“Zəfər yürüşü”nün igid tabor komandiri

post-img

Həmlə taboruna komandirlik edən kapitan Cavid Mahmudov öz əsgərləri ilə şanlı “Zəfər yürüşü”nə Füzuli rayonunun Əhmədbəyli kəndi istiqamətində əks-hücum əməliyyatlarına qoşulub. Oradakı erməni silahlı qüvvələri Azərbaycan taborunun qırımından qorxaraq itki verə-verə xeyli geri çəkiliblər. Sonra kapitan və əsgərləri daha ağır döyüşlərdə iştirak edib, yağıları torpaqlarımızdan qovublar. Hünərvər zabit döyüş meydanında şəhadətə ucalandan sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilib.

Biləsuvar yetirməsi olan əfsanəvi qəhrəman Mübariz İbrahimovun 2010-cu ildə dünyaya səs salan cəsurluğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini yenicə bitirmiş 21 yaşlı Cavidi də əməlli-başlı duyğulandırmışdı. Leytenant kimi Daşkəsəndə, sonra Tovuz, Göygöl və Abşeron rayonlarındakı hərbi hissələrdə qulluğu zamanı eloğlusu Mübarizin layiqli davamçısı olmağa çalışıb. Vətən qarşısında 10 illik qüsursuz xidmətləri ona bu illər ərzində bir çox təltiflər, mükafatlar, medallar gətirib. Ali Hərbi Məktəbin magistr pilləsini də bitirib. Hər dəfə doğma rayona gələndə Mübarizin möhtəşəm qranit heykəlini ziyarət edib, “Darıxma, qardaş, Qarabağı düşməndən təmizləyəcəyik” – deyib.

Nəhayət, o məqam yetişib. Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazilərimizin işğaldan azad edilməsi üçün başlanan Vətən müharibəsinə qəlbən sevinənlərdən olub. Başçılıq etdiyi həmlə taborunun əsgərlərinə “Yalnız irəli!” əmrini verən kapitan, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub. Füzuli rayonu istiqamətində 4 yüksəkliyi alıb və ermənilərin orada qurduğu istehkamları yararaq keçib. Cavid əks-hücum əməliyyatlarında alınan bütün yüksəkliklərə bayrağımızı özü sancıb. Oktyabrın 5-də həyata keçirilən həmlə zamanı çoxsaylı əsgərləri mühasirədən xilas edə bilib. Növbəti – 5-ci yüksəklikdə bayrağımızı ucaldarkən isə qəfil düşmən gülləsinə tuş gəlib və əbədiyyətə qovuşub.

Cavidin qardaşı Nəbi Mahmudovun dedikləri: “O, şəhid olandan sonra Füzuliyə getmişdim. Yarıb keçdiyi sədlər, istehkamlar mənə göstəriləndə hədsiz qürur hissi keçirdim. Özümdən asılı olmayaraq, qardaşıma və əsgərlərinə “afərin” söylədim. Çünki sədlərin hər biri elə möhkəm, elə keçilməz olubmuş ki, dəf eləmək hər adamın işi deyilmiş. Bir daha əmin oldum ki, mümkünsüzü qanları, canları bahasına mümkün edən oğulları olan Vətən basılmaz”.

İgid kapitanın döyüşlərdə göstərdiyi misilsiz rəşadət “Vətən Müharibəsi Qəhrəmanı”, həmçinin, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə rəğbətləndirilib. Bir qədər sonra isə Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə qəhrəmanın adı verilib.

Cavidin həm anası, həm də sinif müəllimi olan Nəsibə xanım onun toy karvanını görmək istəyirdi, ancaq qapılarına gələn şəhid karvanı oldu... Bir ildən bəri nişanlısının gözünü yolda qoyan tabor komandiri, kapitan Cavid Mahmudov noyabrda özünə toy edib, onunla ailə həyatı quracaqdı. Amma Vətən sevgisini hər şeydən uca tutdu. Nəsibə müəllim deyir ki, övlad itkisinə dözmək nə qədər ağır olsa da, Vətən borcunu şərəflə yerinə yetirdiyi üçün haqqımı ona halal etmişəm”.

Bəli, Cavidin uğrunda “uf” demədən canını qurban verib şəhid olduğu torpaqlarımız bu gün tam azaddır. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Cavidin ailəsi, dostları, tanışları təskinliyi onda tapırlar ki, bu tarixi zəfərdə onun da layiqli payı var.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat