Dövlət başçısının tövsiyə və tapşırıqları Qərbi Azərbaycan həqiqətlərinin qorunması, tarixi yaddaşın yaşadılması və icmanın birliyinin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyır. Keçirilən tədbirlər, İcmanın geniş diapazonda fəaliyyəti Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına göstərdiyi diqqət və qayğının, bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin ictimai müstəvidə təzahürüdür.
Bu günlərdə keçirilən İcmanın bayram tədbirində Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı, Amasiya rayonunun ziyalı xanımları, şəhid anaları, həmçinin Qərbi Azərbaycanın digər rayonlarını təmsil edən xanımlar iştirak ediblər. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycan TV-nin rəhbəri Telli Pənahqızı Prezident İlham Əliyevin tövsiyələrini rəhbər tutaraq Qərbi Azərbaycan İcmasında görülən işlər, həyata keçirilən təşəbbüslər və informasiya fəaliyyətinin əhəmiyyətindən danışıb. Amasiya rayon İcması Qadınlar Şurasının sədri Teyfə Zülfiqarova isə çıxış edərək qarşıda duran vəzifələr, qadınların icma həyatında rolu və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Həcər Hüseynova, şəhid Murad Məmmədovun anası Mürvət Məmmədova, şəhid Orxan Hüseynovun anası Xalidə Hüseynova və digər şəhid ailələrinin üzvləri çıxış edərək fikirlərini bölüşüblər. Tədbir çay süfrəsindən sonra, bədii hissə ilə başa çatıb.
XQ

