Sentyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan təlimin əsas məqsədi gender bərabərliyi və ayrı-seçkilik mövzularında media əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir.
XQ xəbər verir ki, təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçıları salamlayaraq, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edib. Sədr müavini Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə iştirakçılara ətraflı məlumat verib.
Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət çəkən S. Qəhrəmanova vurğulayıb ki, xüsusilə media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və ayrı-seçkilik kimi mövzularda daha məlumatlı və həssas yanaşma sərgiləmələri mühüm əhəmiyyət daşıyır.
Daha sonra təlimçi, gender eksperti Məryəm Məcidova iştirakçılara gender bərabərliyinin əsas anlayışları, gender əsaslı zorakılıq, Azərbaycanda gender-əsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlarla çıxış edib. O, həmçinin gender bərabərliyinin təşviqində medianın rolu və genderə həssas jurnalistikanın üstünlükləri barədə danışıb.
İnteraktiv müzakirələrlə davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.