Reinteqrasiya tədbirlərinə həsr olunmuş yekun konfrans keçirilib

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhərində “Əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili” layihəsi çərçivəsində görülmüş işlərin nəticələrinə həsr edilmiş yekun konfrans keçirib. Tədbir Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasında əldə olunan irəliləyişlərin, icma əsaslı reinteqrasiya fəaliyyətlərinin və layihə müddətində formalaşmış uğurlu təcrübələrin ictimaiyyətə təqdim olunması məqsədini daşıyıb.

Tədbirin rəsmi açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Açılış nitqi ilə Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzinin (AİİATRM) icraçı direktoru, layihə rəhbəri Yasin Dadaşov çıxış edərək layihənin məqsədləri, icrası və bölgələrdə dayanıqlı məskunlaşmanın təşviqi sahəsində qazanılmış nailiyyətlər barədə danışıb.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev layihənin ümumi istiqamətləri və nəticələri barədə təqdimatla çıxış edib.

Konfrans çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadiyyatının yerli və xarici dəyər zəncirlərinə inteqrasiyası mövzusunda AİİATRM-in icma inkişafı üzrə mütəxəssisi Rövşən Ağayevin təqdimatı dinlənilib. Təqdimatda bölgələrin potensialının qiymətləndirilməsi və dayanıqlı məskunlaşmanın iqtisadi əsasları barədə mühüm məqamlar vurğulanıb.

Tədbirdə, həmçinin, layihənin müxtəlif komponentlərini əks etdirən icma əsaslı reinteqrasiya, fərdi reinteqrasiya və peşə təhsili üzrə uğurlu hekayələrin videorolikləri nümayiş olunub.

AİİATRM-in monitorinq və qiymətləndirmə mütəxəssisi Telman Yolçiyev “Uğurlu reinteqrasiya üçün rəqəmsal xidmətlər və bacarıqlar” mövzusunda çıxış edərək müasir texnoloji alətlərin reinteqrasiyada rolunu və benefisiarların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi istiqamətlərini təqdim edib.

Konfransın davamında icma əsaslı fəaliyyətlərin reinteqrasiyada rolu haqqında məruzə AİİATRM-in icma inkişafı üzrə mütəxəssisi Gülanə Quliyeva tərəfindən təqdim olunub. Ardınca layihə benefisiarlarının iştirakı ilə reinteqrasiya təcrübələrinə dair uğur hekayələri səsləndirilib.

Yekun konfransda Böyük Qayıdış prosesində icma yönümlü yanaşmanın, sosial-iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın əhəmiyyətini bir daha önə çəkərək layihənin gələcək təşəbbüslər üçün mühüm təcrübə platforması olduğu təsdiqlənib.

XQ

Sosial həyat