2020-ci ildə istifadəyə verilib. Eyni zamanda, metro infrastrukturunun genişləndirilməsi və modernləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Son 20 ildə 1 depo, 7 yeni stansiya və 2 ikinci giriş-çıxış inşa edilib, əlavə olaraq 5 stansiya tamamilə yenidən qurulub. Metro şəbəkəsinin xətləri 29,9 kilometrdən 40,7 kilometrə qədər uzadılıb, sərnişin axınının təhlükəsizliyini gerçəkləşdirmək üçün 8 yeni yarımstansiya tikilib və 5 yarımstansiya yenidən qurulub.
Bakı şəhərinin avtobus nəqliyyatı sahəsində də bir sıra genişmiqyaslı layihələr həyata keçirilib, o cümlədən 2014-cü ildə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması sərnişin daşımalarında texniki və ekoloji baxımdan təhlükəsizliyin reallaşdırılmasına mühüm təsir göstərən əsas addımlardan biri olub. Cəmiyyətin avtobus parkı “BMC”, “Neoplan” və “BYD” markalı 1000-dən çox nəqliyyat vasitəsilə təchiz edilib. Bununla yanaşı, sərnişinlərin tələbat və sıxlıq səviyyəsindən asılı olaraq 110 kilometrdən artıq prioritet avtobus zolaqları yaradılıb. Bu zolaqlar avtobusların tıxaclardan yayınmasına və daha sürətli hərəkət etməsinə şərait yaradaraq, sərnişinlərin gediş vaxtını əhəmiyyətli dərəcədə azaldıb. Eyni zamanda, avtobus parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılıb və 2030-cu ilə qədər avtobus parkının 2800-ə çatdırılması nəzərdə tutulub.
Elməddin MURADLI,
nəqliyyat eksperti
Uzun müddətdir ki, ölkədə nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi qurulmasına baxmayaraq, indiyədək onun səmərəli fəaliyyəti nəzərə çarpmır. Amma bu gün Daxili İşlər Nazirliyi sözügedən istiqamətdə müəyyən addımlar atır və bu da perspektivdə intellektual idarəetmə sistemi vasitəsilə sıxlığın və tıxacın qarşısının alınacağı inamı yaradır. Çünki bu, öz-özlüyündə çox vacib bir elementdir. Deyək ki, günün müəyyən saatlarında hansısa istiqamətdən avtomobil axını çoxalır, amma svetafor axın olmayan ərazinin üstünlüyünü təşkil edir. Bu adaptiv sistem üzərində çalışan svetaforlar isə belə bir vəziyyəti dərhal nəzərə alır və mərkəzə informasiya ötürməklə prosesi tam fərqli şəkildə tənzimləyir. Yəni harada, hansı istiqamətdə daha çox nəqliyyat varsa, həmin istiqaməti yaşıla daha çox çevirir ki, bununla da avtomobil axını tənzimlənir.
Qeyd edim ki, bu, hələlik test rejimində qurulan bir sistemdir. Amma ümid edirəm ki, yaxın vaxtlarda onun müsbət nəticələrini görəcəyik və faydalanacağıq. Hazırkı dönəmdə isə ümid edirəm ki, səmərəli istifadə etməklə bu sistemdən geniş şəkildə yararlanmaq olar.
Tıxac və sıxlıq məsələsi hamını narahat edən bir problemdir və bunun necə həll olunması mövzusu da ayrıca bir məsələdir. Uzun müddət ki, icra olunan layihələr səmərəsiz qalıb və bu gün inamsız bir mühit formalaşıb. İnsanlar elə bilirlər ki, Bakının tıxac problemini heç vaxt həll etmək mümkün olmayacaq. Amma bu cür “ağıllı” sistemlərlə çətinliyi aradan qaldırmaq mümkündür.
Nəticə etibarilə hər svetaforun yanına, hər yol ayrıcına bir nizamlayıcı qismində polis əməkdaşı qoymağa ehtiyac qalmayacaq. Yəni harada sıxlıq yaranırsa, dərhal ora bir əməkdaş göndərmək lazım deyil ki, getsin tənzimləsin və sürücülər yolayrıcını keçmə qaydalarını pozmasın. Ümumilikdə, bu yanaşma, fikrimcə, yaxşı nəticə verəcək.
Vaqif BAYRAMOV
XQ


