Elbrus Bayramov Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman hərbi qulluqçudur.
Beyləqanın Milabad qəsəbəsində dünyaya göz açan Elbrus uşaq yaşlarından Qarabağın başına gətirilən müsibətlər barədə böyüklərin söhbətlərinin şahidi olub. Ağlı kəsəndən hərbçi olmağı, əzəli və əbədi torpaqlarımızı yağıların cəngindən almağı arzulayıb. Elə bu istəyinin arxasınca düşərək, Bakıya yollanıb. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Atəşkəs illərində qüsursuz xidməti ilə tanınıb.
Məlum Aprel döyüşləri başlananda o, artıq 7 il idi ki, şərəfli zabit peşəsində Vətənə xidmət edirdi. Ermənilərin yalvar-yaxarla nail olduqları atəşkəsə qədər 4 gün ərzində onlara ibrət dərsinin verilməsində yaxından iştirak elədi. Atışmalar zamanı ətrafa yayılan barıt qoxusu, silahla davranmağı, qorxmadan, dik ölümün gözünə baxa bilməyi öyrətdiyi əsgərlərinin qeyrət nümunələri, xüsusilə də silahlı separatçıların “Vay mame!” qışqıraraq döyüş mövqeyini qoyub qaçması hünərvər zabiti böyük qələbəyə daha da ruhlandırdı.
Azərbaycan Ordusunun mayoru olan Elbrus Bayramov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi və ərazi bütövlüyümüzün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Füzulidə gedən döyüşlərdə fərqlənib. Şəhadətə qovuşduğu 2 oktyabr tarixinədək ötən bir həftə ərzində adını Zəfər tariximizə qızılı hərflərlə yazdıra bilib.
Davanın ilk günlərində öz bölüyü ilə növbəti döyüş tapşırığı üzrə irəliləyən mayor Bayramov idarə etdiyi tankla minaya düşüb, yaralanmasına baxmayaraq, geri çəkilmir, ermənilərin silah dolu maşınını və 30-dan çox canlı qüvvəsini məhv edir. Oktyabrın 1-də isə düşmənin o istiqamətdə bütün döyüş, rabitə və tibb heyəti darmadağın olunur. Strateji yüksəkliklər Azərbaycan döyüşçülərinin əlinə keçir. Elbrus Bayramov və əsgərləri canları, qanları bahasına qazandıqları mövqeləri əldən vermirlər. Yaralı-yaralı vuruşan mayorun ağrı-acısı yadına da düşmür. Ona belə bir qəti qənaət hakim idi ki, tezliklə Qarabağ torpaqları yağılardan geri alınmalı, haqq müharibəmiz qələbə ilə başa çatmalıdır. Müzəffər Ali Baş Komandanımız da məhz belə əmr vermişdi, xalqımız da məhz həmin əzmdə, əhvali-ruhiyyədə idi.
Ertəsi gün igid mayora Füzuli ətrafında – Qərvənd istiqamətində düşmən bunkerinə hücum əmri verilir. Ermənilərin əsas canlı qüvvəsi orada cəmləşmişdi. Elbrusun hərbçi yoldaşları deyir ki, o, həmin gün şəxsi heyəti ilə mühasirəyə düşmüş taborun köməyinə yetişib və darda qalan hərbçiləri çətin mövqedən çıxara bilib. Elə həmin anda qorxmaz mayor sığınacaqdan erməni zirehli tankının bizim döyüşçülərin üstünə gəldiyini görür. Anlayır ki, onu dayandırmasalar, mövqeləri ələ keçiriləcək və çoxlu itki verəcəklər. Bu vaxt düşmən mövqelərimizi fasiləsiz atəşə tutur.
Elbrus zabit yoldaşını əsgərlərin yanına göndərir. Sağ cinahdakılara təhlükə barədə xəbər verir. Götürdüyü əl qumbarası ilə onların üzərinə gələn tankın qarşısına çıxır. Tanka çathaçatda snayperlə ayağından vurulsa da, özündə güc toplayıb yenə irəli atılır. Elbrus tankın lüləsindən qumbaranı içəri tullayır. Heyəti və tankı məhv edir. Beləliklə, mayor Bayramov yüzdən çox əsgər və zabitimizi düşmənin hiyləgər hücumundan qurtarır, ordumuzun irəliləməsinə şərait yaradır. Özü isə son dəfə gözü ilə göylərin şəklini çəkir...
Şəhadətə ucalan igid Vətən oğlu 2 gün sonra Beyləqan rayonunun Milabad qəsəbəsində dəfn olunub. Elbrus Eyvaz oğlu Bayramov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin, “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Beyləqan Şəhəri Təbiət və Humanitar Fənlər Təmayüllü Liseyə onun adı verilib.
Şəhid mayorun 2 övladı Vətənə əmanət qalıb.
Ə.DOSTƏLİ
XQ