Yağma, yağış, yolumuzu kəsmə, yağış

post-img

Bakı və Abşeronun su-kanalizasiya şəbəkəsi yenidən qurulacaq

Bu gün urbanizasiya proseslərinin əsas göstəricilərindən biri su təchizatı, kanalizasiya və yağış sularının səmərəli idarə olunmasıdır. Xüsusilə iqlim dəyişiklikləri fonunda intensiv leysanların artması, əhalinin getdikcə sıxlaşması və şəhər ərazilərinin genişlənməsi ilə bu sahə milli təhlükəsizlik və sosial rifah məsələsi kimi daha çox diqqət çəkir.

Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə ölkənin şəhərsalma siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan liderinin çıxışında paytaxtda əhaliyə cəmi 50 faiz kanalizasiya xidməti göstərildiyi, adıçəkilən sənədin icrası nəticəsində isə həmin göstəricinin 95 faizə çatdırılacağı vurğulanır.

Ölkə rəhbərinin nitqində leysan yağışları yağan kimi şəhər nəqliyyatının iflic vəziyyətinə düşdüyü, çox ciddi problemlər yaşandığı da narahatlıqla xatırladılır: “Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil. Biz televiziya verilişlərində dünyanın istənilən yerində bunu görürük. Hətta ən inkişaf etmiş hər ölkənin şəhərlərində də daşqınlar adi hal alıb. Heç bir şəhərin infrastrukturu imkan vermir ki, əgər şiddətli leysan yağışları bir neçə gün davam etsə, bunu idarə etmək mümkün olsun. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq”.

Müşavirədə əhaliyə göstərilən kanalizasiya xidmətinin cəmi 50 faiz təşkil etməsi göstəricisi uzun illər formalaşmış struktur problemlərinin, plansız urbanizasiyanın və sovet dövründən qalma infrastrukturların artıq mövcud reallıqlara cavab verməməsinin bariz ifadəsidir. Bakının sürətli əhali artımı, yeni yaşayış massivlərinin salınması, fərdi tikililərin nəzarətsiz şəkildə əsas magistral xətlərin üzərində inşa olunması kanalizasiya sistemlərinin istismarını getdikcə ağırlaşdırır. Aparılan son təhlillər hazırda Bakı şəhərində 1600-dən çox fərdi yaşayış evinin və digər tikintilərin əsas kanalizasiya magistrallarının normal fəaliyyətinə mane olduğunu göstərir. Məsələ bununla bitmir. Mövcud problemlər nəticəsində bəzi ərazilərdə müddəti bitmiş kanalizasiya xətlərində çökmələr baş verir, çirkab sular yaşayış evlərinə dolur və bu, əhaliyə ciddi maddi ziyan vurur.

Digər mühüm problem isə yağış sularının idarə olunması ilə bağlıdır. Vaxtilə Bakıda mövcud olmuş müstəqil yağış suyu sistemlərinin 1990-cı illərdə kanalizasiya kollektorlarına çevrilməsi nəticəsində bu gün əsas kollektorların ötürücülük qabiliyyəti getdikcə azalır. Yağış suları ilə məişət tullantılarının eyni xətlərə yönləndirilməsi sistemdə əlavə yüklənmə yaradır və leysanlar zamanı şəhərin iflic vəziyyətinə düşməsinə səbəb olur.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, intensiv leysanlar və şəhər daşqınları artıq təkcə Bakının deyil, dünyanın ən inkişaf etmiş şəhərlərinin də üzləşdiyi problemdir. Son illər Avropa, Asiya və Amerika qitələrində yerləşən iri metropollarda belə infrastruktur sistemlərinin fövqəladə yağışlara tab gətirmədiyi müşahidə edilir. Lakin bu qlobal tendensiya Bakının mövcud zəifliklərini aradan qaldırmaq üçün fəaliyyətsiz qalmaq anlamına gəlmir. Əksinə, dövlət başçısının vurğuladığı kimi, “bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur” və həmin zəifliklərin planlı şəkildə aradan qaldırılması vacibdir. Məhz bu yanaşma yeni Dövlət Proqramının əsas fəlsəfəsini təşkil edir.

“Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın mühüm xüsusiyyətlərindən biri kanalizasiya sistemlərinin mənsəblərdən – yəni təmizləyici qurğulardan başlayaraq qurulması prinsipidir. Bu, dünya təcrübəsində səmərəliyi sübut olunan yanaşmadır. Belə ki, əgər əvvəllər şəbəkələr plansız şəkildə genişlənir, sonradan çirkab suların hara və necə axıdılacağı problemi yaranırdısa, indi proses tam əksinə planlaşdırılır.

Bu çərçivədə Bakı və Abşeron yarımadasında 12 yeni magistral kollektorun tikintisi nəzərdə tutulub. Prezidentin Sərəncamı ilə onlardan 7-də artıq işlərə başlanılıb. Ümumilikdə isə 346 kilometr uzunluğunda magistral kollektor şəbəkəsinin inşası planlaşdırılıb. Birinci mərhələdə əsas kollektorların 2027-ci ilin sonuna qədər tamamlanması, ikinci mərhələdə isə Abşeronun şərq hissəsində yerləşən yaşayış məntəqələrinin bu sistemlərə qoşulması nəzərdə tutulub.

Hazırda Bakının bütün çirkab və tullantı suları əsasən Hövsan tullantı sutəmizləyici qurğusuna yönləndirilir. Bu isə şəhər üçün həm texniki, həm də ekoloji baxımdan ciddi risklər yaradır. Yeni Dövlət Proqramı çərçivəsində bu yükü azaltmaq məqsədilə 9 yeni tullantı sutəmizləyici qurğunun yaradılması planlaşdırılır. Ələt tullantı sutəmizləyici qurğusunun Ələt Azad İqtisadi Zonasının inkişafına xidmət edəcəyi bildirilir.

Sahil, Lökbatan, Müşfiqabad təmizləyici qurğularının tikintisi də davam etdirilir. Sumqayıt şəhərində mövcud qurğunun həm təkmilləşdirilməsi, həm də gücünün artırılması layihəsi icra olunur. Böyükşor təmizləyici qurğusu isə təkcə tullantı sularının təmizlənməsini deyil, eyni zamanda, Böyükşor gölünün ekoloji tarazlığının qorunmasını hədəfləyir. Pirallahı, Pirşağı və Şüvəlan istiqamətlərində də modernləşmə və bioloji təmizləmə tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulur. Bu layihələr nəticəsində Bakı buxtasının ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşacağı, Xəzər dənizinə axıdılan çirkab sular minimuma endiriləcəyi, Ceyranbatan gölünün mühafizəsini gücləndiriləcəyi də bildirilir.

Son illərdə intensiv yağışlar zamanı Bakının mərkəzində yaranan nəqliyyat problemləri cəmiyyətin ən çox narahat olduğu məsələlərdən biridir. 2025-ci ilin aprelində müşahidə edilən və son 60 ildə analoqu olmayan leysan da mövcud sistemlərin ekstremal iqlim hadisələrinə hazır olmadığını bir daha göstərir. Bu səbəbdən Bakı şəhərində 30 əsas küçə üzrə yeni yağış suyu kollektorlarının tikintisi nəzərdə tutulur. İlk mərhələdə bu layihələrin texniki-iqtisadi əsaslandırılmasının aparılacağı, daha sonra icraya başlanılacağı bildirilir. Məqsəd min ildə bir baş verə biləcək leysanlara deyil, normaya uyğun və normadan bir qədər artıq yağışlara davamlı sistem qurmaqdır. Bu isə şəhər mərkəzində yağışlar zamanı yaşanan xroniki problemlərin aradan qaldırılması məqsədi daşıyır.

Beləliklə, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təkcə mühəndis-infrastruktur layihəsi deyil, eyni zamanda, sosial rifahın, ekoloji təhlükəsizliyin və şəhər həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət edən strateji sənəddir. Bu, həm də kanalizasiya xidmətinin əhatə dairəsinin 50 faizdən 95 faizə çatdırmaq, yeni kollektorlar və təmizləyici qurğularla yağış sularının müstəqil idarə olunması nəticəsində Bakını regionun ən dayanıqlı şəhərlərindən birinə çevirmək deməkdir.

Dünyanın aparıcı şəhərlərinin təcrübəsi də göstərir ki, su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması sahəsində problemlər yalnız inkişaf səviyyəsi ilə deyil, iqlim dəyişiklikləri, əhali sıxlığı və urbanizasiya sürəti ilə şərtlənir. Məsələn, London, Paris, Nyu-York, Tokio kimi metropollarda XIX–XX əsrlərdə qurulmuş kanalizasiya sistemləri bu gün intensiv leysanlar qarşısında ciddi sınaqlarla üzləşir. Son onilliklərdə həmin şəhərlərdə daşqın risklərinin azaldılması üçün milyardlarla dollar dəyərində yeni kollektorlar, tunellər və təmizləyici qurğular inşa olunur.

Avropa İttifaqı ölkələrində tətbiq edilən əsas yanaşmalardan biri yağış sularının məişət kanalizasiyasından tam ayrılması və onların ayrıca kollektorlar vasitəsilə idarə olunmasıdır. Almaniya və Niderlandda bu məqsədlə “yaşıl” infrastruktur – suyu udan örtüklər, süni göllər, drenaj parkları yaradılır. Asiya ölkələrində, xüsusilə Sinqapurda yağış suları yalnız təhlükə mənbəyi kimi deyil, həm də alternativ su resursu kimi dəyərləndirilir və yüksək səviyyəli təmizləmədən sonra təkrar istifadəyə cəlb olunur.

Azərbaycanın Bakı və Abşeron yarımadası üçün müəyyən etdiyi yanaşma bu beynəlxalq təcrübə ilə tam səsləşir. Magistral kollektorların, müasir təmizləyici qurğuların yaradılması, yağış sularının ayrıca sistemlərlə idarə olunması və prosesin mənsəblərdən başlayaraq planlaşdırılması müasir şəhərsalma standartlarının əsas tələbləridir. Fərq ondadır ki, Bakı bu mərhələni bir neçə onillik ərzində tədricən deyil, vahid Dövlət Proqramı çərçivəsində kompleks şəkildə həyata keçirməyi hədəfləyir.

Beləliklə, 2026–2035-ci illəri əhatə edən sözügedən Dövlət Proqramı Bakının yalnız mövcud problemlərini aradan qaldırmağa deyil, onu gələcək iqlim risklərinə qarşı davamlı, ekoloji cəhətdən təhlükəsiz və rahat yaşayış məkanına çevirməyə yönəlib. Bu yanaşma ilə Azərbaycan paytaxtının inkişaf modelinin qlobal şəhər təcrübəsinin ayrılmaz hissəsi kimi formalaşdırılması da qarşıya mühüm vəzifə kimi qoyulub.

V.BİNYATOĞLU
XQ



Sosial həyat