Akademik Muxtar Kazım oğlu İmanovla tanışlığım keçən əsrin 70-ci illərinin sonlarına düşür. Biz tələbəliyə təzəcə başlayında, 1977-ci ildə o, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirmiş, Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimliyindən sonra Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdu. Universitetin 3 saylı tələbə yataqxanasına, bibisi oğlu Əliyə tez-tez baş çəkməyə gələrdi və maraqlıdır ki, onun hər dəfə mərhum Kamran Əliyevlə bu gəlişini qohumu Əlidən çox biz tələbələr gözləyərdik. Balaca və kasıb bir tələbə süfrəsü ətrafındakı səmimi söhbətlərin dadı-duzu heç vaxt unudulmadığı kimi təəsüratları da harada olub-olmamağımızdan asılı olmayaraq ömürlük yoldaş oldu. Hətta çox sonralar rəhmətlik Kamran müəllim elmlər doktoru, professor olanda belə Muxtar müəllimlə keçirdiyi tələbəlik illərinin təsüratlardan ayrıla bilməyərək yazırdı: “Tələbəliyimiz gözlərim qarşısından bir kino lenti kimi keçir. Bəlkə, bir az kasıb yaşamışıq, bəlkə atamızın göndərdiyi cibxərcliyi ayın bu başından o başına güclə yetib, amma qəribədir ki, həmin dövrün mənə və ona aid kasıblığı yaddaşımda iz salmayıb”. Doğrudan da tələbəlik illərinin kasıblığını heç birimiz həyatımıza ağrı-açı kimi yazmadıq. Üstəlik ruhu şad olsun, Kamran müəllimin sözünə qüvvət, o “kasıb illəri” taleyimizin ən xoşbəxt günləri bildik.
İndi az qala 50 il sonra bu təəsüratlara qayıtmağımın da səbəbgarı kimi Muxtar müəllimin heç də “kasıb” olmayan həyat və yaradıçılığına 70 yaşının pəncərəsindən baxmağım oldu. Bu illərin böyük uğur və təntənəsi ilə yanaşı çox ağır itkilərimiz də oldu. Ən əziz insanları-valideyinləri, qardaş-bacıları, dostları və daha əziz olanları itirdikcə dolu ürəklərimiz boşaldı, boş yuvaya döndü. Amma həyatda qazandıqlarımız hamımızı çox ağır imtahanlardan sonra da böyük uğurlar üçün səslədi: müstəqilliyimizi, Böyük qələbəni gördük, süverən Azərbaycanın vətandaşları olduq...
İndi 70 yaşlı, içi sevgi dolu bir nurani insanla (bəlkə də 50 il əvvəl olsaydı nirani qaça yazardım) üzbə-üz olmağın ləzzəti, onun həyat dastanını (folklorşünas haqqında ancaq belə deyilə bilər) vərəqləmək isə bambaşqadır. 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olan Muxtar İmanov universiteti bitirdikdən sonra, aspiranturada təhsilini davam etdirmiş, namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, dosent, professor elmi adlarına yiyələnmiş, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir.
70 illik şərəfli ömün çox qısa tarixcəsi bu olsa da onun təkcə hər ilində yox, həm də hər günündə zəngin bir ömrün fəaliyyəti yaşayır. Aspirantura təhsilindən sonra, 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur.
2001-2003-cü illərdə AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində böyük elmi işçı, Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən 2024-cü ilədək AMEA Folklor İnstitutunun direktoru olmuşdur. 2024-cü ilin iyun ayından etibarən əmək fəaliyyəti büsbütün Azərbaycan Dilər Universiteti ilə bağlamış, hazırda da universitetdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir.
Muxtar müəllim 2011-ci ildən 2024-cü ilədək “Folklorşünaslıq” ixtisası üzrə Dissertasiya Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədri olmuşdur. 2011-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki TQDK) Ədəbiyyat fənni üzrə Elmi-metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmiş, 2017-ci ildən 2023-cü ilədək şuranın sədri kimi çalışmışdır.
Muxtar müəllim ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı əsərlərin müəllifidir. Onun Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklor və yazılı ədəbiyyat əlaqələri ilə bağlı mübahisəli məsələlərin araşdırılmasına, şifahi və yazılı söz sistemlərindəki özünəməxsus qanunauyğunluqların üzə çıxarılmasına, eposun qeyri-səlis məntiq nəzəriyyəsi baxımından öyrənilməsinə, folklorşünaslığın bir sıra digər aktual problemlərinə həsr edilən 12 kitabı, 300-dən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunmuşdur.
Muxtar İmanovun elmi araşdırmaları arasında psixologizm problemi ilə, xalq gülüş mədəniyyəti ilə bağlı monoqrafiyaları konseptuallığı baxımından humanitar-filoloji elmimizdə xüsusi rezonans doğurmuş, eyri-səlis məntiqin eposa tətbiqi sahəsindəki araşdırmaları multidissiplinar tədqiqatların nümunəsi kimi diqqət mərkəzində olmuşdur.
Folklorun toplanması, tərtib və nəşr olunması ilə ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən “Bu yurd bayquşa qalmaz”, “Zəngəzur folkloru”, “Şərur folklor örnəkləri”, “Gədəbəy folklor örnəkləri”, 10 cildlik “Qarabağ: folklor da bir tarixdir”, 16 cildlik “Güney Azərbaycan folkloru”, 4 cildlik “Qərbi Azərbaycan folkloru”, “Şifahi sənət və yazılı ədəbiyyat” toplularının layihə rəhbəri və tərtibçilərindəndir. Müasir texniki vasitələrlə, dünya standartlarına uyğun şəkildə toplanan və çap olunan materiallar Azərbaycan folklorunun yeni əsaslarla öyrənilməsində əvəzsiz qaynaq rolu oynayır. Qarabağdan toplanmış 30-a yaxın nağıl süjetinin beynəlxalq Aarne-Tompson kataloqunda qarşılığının olmaması onu deməyə əsas verir ki, Muxtar İmanovun rəhbərliyi ilə 2011-ci ildən AMEA Folklor İnstitunda başlanan toplama, tərtib, nəşr və tədqiq işləri dünya folklorşünaslığında janrlar üzrə elmi təsnifatların aparılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Muxtar müəllimin elmi fəaliyyəti daim böyük maraq doğurmuş, onun elmi uğurları tanınmış alimlər və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilmişdir:
AMEA-nın prezidenti İsa Həbibbəyli: Muxtar İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” əsəri Azərbaycan folklorşunaslığında müstəqillik dövründə meydana çıxmış ən sanballı monoqrafik əsərlərdən biri kimi mühüm əhəmiyyət daşıyır.
Xalq yazıçısı, AMEA-nın həqiqi üzvü Kamal Abdulla: “Muxtar Kazımoğlunun 70 yaşı tamam olur. Ədəbiyyat nəzəriyyəsini, ədəbi tənqidi, ədəbiyyat tarixini, folkloru öz timsalında birləşdirənlər nadir elm fədailərindəndir ki, onların arasında Muxtar müəllim xüsusi yer tutur.
Bu gun Azərbaycan filologiyasında, mədəniyyətində, təlim-tərbiyəsində Muxtar Kazımoğlu faktorunun (ölçüsünün) mövcudluğunu məsuliyyətlə qeyd etmək olar. Bu ölçünün göstəriciləri məsuliyyət, professionallıq, analitik təfəkkürün dərinliyi və genişliyi, səmimilik, insanlıq və bu qəbildən olan digər amillərdir”.
Türkiyənin Ege Universitetinin professoru, Türk Dünyası Araşdırmalar İnstitutunun yaradıcısı Fikrət Türkmən: Kazımoğlu yalnız Azərbaycan elmi mühitində deyil, bütövlükdə türk dünyasında tanınan bir alimdir. Onun elmi əsərləri mədəniyyətlərarası əlaqələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır, Türk Dünyasına və türkoloji elminə dəyərli töhfədir, gələcək nəsil tədqiqatçılar üçün möhkəm bir elmi bazadır.
Türkoloq, folklorşünas, ədəbiyyatşünas, tərcümə nəzəriyyəçisi, professor Nizami Tağisoy: Muxtar Kazımoğlunu tanıdığım vaxtdan mən onda “fədakarlıq” və “ciddilik” kimi keyfiyyətləri çox görüb müşahidə etmişəm. O, elmə, folklora, folklorşünaslığa, ədəbiyyata, ədəbiyyatşünaslığa, sənətə, sənətşünaslığa daim qayğı və sayğı ilə yanaşıb... Nailiyyətləri bütün istiqamətlərdə əsaslı olsa da, folklora xidmət, folklorşünaslıq sahəsində araşdırmalarda daha çox görünüb, amma hikkədən, mənəmlikdən, xudpəsəndlikdən kənar olub.
Ədəbiyyatşünas və esseist, filologiya elmləri doktoru, professor Rüstəm Kamal: Muxtar Kazımoğlunun kitablarını, tədqiqatlarını oxumaq Azərbaycan folklorşunaslığının tarixindən, inkişaf yollarından və problemlərindən söhbət açmaq imkanıdır.
Əməkdar jurnalist Tahir Aydınoğlu: Muxtar müəllim 16 cildlik Güney Azərbaycan folkloru seriyasına rəhbərlik edib. Onun elmi fəaliyyəti çağdaş Azərbaycan nəsrinin ideya-sənətkarlıq məsələlərindən tutmuş, xalqın yaşı bəlli olmayan ağız ədəbiyyatının inkişaf yolu, nəzəri tədqiqnin incəliklərinədək geniş bir arealı əhatə edir.
Muxtar İmanov istənilən tədqiqatında, ədəbi-bədii fakta münasibətində yeni bir baxışı ortaya qoyur, mülahizələrini arqumentləşdirir, tezisinə inandırır və mövzunun genişləndirilməsi üçün yeni araşdırmalara meydan açır. Onun elmi təhkiyəsində və təhlillərində akademizm nəzəri mülahizələrin yığcamlığını, sistemliyini, konkretliyini yüksək bir fəzaya qaldırmaqla üçlçülü görüntü yaradır. Buna optikada qalaqramma effekti deyilir.
Muxtar İmanovun insanlar və hadisələr barədə publisistik təqdimatı da obyektiv (sübutlu), ictimai məzmunlu, obrazlı və səmimidir. O estetik dəyəri elmi-nəzəri və yeri gələndə publisistik güzgüdə zərrəbinlə nəzərdən ekeçirir, mənəvi ( məfkurəvi) tərəzidə qram dəqiqliyi ilə çəkir.
Şair, tərcüməçi və ədəbiyyat tədqiqatçısı Adil Cəmil: Sənin soyadınla, adınla elmə, Gerçək bir alimin nəfəsi gəldi.
Muxtar İmanovun bir çox əsərləri xarici ölkələrdə çap edilmişdir. O, Almaniya, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Kipr və digər ölkələrdə keçirilən çox sayda beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qaliblərindən olmuşdur. Onun rəhbəri olduğu “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi (2015-2016) AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın elmi-tədqiqat proqramları sırasına daxil edilmiş və uğurla icra olunmuşdur. Onun elmi rəhbərliyi ilə 13 fəlsəfə doktoru və 3 elmlər doktoru yetişmişdir.
Muxtar müəllimin ictimai, elmi və elmi-təşkilati fəaliyyəti dövlət qurumlarının, eləcə də elmi və ictimai təşkilatarın fəxri fərmanları, diplom, mükafat, təşəkkür və tərifnamələri ilə qeyd edilmişdir. Elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna və AMEA Rəyasət Heyətinin Fəxri fərmanına, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun “Bilim Onur Ödülü”nə layiq görülmüşdür. Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Mahmud Kaşğari”, Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı, Qafqaz-Media İctimai Birliyinin "Heydər zirvəsi", “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Aşıq Ələsgər-200”, Kərkük Kültür Dərnəyinin “Kərkük mədəniyyətinə, ədəbiyyatına və folkloruna xidmət”, “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif olunmuş, Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professor”u adına layiq görülmüşdür.
Muxtar Kazımoğlunun zəngin həyat yolu xalqımıza, mədəniyyətimizə və mənəviyyatımıza verdiyi dəyərli töhfələrlə ölçüyəgəməz dərəcədə zəngindir. Onu 70 yaşı - 70 il isə sadəcə rəqəm deyil, hikmətin, zəhmətin, vətənpərvərliyin və nüfuzun yeni zirvəsidir. Yeni Zirvən mübarək, professor! Belə bir zirvəyə çatmaq hər kəsə nəsib olmur...
Namiq Qədimoğlu
XQ