Türkay Nizami oğlu Hüseynli müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Hərbi xidmətini başa vurduqdan sonra isə elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq, 2012-ci ilin iyulunadək Vətənə borcunu yerinə yetirib.
O, zabit kimi xidmətini davam etdirmək arzusu ilə 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək leytenant hərbi rütbəsi alan Türkay Hüseynli zabit kimi qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. 2019-cu ilin fevralınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində çalışıb. Yüksək döyüş hazırlığı, nümunəvi və fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.
Türkay Hüseynli xidmət etdiyi dövrdə iki dəfə Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəblərində və Təlim Mərkəzi Komandanlığında gizir və zabit komandir kurslarında təhsil alıb. 2019-cu ilin iyulundan etibarən Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib.
Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov vaxtilə birgə xidmət etdiyi qrup komandirinin mərdliyi və qorxmazlığı haqqında bu gün də ağızdolusu danışır:
– 44 gün davam edən Vətən müharibəsində dəstəmizin 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də qrup komandiri kapitan Türkay Hüseynlidir. O, istər nəzəri, istərsə də keçirilən bütün praktiki məşğələlərdə ən fəal qrup komandirlərindən biri idi. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirir, şəxsi heyət üçün hər zaman nümunə göstərirdi. Gözündə heç zaman qorxu olmazdı. Elə döyüşə də gözünü qırpmadan atıldı. Onun qrupu döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi.
... 2020-ci il oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü oldu. Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini darmadağın etdi. Ermənilərin xeyli sayda canlı qüvvəsi, eləcə də 8 tankı və 1 topu sıradan çıxarıldı. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda gedən şiddətli döyüş zamanı erməni snayperinin açdığı atəş nəticəsində ağır yaralanan Türkay Hüseynli qəhrəmancasına şəhid oldu. Kapitan 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn edildi.
Azərbaycan Prezidentinin sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, eləcə də vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. O, həmçinin “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medallarına da layiq görülüb.
M.CƏFƏROV
XQ