Lerikin dağ kəndlərində süfrələrin bəzəyi

post-img

İndi Lerikin dağ kəndlərində ev olmaz ki, orada həftədə iki dəfə  “Zeyrən” (Nozık)  çörəyi bişirilməsin. Azərbaycan mətbəxinin ən qədim şirniyyat növü sayılan  bu çörək  qədim dövrdən nənələrdən yadigar qalıb. Hazırda da süfrələrin bəzəyidir.  Ləzzətlə yeyilir, uzun müddət dadı damaqdan getmir.

Bunlar öz yerində. Lerikin  dağ kəndlərində “Zeyrən” çörəyi ilə bağlı qədimdən qalma  bir sıra adətlər indinin özündə də yaşayır.  Belə ki,  çörəyi qırmızı lent əvəzinə şal vasitəsilə gəlin köçən qızların belinə bağlayırlar. Ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Adətə görə bununla gəlin getdiyi evə  bolluq və bərəkət aparır. Həmçinin bayram günlərində nişanlı qızlar, təzə gəlinlər üçün “Zeyrən”dən pay ayrılır. Qoy yaşanan həyat şirin olsun. Digər adətə görə  bayram günlərində yaxınların məzarı üstünə  bu çörəkdən aparılır.

Ən çox  əməl edilən adətlərdən biri  də təzə evi tikib baş çatdırandan sonra  bərəkət rəmzi olaraq ilk açılan süfrəyə   “Zeyrən” çörəyi qoyulur.  Şirniyyat və çərəzlərlə dolu xonçanı mütləq ev sahibinin anası, anası sağ deyilsə,  öz həyat yoldaşı açır. Eləcə evə gələn qonağın qabağına əsasən “Zeyrən” qoyulur, elə onu bu çörəklə  yola salırlar. 

“Zeyrən” çörəyinin bişirilmə  qaydasına gəldikdə isə   unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğurulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib 25-30 santimetr həcmində əl ilə açılır. Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsində xırda dəliklər açılır. Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. Təndirdə 10 dəqiqəyə bişirilən bu çörək, əsasən, soyuduqdan sonra yeyilir. 

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

Sosial həyat