Tokayev Sloveniya prezidenti ilə görüşüb

post-img

Sloveniya Qazaxıstanın Avropa İttifaqında mühüm tərəfdaşıdır və ölkələr arasında münasibətlər dostluq və qarşılıqlı hörmət ruhunda möhkəmlənir. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sloveniyalı həmkarı Nataşa Pirc-Musarla Astanada keçirdiyi mətbuat konfransında deyib. Məlumatı “Anadolu” verib. 

Qazaxıstan prezidentinin sözlərinə görə, bunun əyani təsdiqi ötən il Lyublyanada Qazaxıstan səfirliyinin açılmasıdır: “Bu addım ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. Qazaxıstan dostluq əlaqələrinin daha da dərinləşməsində maraqlıdır və bu baxımdan bu səfər xüsusi əhəmiyyət kəsb edir. Bu gün biz hörmətli prezident xanım Pirc-Musar ilə mənalı və səmərəli danışıqlar apardıq”.

Tokayev qeyd edib ki, həmkarı ilə görüşdə Qazaxıstan-Sloveniya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, konkret razılıqlar əldə olunub və birgə bəyanat qəbul edilib. Bundan əlavə, səhiyyə, turizm və təhsil sahələrində də daxil olmaqla, bir sıra hökumətlərarası və idarələrarası sazişlər bağlanıb.

Prezidentlər ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər.

P.ƏMİRCANOV
XQ

Dünya