Dahi Liderdən qalib sərkərdəyə uzanan yol

post-img

Tarix hər bir xalqa onun taleyini daşıya biləcək böyük şəxsiyyətlər bəxş edir. Bu şəxsiyyətlər yalnız öz dövrünün deyil, həm də millətin gələcəyinin məsuliyyətini çiyinlərində daşıyan beyinlər, uzaqgörən liderlər olurlar. Azərbaycan xalqının yaşadığı coğrafiyanın tanınmasında, bu torpaqlarda milli varlığın qorunmasında və xalqın tarix səhnəsində möhkəm dayanmasında məhz belə şəxsiyyətlərin rolu həlledici olmuşdur. Onların dərin zəkası, mübariz ruhu, qətiyyəti və mənəvi böyüklüyü xalqımıza əzəmət, mübarizlik və qəhrəmanlıq ruhu aşılamışdır.

Azərbaycan xalqı tarixən yüksək mənəvi dəyərlərə malik, humanist, qonaqpərvər və birgəyaşayış mədəniyyətinin ən gözəl nümunələrini yaradan xalqlardan olmuşdur. Qəlbinin təmizliyi, mərhəməti və insana verdiyi dəyər sayəsində bu xalq dünyaya açıq olmuş, fərqli millət və inanclara qucaq açmışdır. Təəssüf ki, bu humanist münasibət bəzi dövrlərdə nankorluqla cavablandırılmış, xalqımız ağır tarixi sınaqlarla üz-üzə qalmışdır. Zəhmətkeş və fədakar Azərbaycan insanının evində yer verdiyi, süfrəsində çörək paylaşdığı insanlar zamanla gəldikləri yerləri unudaraq torpaq iddiaları ilə çıxış etmiş, bu isə milli faciələrin başlanğıcına çevrilmişdir.

Son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirilən etnik təmizləmə siyasəti, soyqırımı və təcavüzkarlıq Azərbaycan tarixinin ən ağrılı və qanlı səhifələrini təşkil edir. Bu şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və uydurma “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlanan köçürmə siyasəti bu faciələrin əsasını qoymuş, 1828–1830-cu illərdə Qarabağın dağlıq hissəsinə yüz minlərlə erməninin köçürülməsi regionun etnik mənzərəsini zorla dəyişdirmişdir. Türkmənçay müqaviləsindən sonra Naxçıvan və İrəvan xanlıqlarının ərazisində “Erməni vilayəti”nin yaradılması isə bu siyasətin hüquqi əsasını formalaşdırmışdır.

XX əsrdə bu proses daha da dərinləşmiş, azərbaycanlıların mərhələli şəkildə öz doğma yurdlarından qovulması 1980–1990-cı illərə qədər davam etmişdir. Xalqımız deportasiyalar, qırğınlar, qaçqınlıq və məcburi köçkünlük faciələri yaşamışdır. Lakin tarix Azərbaycan xalqına yalnız sınaqlar deyil, həm də bu sınaqlardan çıxara biləcək liderlər bəxş etmişdir.

Bu mənada Heydər Əliyev şəxsiyyəti xüsusi yer tutur. Hələ sovet dövründə Azərbaycan üçün -gələcək müstəqil dövlət üçün elmi, hərbi və siyasi təməl yaradan məhz o olmuşdur. Onun millətinə sevgisi və mübarizəsi əsl dövlət xadiminin fədakarlıq nümunəsi idi. Müstəqilliyin bərpası dövründə ölkənin üzləşdiyi ağır problemlər – zəif iqtisadiyyat, yüz minlərlə qaçqın və məcburi köçkün, vətəndaş qarşıdurması təhlükəsi, separatizm və xarici təsirlər – Heydər Əliyevin qətiyyətli siyasəti sayəsində aradan qaldırıldı. Azərbaycan bölünmədən, parçalanmadan bu tarixi sınaqdan üzüağ çıxdı.

Bu siyasi xəttin layiqli davamçısı isə Prezident İlham Əliyev oldu. O, ulu öndərin müəyyən etdiyi dövlətçilik kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirdi. Güclü iqtisadiyyatın qurulması, beynəlxalq layihələrin reallaşdırılması, milli-mədəni irsin dirçəldilməsi, multikultural dəyərlərin dövlət siyasətinə çevrilməsi və ən əsası, güclü ordunun yaradılması məhz bu siyasətin nəticəsidir. Bu dövrdə  Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan dövlətçiliyi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müstəqil və balanslaşdırılmış xarici siyasət  Azərbaycanın milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınmasına şərait yaratdı. Bu gün Azərbaycan sabitliyi, inkişaf tempi və gələcəyə inamı ilə regionda etibarlı tərəfdaş və söz sahibi olan bir ölkədir.

İlham Əliyev illərlə Qarabağ probleminin həllinə, torpaqların işğaldan xilasına çalışdı, bu məqsəd üçün qüdrətli Azərbaycan inşa etdi və ata vəsiyyətini şərəflə yerinə yetirdi. 2020-ci ildə Qarabağın azad olunması təkcə hərbi qələbə deyil, tarixi ədalətin bərpası idi. Bütün maneələrə baxmayaraq, xalq–dövlət birliyinə arxalanan Prezident İlham Əliyev Azərbaycanı Zəfərə apardı. Bu qələbə gələcək nəsillər üçün qürur mənbəyinə çevrildi.

Qərbi Azərbaycandan deportasiya olunmuş bir ailənin övladı kimi bu qələbənin mənəvi dəyərini daha dərindən hiss edirəm. Uşaqlıq xatirələrimin qaldığı torpaqlara qayıdış ümidini yaşadan, “İrəvan bizim tarixi torpaqlarımızdır” deyərək bu ümidə möhür vuran Liderə ziyalı olaraq dərin minnətdarlığımı bildirirəm. Qalib sərkərdəni doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, güclü iradə və xalqımızın firavan gələcəyi naminə uğurlar arzulayıram. Onun xalqın tarixinə həkk etdiyi Zəfər yolu daim yaşayacaq.

Aygün Xəlilqızı

BDU-nun Sosial Elmlər və Psixologiya fakultəsinin müəllimi,

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  

Sosial həyat