“Böyük Qayıdış” Gənclər Təşkilatı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirib.
Bu barədə XQ-yə Təşkilatdan məlumat verilib. Bildirilib ki, silsilə tədbirlər çərçivəsində I Fəxri Xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya və “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirə təşkil olunub.
Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil edilib.
Təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və üzv gənclər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir Azərbaycanın qurucusunun əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər.
Tədbirlər planına uyğun olaraq üzv gənclərin və Qayıdış könüllülərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada iştirak edən gənclər Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə yaxından tanış olub və burada nümayiş olunan, Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar haqqında ətraflı məlumat əldə ediblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birgə əməkdaşlıq çərçivəsində “Heydər Əliyev irsi və müasir Azərbaycan gəncliyi” adlı panel müzakirə təşkil edilib.
Panel müzakirədə millət vəkilləri Ceyhun Məmmədov və Məzahir Əfəndiyev, təşkilat sədrləri və nümayəndələri iştirak ediblər.
Görüş zamanı natiqlər ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas prinsiplərindən, respublikamıza rəhbərliyi dövründə milli şüurun oyanışı və Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi istiqamətində həyata keçirilən tədbirlərin mütərəqqiliyindən, eyni zamanda gənclər siyasətindən söz açıblar. Bildiriblər ki, milli düşüncənin formalaşmasında, gəncləri dövlətin gələcəyi kimi görərək onların təhsili, peşəkar inkişafı və vətənpərvərlik ruhunda böyüməsində Heydər Əliyevin misilsiz xidmətləri olub. Qeyd olunub ki, bu gün Ulu Öndərin ruhu şaddır. Onun ən böyük arzusu reallaşıb, işğal altındakı torpaqlarımız azad edilib, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı və bu ərazilərdə həyatın yenidən canlanması artıq başlayıb. Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı və zəngin xatirələrini bölüşən qonaqlar sonda gənclərin suallarını cavablandırıblar.
Nurəngiz Adilqızı
XQ










