“İdman paytaxti” Qəbələ şəhərində Xankəndi ultramarafonuna start verilib

post-img

Aprelin 10-da 2025-ci ilin “İdman Paytaxtı” Qəbələ şəhərində Xankəndi ultramarafonuna start verilib. Yarışdan əvvəl açılış mərasimi keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, millət vəkili, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış mərasimindən sonra ultramarafona start verilib.

Ultramarafona qatılan 81 nəfərdən 23-ü qadın, qalanları kişi idmançılardır, onların arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də var. İlk yarış gününün nəticələrinə əsasən, kişilər arasında Türkiyə təmsilçiləri Üzeyir Söyləməz (3:32.20) və Ömər Alkanoğlu (3:32.21), eləcə də Gürcüstandan Giorgi Lomidze (3:36.29) yüksək nəticə göstərərək birinci mərhələdə fərqləniblər.

Qadınlar arasında Ukrayna təmsilçisi Alyona Şevçenko (4:02.16) ən yüksək nəticə ilə fərqlənib. Onun ardınca Türkiyədən Dəmir Hasibə (4:05.10) və Moldovadan Svetlana Şepelyeva (4:06.19) finiş xəttini keçiblər.

Qeyd edək ki, ultramarafon iştirakçıları 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Onlar Qəbələ – Ağdaş (55 km), Ağdaş – Bərdə (65 km), Bərdə – Ağdam (44 km) və Ağdam – Xankəndi (28 km) istiqamətləri üzrə mərhələlərlə yarışacaqlar. Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ultramarafona aprelin 13-də yekun vurulacaq.

Sosial həyat