ATİAHİ Respublika Komitəsinin, Nizami rayon komitəsinin təşəbbüsü və 210 saylı tam orta məktəbin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir. Dövlət himninin və şəhidlərimizin xatirəsini yad etməklə başlanan tədbiri 210 nömrəli tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva açaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə və Nizami rayon komitəsinə bu nəcib təşəbbüsə görə təşəkkür etdi.
ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirdə iştirak edən fidanların timsalında gələcəyimizin inciləri olan bütün uşaqları təbrik etdi. Komitə sədri uşaqların göstərdikləri səhnəcik və personajları gözəl canlandırdıqları üçün onların müəllim və valideyinlərinə təşəkkürünü bildirdi.
Natiq qeyd etdi ki, ölkəmizdə uşaqlara dövlət qayğısının gücləndirilməsi istiqamətində fəal işlər aparılıb və bu proses uğurla davam edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi kimi mənfi tendensiyalara qarşı dövlətimiz mübarizə aparır.
Sübut Əsədov bildirdi ki, uşaqlara qayğı və onların hüquqlarını müdafiə etmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Uşaq hüquqlarının qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması və görülmüş qabaqlayıcı tədbirlər onun göstəricisidir ki, Azərbaycan uşaq hüquqlarının qorunması ilə bağlı öhdəliklərə sadiqdir.
Uşaqlar bizim gələcəyimizdir şüarı altında ATİAHİ Respublika Komitəsinin çoxsaylı layihələrindən danışan Sübut Əsədov ilk növbədə şəhid və qazi ailələrinin övladları üçün yay və qış geyimləri, məktəb ləvazimatları ilə təmin olunmasını söylədi və bildirdi ki, ATİAHİ Respublika Komitəsi tərəfindən istedadlı gənclərin aşkara çıxarılması üçün sistemli şəkildə tədbirlər həyata keçirilir.
Tədbirin sonunda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayevin adından tədbirdə iştirak edən bütün uşaqlara qiymətli hədiyyələr təqdim olundu.