Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2025-ci ildə həm yerli, həm də beynəlxalq müstəvidə intensiv və çoxşaxəli fəaliyyət göstərib. Mərkəz il ərzində multikulturalizmin təbliği, islamofobiya və antisemitizmlə mübarizə, dağıdılmış mədəni irsin qorunması və bərpası, Qərbi azərbaycanlıların qayıdış hüququnun gündəmdə saxlanılması, eləcə də neokolonializmə qarşı mübarizə istiqamətlərində ardıcıl layihələr reallaşdırıb və nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın multikulturalizm modelini təqdim edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin media üçün açıqlamasının davamında bildirilir ki, hesabat ilində BBMM-in təşkilatçılığı və iştirakı ilə 18 yerli və beynəlxalq konfrans keçirilib, Mərkəzin beynəlxalq fəaliyyəti isə 15 ölkəni əhatə edib. Bakıda 15 Mart İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” beynəlxalq elmi konfransı, Vatikanda Müqəddəs Taxt-Tacın Qriqorian Pontifik Universitetində keçirilmiş “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans, həmçinin Belçikanın Brüssel şəhərində “Belçika və Avropada 2025 İslam Dünyası İli” çərçivəsində keçirilən “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda məclislər xüsusi önəmi ilə yadda qalıb.
BBMM, eyni zamanda, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII beynəlxalq elmi konfransın da həmtəşkilatçısı olub. Mərkəzin təmsil olunduğu digər beynəlxalq toplantılara Hindistanın Şri-Şri Universitetində “Azərbaycan multikulturalizm modeli” mövzusunda mühazirə, “Dini azadlıqdan dini məsuliyyətə” adlı ikinci beynəlxalq konfrans, Avropa Komissiyası və Avropa Şurasının Brüsseldə təşkil etdiyi müsəlmanlara qarşı nifrət və irqçilik üzrə əlaqələndirmə konfransı, “Azərbaycanşünaslığın aktual məsələləri: Yeni dövrün Azərbaycanı” XVI beynəlxalq elmi konfransı, “Davamlı sülhün əldə edilməsində dini liderlərin rolu” mövzusunda beynəlxalq konfrans və “İslamofobiya: Mövcud qlobal kontekstdə konsepsiya və təcrübə” adlı beynəlxalq toplantı daxildir.
2025-ci ildə Mərkəz tədris layihəsini də prioritet istiqamət kimi davam etdirib. “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ali təhsil müəssisələrində tədrisi layihəsi çərçivəsində hesabat ilində dünyanın 10 universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi təşkil olunub. Ümumilikdə, “Azərbaycan multikulturalizmi” fənni ilin sonuna qədər dünyanın 27, Azərbaycanın isə 38 nüfuzlu universitetində tədris edilib. Gənclərin və tələbələrin proseslərə cəlb olunması istiqamətində BBMM-in ən mühüm platformalarından biri sayılan beynəlxalq multikulturalizm məktəbləri və gənclər forumları da 2025-ci ildə uğurla davam edib.
Mərkəzin 2025-ci ildə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti çərçivəsində il ərzində BBMM-də 22 xarici nümayəndə heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı Azərbaycan multikulturalizm modeli, ölkədəki tolerant mühit, müxtəlif etnik və dini icmaların sülh şəraitində birgəyaşayışı haqqında ətraflı məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub. BBMM-in beynəlxalq tərəfdaşlıq şəbəkəsi genişlənib.
Beləliklə, 2025-ci il Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi üçün multikultural dəyərlərin beynəlxalq müstəvidə təşviqi, Azərbaycanın tolerantlıq modelinin dünyaya sistemli şəkildə təqdim olunması, eləcə də yeni tərəfdaşlıqlar və elmi-nəzəri əsasların möhkəmləndirilməsi baxımından uğurlu və dinamik il kimi yadda qalıb. Mərkəzin fəaliyyəti Azərbaycanın qlobal miqyasda multikulturalizm, tolerantlıq, dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində aparıcı və etibarlı tərəfdaş kimi mövqeyinin daha da güclənməsinə töhfə verib.
T.RÜSTƏMLİ
XQ

