Azərbaycan Milli Müdafiə Universitetinin dəstəyi, Respublika Qan Bankı və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi İnstitutda növbəti könüllü qanvermə aksiyası təşkil olunub.
Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi hissədə çıxış edən Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Silahlı Qüvvələrimizin keçdiyi şərəfli yoldan, Heydər Əliyev adına Hərbi İnstitutun yetişdirdiyi qəhrəman zabitlərdən söz açaraq, keçirilən qanvermə aksiyasının humanitar və mənəvi əhəmiyyətindən bəhs edib.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul çıxışında qan donorluğu mədəniyyətinin təbliği, irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə göstərilən dövlət qayğısı və bu missiyada hərbi qulluqçuların xüsusi rolunu vurğulayıb. O, donor adını qazanan bütün zabit və kursantlara, eləcə də tədbirin təşkilinə xüsusi diqqət ayıran Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülova dərin təşəkkürünü bildirib.
Tədbirdə digər çıxış edənlər – iki şəhid bacısı və həkim, Qan Donorluğunun İnkişafı Mərkəzinin sədr müavini Məhəbbət Paşayeva, şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov və Qan Donorluğunun İnkişafı Mərkəzinin icraçı direktoru Kamil Hüseynov da öz təəssüratlarını bölüşüblər.
Qanvermə aksiyasından sonra isə iştirakçılar üçün mənalı və duyğulu bir konsert proqramı təqdim olunub. Konsertdə Xalq artisti, Mərkəzin fəxri üzvüləri Teyyub Aslanov, Əməkdar artist Səlim Abbasov, şəhidlərə həsr olunmuş yüzlərlə mahnının müəllifi bəstəkar Ruslan Səfəroğlu, gənc ifaçılar Aytac Süleymanlı, Rəvan Qarayev, Xalq Ulduzu layihəsinin qalibi Anar Nəbiyev və eşitmə və danışma məhdudiyyətli şəxslərdən ibarət “Danışan Mələklər” qrupu səhnəyə çıxıblar.
Bir qrup donorlara və fəxri iştirakçılara AQDİM- nin rəsmi tərəfdaşı olan Sağlam Ailə Tibb Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub.
Tədbir “Sarı Gəlin” rəqs qrupunun rəqs nömrəsi ilə yekunlaşıb və iştirakçılarda xoş təəssüratlar yaradıb.