AMEA-nın qiymətli elmi töhfəsi
II MƏQALƏ
Məna zonası
Hər bir müəllifdən mətnə “baxış” olmalıdır. Çünki mətn müəyyən mənada müəllifin tədqiqata münasibətinin məntiqi strukturlaşması, onun yazıda “məkanlaşması” kimi təsəvvür edilə bilər. Müəllifin “mətndə məkanlaşması” onun tədqiqat mövzusunda “subyektliyinin heyrətlənməsi” kimi təzahür edə bilər. Filosoflar yaradıcılığa bu aspektdə baxmışlar və hətta Roje Kayyanın “mimikriya” (təqlid) nəzəriyyəsi yaranmışdır. Onu bizim mövzu aspektində müəllifin yaradıcılıq məkanında “intensiv yaşantı sahəsinə” transfomasiyası kimi təsəvvür edə bilərik.
Heydər Əliyevlə bağlı tədqiqatın əsrarəngizliyi həmin yaradıcı məqamla sıx bağlıdır. Müəllifin mətnə baxışı onun həm mövzuya bağlılığı, həm də mətnin müəllif üçün “intensiv daxili yaşantı sahəsi”nə çevrilməsi ilə fərqlənməlidir. Bu, çətin tutulan, lakin çox cəlbedici olan mövzunun, eyni zamanda, tədqiqatın predmeti və məqsədi olması zərurətindən qaynaqlanır. Buna görə də müəllifin mətnə baxışı onun ekzistensial olaraq mətndə “intensiv yaşantıya” nail olmasını tələb edir. Monoqrafiyada müəlliflərdən mətnlərə baxanda bu fəlsəfi anı görmək mümkündür.
Eyni zamanda, mətnlərin məzmunundan müəlliflərin tədqiqat mövzusuna münasibətləri aydın görünür. Burada daha çox Ulu öndərin şəxsiyyətinə böyük sayğı ilə fəaliyyətinin müxtəlif aspektləri haqqında konkret və zəngin düşüncələrin vəhdətini görə bilirik. Əsərdə mətnlər bu baxımdan tədqiqatın ruhunu yaxşı ifadə edir. Bu tezisin işığında müəlliflərdən mətnlərə və mətnlərdən müəlliflərə istiqamətlənmiş “semantik hərəkat”ın ortaq sahəsində maraqlı bir “məna zonası” yaranır. O “zonada” monoqrafiyanın 5 fəslinin strukturu, elmi məqsədi və məzmunu vahid məntiqi sistem təşkil edir. Bütün bu çalarların ümumi ifadəsi Nəticə hisəsində yer almışdır. Vurğuladığımız bu özəlliklərin əsərin fəsilləri üzrə anlamlarına nəzər salaq.
Şəxsiyyətin miqyası
Kitabda qoyulan elmi problemin bu aspekti I fəsildə təhlil edilir. Burada müəlliflərin ortaq mövqeyi Heydər Əliyev şəxsiyyətinin “dünyamiqyaslı görkəmli dövlət xadimi” kimi tədqiq edilməsi zəruriliyi və aktuallığına böyük inamla bağlıdır. I fəsildə yer almış 10 məqalənin hər birinin müəllifindən mətnə və mətndən müəllifin mövqeyinə məntiqi baxış bu tezisi təsdiq edir. O cümlədən, akademik İsa Həbibbəylinin Heydər Əliyevin ömür yolu və mübarizəsi işığında, onun siyasi portretinin miqyasını təhlil etməsi çox maraqlıdır.
Burada Heydər Əliyevin görkəmli dövlət xadimi kimi siyasi portretinin miqyasında Azərbaycan xalqının Ümummilli lideri olması mərkəzi müddəa kimi irəli sürülür. Nəzəri baxımdan çox əhəmiyyətli yanaşmadır. Onu iki arqumentlə əsaslandırmaq olar.
Birincisi, Heydər Əliyevin ümummilli liderlik nümunəsinin fəlsəfi, elmi, siyasi və, ümumiyyətlə, nəzəri tədqiqini yeni səviyyədə aktuallaşdırır.
İkincisi, bu elmi problemi azərbaycançılıq və müstəqil dövlətçilik kontekstində AMEA-nın elmi fəaliyyətində ön plana çıxarır.
I fəsildə verilmiş məqalələr məhz bu aspektlə sıx bağlı görünür. Həmin kontekstdə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qüdrətli memarı, Heydər Əliyevin dövrü və dünyagörüşü, “Əsrin müqaviləsi” prizmasında Azərbaycanın neft strategiyası, Heydər Əliyev nümunəsində ümummilli liderlik missiyası, Azərbaycanı dünya miqyasına çıxaran dahi, müstəqil dövlətçilik fəlsəfəsi, milli təhlükəsizlik və ordu quruculuğu sahəsində fəaliyyəti, informasiya cəmiyyətinin formalaşması istiqamətində Ulu öndərin həyata keçirdiyi proqramlar və Azərbaycanda gender siyasəti təhlil edilmişdir.
Bu yanaşmaların ümumi mənzərəsi Heydər Əliyevin görkəmli dövlət xadimi və ümummilli lider kimi siyasi portretinin miqyasını yaradır.
Digər fəsillərdə müəllif-mətn bağlılığı I fəsildə yer almış siyasi portretin miqyası ilə şəxsiyyətin missiyasının elmi-nəzəri təhlilinin vəhdətini əks etdirir. Belə ki, II fəsildə məsələ siyasi irs – azərbaycançılıq kontekstində (3 araşdırma timsalında), III fəsildə elm və təhsil aspektində (5 araşdırma nümunəsində), IV fəsildə ədəbiyyat və mədəniyyət istiqamətində (3 məqalə timsalında) və VI fəsildə xarici siyasət və o cümlədən, Türk dünyası kontekstində (2 məqalə nümunəsində) tədqiq edilir. Onların ümumi məna mənzərəsi göstərir ki, monoqrafiyada Heydər Əliyev şəxsiyyətinin miqyası və missiyasına müstəqil dövlətçilik və azərbaycançılığın ümumi ideya çətiri altında suverenlik yollarında böyük və dahi bir şəxsiyyətin fəaliyyətinin töhfələrinin işığında nəzər salınmışdır. Və buradan monoqrafiyanın Nəticə hissəsində AMEA prezidenti həm vacib ümumiləşdirmələr aparır, həm də tədqiqatın gələcək perspektivli istiqamətini göstərir. İndi məsələnin bu tərəfi üzərində dayanaq.
Müstəqillik yollarında
Nəticənin bu cür ümumiləşdirilməsinin bir neçə özəlliyi mövcuddur. Burada hər şeydən öncə, AMEA üçün hazırda elmi fəaliyyətə ölkənin, cəmiyyətin, onun ziyalılarının müstəqillik yollarında harmoniyada fəaliyyət göstərməsinin zəruriliyinə işarə vardır. Monoqrafiyada bu mövqeyin əsaslandırılmasının ümumelmi arqumentasiyası aşağıdakı fikirlə sıx bağlıdır: “Hər bir xalqın siyasi-tarixi taleyində dövlət müstəqilliyindən böyük hadisə yoxdur. Yalnız müstəqil dövlətə malik olmaqla xalq özünü tam ifadə etmək imkanı qazanır” (Monoqrafiya, s. 597). Buradan bir neçə istiqamətdə Ulu öndərin dahi şəxsiyyət kimi keyfiyyətlərini ümumelmi miqyasda təhlil etmək imkanı yaranır.
Birincisi, Heydər Əliyev şəxsiyyətinin fəlsəfi və elmi tədqiqində dövlət müstəqilliyi məsələsi xüsusi yer tutur. Çünki Heydər Əliyev xalqın azadlığına, ölkənin mövcudluğuna və fərdin layiqli həyat yaşamasına dövlət müstəqilliyi kontekstində baxmışdır. Buna görə də Heydər Əliyev şəxsiyyətinin dövlət xadimi, dövlət başçısı və xalqın lideri kimi öyrənilməsi arxivacib məsələdir. AMEA-nın yeniləşmə kursunda həmin özəllik ayrıca yer tutmaqdadır. Bu prosesin daha da inkişaf etdirilməsi təşkilatın strateji inkişaf konsepsiyası və “Yol Xəritəsi”ndə geniş ifadə olunmuşdur.
İkincisi, monoqrafiyanın nəticə hissəsində müasir Azərbaycan elminin dövlətçiliyə xidməti ön sıraya çıxarılır. Burada, təbii ki, Heydər Əliyev şəxsiyyətinin adekvat elmi tədqiqi əsaslı rol oynamalıdır. Çünki müasir müstəqil, milli və demokratik Azərbaycanın memarı Heydər Əliyevdir! Bu böyük şəxsiyyətin ideyaları, siyasi liderliyi, ölkəyə rəhbərlik qüdrətidir. Müasir Azərbaycan dövlətçiliyini lazımi səviyyədə fəlsəfi və elmi dərk etmək üçün mütləq surətdə Heydər Əliyev fenomeninin şəxsiyyət və fəaliyyət aspektlərində tədqiq edilməsi vacibdir.
Üçüncüsü, azərbaycançılığın üzərində ayrıca dayanılması monoqrafiyanın böyük məziyyətlərindən biridir. Nəticədə bu məqam da elmi ümumiləşdirilmiş formada təqdim edilmişdir. Azərbaycançılıq həm müstəqil dövlətçiliyin fəlsəfi və elmi obrazının yaradılması, həm də cəmiyyətin bütövlüyünün elmi əsaslarının, təməl prinsiplərinin daim araşdırılması baxımından çox əhəmiyyətlidir. Onu vurğulayaq ki, monoqrafiyada bu özəlliyin geniş nəzərə alınması, bütövlükdə, AMEA-nın yeniləşmə kursunun mahiyyəti, mənası, məzmunu, məqsədi və elmi fəaliyyətin reallaşdırılması mexanizmlərindən irəli gəlir. Bu o deməkdir ki, AMEA yeniləşmə kursunda və strateji inkişaf konsepsiyasında nəzərdə tutduğu prinsipləri artıq həyata keçirməkdədir. Monoqrafiya onun əlamətlərindən biridir.
Dördüncüsü, monoqrafiyada müstəqil Azərbaycan dövlətçiliyi üçün prinsipial əhəmiyyəti olan siyasi varisliyin elmi dərki məsələsi xüsusi yer tutur. Bu barədə əsərin Nəticə hissəsində diqqəti çəkən maraqlı fikir vardır. Orada yazılmışdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi modernləşdirmə hərəkatı ənənə və novatorluq prinsipi əsasında qurulmuş yeniləşdirmə proqramlarıdır. Bu prosesdə novatorluğun payı çox olmazsa, müəyyən yeniliklər əldə etmək mümkün olsa da, tam mənası ilə yeniləşdirmək mümkün ola bilməz” (Monoqrafiya, s. 605).
Bu müddəada siyasi varislik prinsipi sırf elmi aspektdə yüksək səviyyədə təqdim edilmişdir. Konkret olaraq, iki nəzəri məqam vəhdətdə verilmişdir. Onlardan biri İlham Əliyevin dövlət quruculuğu kursunun birbaşa Heydər Əliyevin siyasi xəttindən qaynaqlandığının vurğulanmasıdır: “modernləşdirmə hərəkatı ənənə və novatorluq prinsipi əsasında qurulmuşdur”. Digəri isə siyasi varisliyin İlham Əliyev tərəfindən yaradıcı faktor kimi qəbul edildiyinin ifadəsidir. Konkret olaraq, İlham Əliyevin “yeniləşdirmə proqramlarıdır”! İki tezisin sintezindən siyasi varislik kontekstində bir maraqlı nəticə alınır: “Bu prosesdə novatorluğun payı çoxdur” ki, tamamilə doğru məqamdır! Çünki yalnız o halda “tam mənası ilə yeniləşmək mümkün ola bilər”!
Fikirlərin sonrakı inkişafında isə Azərbaycan elmi qarşısında aktual bir məsələ gündəmə gətirilir. Akademik İsa Həbibbəyli monoqrafiyanın Nəticə hissəsində yazır: “İlham Əliyevin modernləşdirmə hərəkatının özü də daim inkişaf etdirilərək yeniləşdirilmiş bir proqrama çevrildiyi üçün hər dəfə tam yeni bir hərəkat səviyyəsinə qaldırılır” (s. 605). Burada ifadə edilən məntiqə “ikiqat inkişaf dinamikası” deyə bilərik. Yəni siyasi varisliyi İlham Əliyev yeni səviyyədə yeniləşmə hərəkatının təməl prinsipinə çevirə bilmişdir. Bu hərəkat konkret olaraq Azərbaycan Prezidentinin həyata keçirdiyi proqramlarda təcəssümünü tapmışdır.
Deməli, İlham Əliyevin idarəetmə və liderlik təcrübəsi elm üçün ortaya yeni vəzifələr çıxarır: siyasi varislik prinsipi əsasında İlham Əliyev şəxsiyyətinin miqyası və missiyasının fəlsəfi, siyasi-nəzəri və elmi araşdırılması zərurəti meydana gəlmişdir.
Ola bilsin ki, Nəticədə ifadə edilən bu tezis növbəti monoqrafiyanın mövzusu olsun!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru