İgid gizirin döyüş yolu

post-img

Şəhid gizir Elməddin Alxaslı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. O, əsgərlik vaxtı sərrast atıcı olması ilə fərqlənib. Döyüş yolu Cəbrayıl, Füzuli istiqamətindən başlayan qəhrəman kəşfiyyatçı daha sonra Suqovuşanın azad olunması uğrunda əməliyyatlarda iştirak edib. Adı çəkilən yaşayış məntəqəsi uğrunda gedən döyülərdə şəhid olub. Atası Rəsul Alxasov deyir:

– Müharibə xəbərini eşidən kimi, oğluma zəng etdim. Telefonu açmaması narahatlığımı  daha da artırdı... Şəhid olduqdan sonra bilmişəm ki, oğlum kəşfiyyatçı olub. Sən demə, üzü maskalanmış şəkillərini məndən gizlədirmiş.  Tərbiyəli, əxlaqlı idi. Bir dəfə də olsun dilindən kobud bir söz eşitmədim, mehriban və qayğıkeşliyi ilə hamının diqqətini çəkirdi. Bir sözlə, bütün kəndin sevimlisi idi. Yeganə təsəllim odur ki, canını müqəddəs  bir amal uğrunda fəda edib...

Əsli ana isə danışır ki, oğlu evlənməyə tələsməyib. Şəhid olacağını bəlkə də, duyurmuş. Bu səbəbdən də ailə qurmağı, gözünün arxada qalmasını istəmirmiş... Neçə-neçə oğullarımız canını bu torpağa qurban verdi. Oğlum deyirdi ki, onlardan artıq deyiləm, hər şey ola bilər... Əsgərlikdə Murovda xidmət etdi. Sonra öz istəyi ilə hərbi hissədə işləməyə başladı. Müqaviləsi başa çatanda dedim ki, bəlkə, başqa sahədə çalışasan? Amma razı olmadı. Aprel döyüşlərindən sonra yenidən xidmətə qayıtdı. Sentyabrın 27-də bacısına zəng edib deyib ki, müharibə başlayıb, döyüşürük. Şəhid olsam, anamdan muğayat ol...

Müharibə günlərində evlə əlaqə saxlayan Elməddin düşmən cəbhəsini yararaq irəlilədiklərini bildirib. Şiddətli döyüşlərin getdiyini söyləyən gizir ailəsinə hər cür xəbərə hazır olmağı tapşırıb. 

Elməddin Alxasov 2020-ci il oktyabrın 2-də doğulub boya-başa çatdığı Xaçmazın Qaradağ Buduq kənd qəbiristanlığında dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə qəhrəman döyüşçü ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz unudulmur, daim yad edilir. Elməddin də ölkəmizin ərazi bütövlüyünün təmin ­olunması, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canını fəda edib.  

M.CƏFƏROV 
XQ

 

Sosial həyat