Əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq və vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan icbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bu gün 4 il keçir. 1 aprel 2021-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində 78 milyon 664 mindən çox müraciət üzrə vətəndaşlara 235 milyon 242 mindən çox tibbi xidmət göstərilib. Tibbi xidmətin 86%-i ambulator şəraitdə, 14%-i isə stasionar şəraitdə göstərilib.
Ən çox müraciət edilən tibbi xidmətlər sırasında ilk yerdə ümumi tibbi baxış, profilaktik müayinələr (18 yaşa qədər), qan dövranı, endokrin, tənəffüs və həzm sisteminin xəstəlikləri ilə bağlı olub. Ən çox icra olunan əməliyyatlar doğuş və ginekoloji proseduralar, sidik cinsiyyət, ürək-damar, oftalmoloji və həzm sistemi xəstəliklərinin cərrahi müalicəsi ilə bağlı olub.
2021-2024-cü illər ərzində icbari tibbi sığorta ilə tibbi xidmət alan pasiyentlərin sayı artan xətlə davam edib. Belə ki 2021-ci illə müqayisədə 2024-cü ildə tibbi xidmət almış pasiyentlərin sayında 29% artım qeydə alınıb.
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. 2021-ci ildən etibarən göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 541 mindən çox əməliyyat və prosedurdan yararlanıb.
2021-2024-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən müqaviləli özəl və sahəvi tibb müəssisələrinə 798 milyon 952 min manatdan çox, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə isə göstərilən tibbi xidmətlər müqabilində 1 milyard 553 milyon 291 min manatdan çox məbləğdə ödəniş həyata keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hədəfi əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq və uzunmüddətli perspektivdə universal tibbi təminata nail olmaqdır. 4 il əvvəl icbari tibbi sığorta çərçivəsində cəmi 1829 tibbi xidmət təminata alınmışdırsa, hazırda onların sayı 1.8 dəfə artaraq 3315-ə çatıb. Əvvəlki Xidmətlər Zərfində koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatları limitli şəkildə icra olunurdusa, hazırda sözügedən əməliyyatlarla bağlı limitlər aradan qaldırılıb. Bundan başqa yenilənmiş Xidmətlər Zərfində ilk dəfə olaraq qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları təminata alınıb.a
P.ƏMİRCANOV
XQ