Ata-babaları, ana-nənələri ötən əsrin 90-cı illərində erməni zülmündən baş götürüb əzəli yurd-yuvalarından didərgin düşdülər. Qışın qar-çovğununda Salavartı dağından, Laçın dolaylarından aşıb Azərbaycana pənah gətirdilər. Bir əsrdə neçənci dəfə qaçqınlıq həyatı yaşadılar. Haqdan, ədalətdən əllərini üzmədilər, sabaha ümidlə boylandılar, qundaqda gətirdikləri körpələri isə müqəddəs duyğularla – Vətənə, millətə sonsuz sevgilərlə böyütdülər, Qarabağ – torpaq, yurd uğrunda can fəda etməyin müqəddəsliyini anlatdılar: “Həqiqət yolunda, xalq yolunda, əqidə, əməl, məslək yolunda, Vətən uğurunda qurban gedənlər – şəhid olanlar nura-işığa, küləyə-fırtınaya, qara-yağışa dönüb ölməzliyə qovuşurlar!”
…Birinci və İkinci Qarabağ savaşlarında Qərbi Azərbaycanın Qarakilsə (Sisian) rayonundan 65 gənc döyüşə atılanda qorxmadı, ölümün gözünə dik baxdı, bununla da nə qədər mərd, qeyrətli olduğunu sübut etdi. Onların bu cəsarəti, bu fədakarlığı erməni qəsbkarlarının savaş meydanından qaçmalarına, fərariyə çevrilmələrinə səbəb oldu.
İndi belə oğulların uyuduğu məzarların önündən ötən ziyarətçilər qeybdən gələn kəlmələri eşidirlər: “Şəhid qəbirlərinin yanından gözüyaşlı keçməyin, qəhərinizi boğun, onlara böyük ehtiramla salam verin, az sonra ürəyinizin döyüntüsündə onların səslərini açıq-aydın eşidəcək, sözlərindən səksənəcəksiniz – biz ölməmişik, biz “qisas qiyamətə qalmaz” andına tapınıb əzəli-əbədi torpağımızı yağı tapdağından xilas etmişik, gözümüzün nurunu, işığını Yerə-Göyə verib, Günəşə tapşırıb, əbədiyyət yolçusuna çevrilmişik, əbədiyyət orbitində qeybə çəkilmişik”.
***
…Sumqayıtın Şəhidlər xiyabanında uyuyan gənclərin – Qarabağın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin ziyarətinə gələn qarakilsəlilər – şəhid valideynləri, onların doğmaları, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında ucaldılmış Qalib Əsgər abidəsini, burada dəfn olunmuş şəhidlərin məzarını ziyarət edir, abidə və şəhid məzarları önünə gül dəstələri qoyur, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anırlar.
Şair Əvəz Mahmud Lələdağ 27 Sentyabr Anım Günündə Sumqayıtın Şəhidlər xiyabanında bizimlə söhbətində tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, 44 gün ərzində təcavüzkar Ermənistanı təslim olmağa məcbur etməsinin xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu dedi. El ağsaqqalı daha sonra bu gün işğaldan azad edilən ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, doğma yurd yerlərimizə Böyük Qayıdışın uğurla həyata keçirildiyini bildirdi.
XQ