Ekran qarşısında 1-2 saatdan artıq oturmaq infarkta, diabetə aparır
Alimlər televizora ürəyə zərər vermədən baxmaq müddətini müəyyən ediblər. Honq Konq Universitetinin alimləri infarkt, insult və aterosklerozdan qorunmaq üçün televizora baxmaq vaxtını gündə 1 saatla məhdudlaşdırmağı irəli sürüblər.
Bildiriblər ki, ateroskleroz damarların divarlarında yağlı “lövhələrin” əmələ gəlməsi səbəbindən baş verir. Damarların daralması və belə bir lövhənin ayrılması isə ürək xəstəliyinə səbəb ola bilər. Şəkər xəstəliyi və oturaq həyat tərzi aterosklerotik ürək-damar xəstəlikləri üçün əsas risk faktorlarıdır. İnsanlar, xüsusilə, televizor ekranlarının qarşısında oturaraq vaxt keçirirlər.
Sağlamlığa zərər vermədən televizora nə qədər baxmağın mümkünlüyünü öyrənmək üçün elm adamları 2-ci tip diabetə müxtəlif genetik meyilləri olan 346 min 916 britaniyalının iştirakı ilə araşdırma aparıblar.
Nəticələr göstərib ki, gündə 2 saatdan çox televizora baxanların aterosklerotik ürək-damar xəstəliyindən əziyyət çəkmə ehtimalı 12 faiz çoxdur. Bu təsir diabet üçün genetik riskdən asılı olmayaraq müşahidə edilmişdir.
Şəkərli diabetə meyilli olan iştirakçılar gündə bir saatdan çox televizora baxmazlarsa, aterosklerozun inkişaf riski artmır.
Alimlər onu da bildiriblər ki, oturma vaxtının azaldılması sağlamlığın yaxşılaşdırılması üçün mühüm vasitədir.
Z.HÜSEYNLİ
XQ