“Vətən, sənə canım fəda!”

post-img

Azər Abdullazadə hərbçilər arasında ali dövlət təltifinə layiq görülmüş ən gənc soydaşımızdır. İkinci Qarabağ müharibəsində cəmi 2 həftə iştirak edərək misilsiz igidlik nümunəsi göstərib və bir gözünü Vətən yolunda qurban verib.

Qazi olması ilə fəxr edən Azər xalqımızın, o cümlədən nəslinin, soyunun qəhrəmanlıq ənənələrinin davamçısıdır. Birinci Qarabağ müharibəsində əmisi – leytenant Natiq Abdullayev Ağdərə istiqamətində  şəhid olub. Atası Rizvan Abdullayev tankçı olub, 1-ci qrup əlildir. Digər əmisi Elçin Abdullayev tibb xidməti polkovnikidir. Azər özü isə hərbçi qardaşı Yaqubla və yeznələri ilə bərabər Vətən müharibəsində döyüşlərə atılıb və hünər tariximizdə iz qoyub. Zəfər yürüşündə rəşadətinə görə rəsmən Qəhrəman adına layiq görülmüş əsgər rütbəli 3 gəncdən biridir.

Məlum Aprel döyüşləri zamanı Azərin 15 yaşı vardı. Oxuduğu məlumatlar, eşitdiyi söhbətlər onu qanadlandırır, qisas hissini daha da gücləndirirdi. 2019-cu ilin aprelində can-başla həqiqi hərbi xidmətə yollanıb. Quru Qoşunlarında tank heyətinin tuşlayıcısı olub. Əsgərliyinin bitməsinə bir neçə gün qalmış Qarabağ cəbhəsində ermənilərin növbəti silahlı təxribatına cavab olaraq Milli Ordumuzun genişmiqyaslı əks-hücum tədbirlərinə start verilib. Öndə gedənlərin sırasına qoşulan əsgər Azər Abdullazadə əvvəlcə işğal altındakı Füzuli və Cəbrayılın azad olunması uğrunda döyüşlərdə cəsurluq nümunəsi göstərib. Üzvü olduğu tankçılar heyəti ilə verilən koordinatlar, xəritələrlə irəliləyərək düşmənə məxsus  çox sayda hədəfi sıradan çıxarıb, işğalçıların xeyli canlı qüvvəsini, sığınacaqlarını və zirehli texnikasını məhv edib. Bəzən qarşılarına çıxan düşmən piyadalarını isə tankın üzərində quraşdırılmış 7,62 millimetrlik pulemyotun atəşləri ilə aradan götürüb. 

İlk dəfə sentyabrın 30-da Füzulinin Alxanlı kəndi istiqamətində döyüş zamanı yaralansa da hospitalda bircə gün qalıb və təkidlə ön xəttə – silahdaşlarının yanına qayıda bilib. Bu barədə onun dedikləri: “Oktyabrın 3-dən sonra Cəbrayıl istiqamətində döyüşlərə qoşuldum. Orada düşmənin hərbi texnikalarını məhv etdik  və qənimətlər götürdük. Mən 1 tank, 1 KAMAZ və 2 UAZ-ı dəqiq vurdum. 25 erməni hərbçisini cəhənnəmə vasil etdik. Hər kəs ruh yüksəkliyi ilə döyüşürdü. Biz hədəfləri dəqiq vura-vura irəlilədikcə daha da həvəslənirdik, yalnız qabağa getməyə çalışırdıq. Şükürbəyli kəndinin yaxınlığında mövqe tutduq. Oradan düz yol Cəbrayıl şəhərinə gedirdi, sola burulan yol isə Zəngilan və Qubadlıya aparırdı. Hər iki tərəfdə gedən döyüşlər zamanı düşmənə sarsıdıcı zərbələr vurduq”.

Amma oktyabrın 11-də Cəbrayılın Hacılı kəndi istiqamətində Azərgilin tankı qarşı tərəfin atəşindən yayına bilməyib. Komandiri həlak olub. O isə 2-ci dəfə, özü də daha ağır yaralanıb. Yanan tankın içərisində gizlənərək qapağını örtüb ki, əsir düşməsin. Onu nisbətən yüngül yara almış sürücü-mexanik dostu tankdan çıxarıb. Əhmədbəylidəki hospitalda Azərin ilkin cərrahi əməliyyatını öz əmisi – tibb xidməti polkovniki Elçin Abdullayev edib. Vəziyyəti ağır olduğu üçün sonra Bakı hospitalına göndərilib. Gözünün birini itirmiş Azərin bədənindən çoxlu mərmi qəlpəsi çıxarılıb, digər gözü kor olmaqdan xilas edilib. 4 gün komada qalıb, 7 dəfə əməliyyat olunub. Elə Qələbə xəbərini də hospitalda uzunmüddətli müalicə aldığı zaman tibb bacısından alıb. Daha 1 ay sonra isə Prezidentin müvafiq sərəncamı ilə Azər Abdullazadə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Döyüş medalları da var.

Bu da onun sözləridir: “Vətən müharibəsində bir gözümü itirmişəm. Əgər ölkəmizin ərazi bütövlüyü uğrunda hər hansı bir döyüş olarsa, digər gözümü də, canımı da bu Vətənə qurban verməyə hazıram”.

Azərin sidq-ürəklə dedikləri sövq-təbii olaraq qarşımdakı vərəqdə bu cür misralandı:

Düşüncə atəşə, oda,
Mən çox görmüşəm qan-qada.
Hazıram uğrunda ölüm,  
Vətən, sənə canım fəda”. 

Əli NƏCƏFXANLI 
XQ

 

Sosial həyat