Baş leytenant Ağaqardaş İlham oğlu Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında dil və ədəbiyyat ixtisası üzrə təhsil alıb.
Gənc zabit Cəlilabad rayonunda, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsinin ilk günündən isə ön cəbhəyə yollanan baş leytenant ağır döyüşlərdə iştirak edib. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı ayağından qəlpə yarası alan Ağaqardaş döyüş meydanından geri çəkilməyib. Özü yaralı olduğu halda digər yaralı əsgər və zabitləri də döyüş meydanından çıxarmağa cəhd göstərib.
Füzulidə cəbhəni yaran, düşmənin möhkəmləndirilmiş müdafiə səddini keçən, işğalçının ən çətin postunu birinci alan həmlə briqadasının sıralarında döyüşən Ağaqardaş Abbasov ikinci müdafiə xəttinə çatanda şəhidlik zirvəsinə yüksəlib. Doğma kəndində dəfn olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Oxuduğu Hüseynxanlı kənd ümumi orta məktəbində təlim-tərbiyə nəticələri yüksək olan IX sinif baş leytenant Ağaqardaş Abbasovun adını daşıyır. Təhsil müəssisəsində igid şəhidimizin adına “Qürur guşəsi” də yaradılıb.
Qeyd edək ki, 5 il övlad həsrəti çəkən şəhidimiz ölümündən bir neçə ay sonra ata olub. Özünün istəyi ilə qızına İlknur adı verilib. Şəhidin atası İlham Abbasov deyir:
– Oğlumun ömrü də qardaşım kimi yarımçıq qaldı. İndi məzarlıqda biri atamın sağında, o biri də solunda uyuyur. Balam çox vətənpərvər idi. Hərbçi yoldaşları söyləyirdilər ki, müharibə xəbərini eşidəndə “torpaqlarımızı düşmən tapdağından xilas edəcəyik” deyib... Bizim kənddə 11 illik orta məktəb olmadığından uşaqlar doqquzuncu sinfi bitirdikdən sonra qonşu kəndə gedirdilər. Mən təsərrüfatla məşğul olurdum.
Bir gün Pərviz müəllim dedi ki, bu uşaq çox savadlıdır, niyə qoymursan təhsilini davam etdirsin? Məcbur olub razılaşdım, uşağı oxumağa yolladım. Oğlumu o səviyyəyə, o savada Pərviz müəllimlə atası Cəmil müəllim çatdırdılar. Onların sayəsində ali məktəbə – Müəllimlər İnstitutuna qəbul oldu. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollandı.
Anası Dilbər xanım söhbət zamanı bildirir:
– Ağaqardaş ailənin üzünü ağ edib, düşmən qarşısından geri çəkilməyib. Vətən müharibəsi başlanan gündən şücaətlə vuruşub. Onun haqqında danışmaq mənim üçün çox çətindir... Oğlum qürurla yaşadı, şəhid oldu. Şəhidlərimizin qisası alındı. Vətən sağ olsun.
İndi şəhid atası və anasının ümid yeri, təsəllisi oğlunun yadigarı İlknurdur. Onunla nəfəs alırlar. İlknurun 5 yaşının tamam olmasına bir neçə ay qalır. Hələ atasının torpaqlarımız uğrunda şəhid olmasından xəbərsizdir. Böyüyəndə fəxrlə deyəcək ki, mən qəhrəman şəhid qızıyam.
M.MÜŞFİQ
XQ