Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

post-img

Ölkəmizdə son illər aparılan sosial islahatlar, Bakıda ən yüksək səviyyədə keçirilən COP29-un uğurları, işğaldan azad edilmiş ərazilərimizdə layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallığın təminatı işləri barədə sessiya iştirakçılarına məlumat verilib.

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 113-cü sessiyası keçirilir.

Sessiyada çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev BƏT-in Baş direktoru cənab Jilber Hunqbonun sessiyanın açılışında etdiyi məruzənin əhəmiyyətini qeyd edib. Bu məruzənin süni intellektin inkişafı və ekoloji təhlükəsizlik kimi çağırışlar fonunda əmək sferasında baş verə biləcək dəyişikliklərə praqmatik yanaşmanın formalaşdırılmasına yeni  imkanlar yaratdığını vurğulayıb.

Nazir bildirib ki, regional və qlobal səviyyədə baş verən siyasi və iqtisadi proseslərin mənfi təsirinə baxmayaraq, Azərbaycanda əhalinin sosial rifahının yüksəldilməsi ölkədə həyata keçirilən güclü sosial dövlət konsepsiyasının əsasını təşkil edir. Son illər ölkəmizdə 4 milyon vətəndaşı əhatə edən 5 böyük sosial islahat paketi icra olunub, minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə artırılıb. Orta aylıq pensiya və orta aylıq əməkhaqqında da əhəmiyyətli artımlar baş verib, müavinət və təqaüdlərə ayrılan vəsaitin həcmi 5 dəfə artırılıb.

Anar Əliyev Azərbaycanın 2019–2030-cu illər üzrə Məşğulluq Strategiyasının nailiyyətlərini, aktiv məşğulluq tədbirlərinin genişləndirildiyini, məşğulluq xidmətlərinin yeni modelinin tətbiq edildiyini diqqətə çatdırıb. O, DOST konsepsiyasının üstünlükləri və uğurları barədə məlumat verib.  Nazirliyin 159 xidmətindən 150-dən çoxunun tam elektronlaşdırıldığını, onlardan 60 xidmətin proaktiv təqdim olunduğunu, Nazirlik üzrə elektronlaşma səviyyəsinin 95 faiz təşkil etdiyini bildirib. Ölkəmizdə sosial islahatlar prosesində sosial tərəfdaşların fəal iştirakını vurğulayan Anar Əliyev bu sahədə qəbul edilən qərarların BƏT-in tripartizm prinsipi əsasında qiymətləndirilərək həyata keçirildiyini qeyd edib.

Bildirib ki, bu il aprelin 14-də BƏT-in Baş direktoru cənab Jilber Hunqbonun ölkəmizə səfəri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü ölkəmizin əmək və məşğulluq sahəsində beynəlxalq əməkdaşlığının yüksək səviyyəsinin təzahürüdür. Azərbaycan Hökuməti ilə BƏT arasında davamlı olaraq iki Layiqli Əmək üzrə Ölkə Proqramı uğurla icra olunub. Əminik ki, növbəti  Proqram da tezliklə imzalanaraq əmək sferasında yeni çağırışlara birgə cavab verməyə xidmət edəcək.

Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq İnsan İnkişafını gücləndirməyə sadiq olduğunu qeyd edən nazir ötən il Bakıda ən yüksək səviyyədə təşkil edilən COP29-da qlobal iqlim gündəliyi ilə bağlı mühüm qərarların qəbul edildiyini, COP29-un böyük uğurlara imza ataraq tarixə “Bakı sıçrayışı” kimi daxil olduğunu qeyd edib.

İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış Proqramının uğurlu icrasını vurğulayan Anar Əliyev bildirib ki, bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, layiqli məskunlaşma, məşğulluq və iqtisadi fəallıq təmin edilir.

Nazir dünyada layiqli əmək əsasında sosial ədalətə nail olmaq məqsədilə keçirilən bu konfransa uğurlar arzulayıb.



Sosial həyat