Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-mart aylarında 6 milyon müraciət edilib.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 3,3 milyon dəfə istifadə edilib, 66 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin birinci rübündə Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 107 milyon olub.