Zülfiyyə Nuriyeva: "Sosial xidmətlərdə "DOST" qapısı vətəndaş üçün ən yaxşı modeldir"

post-img

“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva QHT.az-a verdiyi açıqlamada dövlət qurumu ilə vətəndaş cəmiyyəti arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirib.

Zülfiyyə Nuriyevanın sözlərinə görə, nazirlik və QHT-lər arasında qurulan bu körpü bir çox dövlət qurumlarında müşahidə olunmayan unikal və səmərəli əməkdaşlıq nümunəsidir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız İctimai Şura üzvləri ilə deyil, ümumilikdə QHT sektorunun nümayəndələri ilə də açıq və demokratik əməkdaşlıq formalaşdırıb. Bu, çox uğurlu bir platformadır və biz bu körpünü daha da möhkəmləndirmək, uğurlarına uğur qatmaq üçün çalışırıq.”

O, nazirliyin şəffaf və ictimai iştirakçılığı önə çəkən yanaşmasını xüsusi vurğulayaraq qeyd edib ki, bu münasibətlər çərçivəsində QHT-lər müxtəlif ictimai dinləmələrdə, forumlarda, təqdimatlarda və digər tədbirlərdə aktiv iştirak edir, həyata keçirilən sosial layihələr barədə birbaşa məlumatlanır və bu məlumatları ictimaiyyətə çatdırır.

Zülfiyyə Nuriyeva xüsusilə 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri, qazilər və digər həssas əhali qruplarına göstərilən diqqət və qayğının daima ön planda saxlanıldığını bildirib:

“İctimai Şura üzvləri olaraq bizim əsas vəzifəmiz nazirliyin həyata keçirdiyi layihələri, elektron xidmətləri, sosial təminat sahəsindəki yenilikləri cəmiyyətə düzgün şəkildə çatdırmaq və bu xidmətlərə əlçatanlığın təmin edilməsinə dəstək olmaqdır.”

Sonda o, “DOST” mərkəzlərinin fəaliyyətini də yüksək qiymətləndirərək, vətəndaşları təqdim olunan xidmətlərdən daha geniş istifadə etməyə çağırıb:

“DOST mərkəzləri vətəndaş üçün ən yaxın və etibarlı ünvanlardandır. Elektron xidmətlərə əlçatanlıq, hüquqlar barədə məlumatlandırma baxımından bu mərkəzlər əvəzsizdir. Mən bütün vətəndaşları bu imkanlardan maksimum yararlanmağa dəvət edirəm. Hər zaman zirvələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi! ”

XQ

Sosial həyat