Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans öz işinə başlayıb

post-img

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qusarda “Dini maarifçilik işinin təşkili: ənənə və müasirliyin vəhdəti” mövzusunda regional konfrans öz işinə başlayıb.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Regional konfrans çərçivəsində 15 iyun Milli Qurtuluş Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizdə milli-mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. Bildirib ki, Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı tolerant mühit ən dəyərli sərvətlərimizdəndir. Azərbaycanın multikulturalizm ənənələri öz zənginliyi ilə bu gün bütün dünya ölkələrinin, beynəlxalq qurumların, ictimaiyyətin diqqətini özünə cəlb edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, Azərbaycan nadir ölkələrdəndir ki, qlobal proseslərə ayaqlaşaraq, öz milli kimliyini qorumağın ən yaxşı modellərindən birini yaratmağa müvəffəq olub. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qurduğu bu model müstəqil Azərbaycanın inkişaf strategiyasının əsas sütunlarından birini təşkil edir. Bir neçə gün öncə qeyd etdiyimiz 15 iyun Milli Qurtuluş Gününün tariximizdəki müstəsna yeri məhz böyük bir imperiyanın süqutundan sonrakı  ziddiyyətli və mürəkkəb bir dövrdə özümüzə məxsus, adətlərimizə, ənənələrimizə, milli dəyərlərimizə uyğun yeni bir dövlətçilik modeli yaratmağımızla bağlıdır.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasətin əsas məqsədinin dini ənənələrimizi, milli adətlərimizi, dəyərlərimizi qorumaqla bərabər, həm də başqa mədəniyyətlərə hörmət hissini cəmiyyətin hər bir fərdinə aşılamaq olduğunu qeyd edib.

Ramin Məmmədov konfransın mövzusunun əhəmiyyətinə toxunaraq,  ənənələri qorumaqla müasir dünyanın reallıqları ilə uyğunlaşmaq arasında mövcud sərhədləri dəqiq müəyyən etmək üçün cəmiyyətimizin daha çox maariflənməyə ehtiyacı olduğunu deyib. Vurğulayıb ki, bu məsələ həm də ona görə aktualdır ki, Azərbaycan multikultural həyat tərzi, tolerantlıq ənənələləri ilə bütün dünyaya ünvanlanmış sülh və birgəyaşayış mesajı verir. Bu gün dünyanın bu cür mesajlara bəlkə də heç vaxt olmadığı qədər böyük ehtiyacı var. Ona görə də biz din xadimlərimizdən bir çox məsələlərin həllində fəallıq, təşəbbüskarlıq gözləyirik.

Milli Məclisin deputatı Anatoliy Rafailov diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri də multikulturalizm, xalqlar və dinlər arasında dostluq və qardaşlıqdır. Azərbaycanda müxtəlif millətlərə, dinlərə məxsus vətəndaşlar üçün hər cür şərait yaradılıb. Bu ölkədə yaşayan müxtəlif millətlər, azsaylı xalqlar müqəddəs saydıqları ocaqlarda dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər, öz ana dillərində təhsil alırlar.  Dünyanın çox az yerində belə bir mənzərə ilə qarşılaşmaq mümkündür.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikultural dəyərlərin inkişafına verdiyi dəstəyin tarixi hələ Sovet İttifaqı dövrünə təsadüf edir. Həmin dövrdə Azərbaycanda yaşayan xalqların öz milli-mədəni ənənələrinin qoruması və inkişaf etdirilməsi üçün mühüm addımlar atılırdı. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra yenidən vüsət aldı. A.Badamov qeyd edib ki, ölkəmizdəki dini dözümlülük, tolerantlıq mühiti Ümummilli Liderimizin müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənib, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib.

Regional konfrans işini panel iclasları ilə davam etdirir.

















Sosial həyat