2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Zəfər marafonunun 8-ci günü
– “Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!” Prezident, Ali Baş Komandan İlham Əliyev bu barədə özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib.
– Prezident İlham Əliyev xalqa müraciət edib: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”
– Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı deyib: “Hadisələrin nəzarətdən çıxdığını düşünmürəm, vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır. Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq. Bizə müharibə lazım deyil.
Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik”.
– Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində paylaşım edib. Paylaşımda qeyd edilib:”Bu gün Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”
– Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 4-də Birlik komandirlərini – general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı onlara tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusların bütün şəxsi heyətinə çatdırsınlar. Mayis Bərxudarov və Hikmət Mirzəyev Ali Baş Komandana öz təşəkkürlərini bildirib, Prezidenti əmin ediblər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.
– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”
– Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır.
– Müdafiə Nazirliyinin məlumatına görə, əks-hücum əməliyyatları çərçivəsində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad olunub. Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Düşmənin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Həmin alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Mustafa KAMAL
XQ