Türk dünyasının ilk özünüdərk məclisi

post-img

I Türkoloji Qurultay – 100

Sentyabrın 30-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Dünəndən bu günə Birinci Türkoloji Qurultay: ümumtürk humanitar elmi fikrinin 100 ili və perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Əvvəlcə konfrans iştirakçıları AMEA-da Türk dünyasına dair aparılan tədqiqatları əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli mərasimi açaraq Birinci Türkoloji Qurultayın 1926-cı ilin 26 fevral – 6 mart tarixlərində Bakı şəhərində baş tutduğunu bildirib. Birinci Türkoloji Qurultayın türk xalqlarının milli oyanış tarixində və özünüdərkində mühüm rol oynadığını deyən akademik SSRİ rəhbərliyinin türk xalqlarının birlik və həmrəyliyindən, milli oyanışından çəkinərək türkologiyanı məqsədyönlü şəkildə yalnız dilçilik hadisəsi kimi qələmə verdiyini, sovet dövründə Bakı Dövlət Universiteti türkologiya kafedrasının, eləcə də AMEA-nın Dilçilik və Şərqşünaslıq institutlarının sadəcə türk dillərini öyrəndiyini vurğulayıb.

Ümumilikdə, Birinci Türkoloji Qurultayın ideyalarının bütün qadağalara baxmayaraq unutdurula bilmədiyini deyən İsa Həbibbəyli qurultayın milli düşüncənin, ümumtürk həmrəyliyinin təməllərini atdığını diqqətə çatdırıb. Qurultayın 100 il öncə təqdim etdiyi ideyaların bu gün Türk Dövlətləri Təşkilatının timsalında gerçəkləşməkdə olduğunu deyən natiq təşkilatın başlıca hədəfləri sırasında türk xalqlarının birliyi və həmrəyliyinin dayandığını söyləyib.

Prezident İlham Əliyevin prioritet elan etdiyi siyasətə uyğun olaraq AMEA-da müvafiq addımların atıldığını deyən qurumun rəhbəri akademiyanın bir çox müəssisələrində Türk dünyasının tarixini, ədəbiyyatını, folklorunu, dilini, musiqisini, arxeologiyasını, fəlsəfəsini öyrənən şöbələrin fəaliyyət göstərdiyini, Türk dünyasının akademik elmi və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu və genişləndirilməkdə olduğunu söyləyib.

Birinci Türkoloji Qurultayın irsinin akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova kimi tədqiqatçılarımız tərəfindən sanballı tədqiqata cəlb olunduğunu deyən İsa Həbibbəyli, həmçinin bu istiqamətdə dissertasiyaların və monoqrafiyaların da yazılmasının vacibliyinə toxunub.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə AMEA-nın Rəyasət Heyəti tərəfindən qərar qəbul olunduğunu, bugünkü konfransla qurultayın yubiley tədbirlərinə başlanıldığını deyib. Bildirib ki, ölkəmizdə türk xalqları ilə bağlı aparılan tədqiqatlar gələcəkdə AMEA-da Türkologiya İnstitutunun yaradılması zərurətini meydana qoyur və zaman buna doğru gedir.

Açılış nitqindən sonra Birinci Türkoloji Qurultayın iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Birinci Türkoloji Qurultaydan bəhs edən videoçarx nümayiş olunub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın təbrik məktubu səsləndirilib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Türk Dil Qurumunun prezidenti, professor Osman Mert, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli və Azərbaycan Dillər Universitetinin məsləhətçi–professoru Adil Babayev, AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy Birinci Türkoloji Qurultayın türk xalqlarının ictimai fikrində və mədəni inkişafındakı roluna toxunublar.

Qabil YUSİFOĞLU
XQ



Sosial həyat