Novruz bayramı ilə əlaqədar Aktau şəhərinin dəniz kənarında şəhər akimliyi tərəfindən təşkil edilən bayram tədbirinə Azərbaycanın bu şəhərdəki Baş konsulluğu soydaşlarımızın vilayərdə fəaliyyət göstərən “Dostluq” Etnomədəni İctima Birliyi ilə birgə qatılıb.
Tədbirdə baş konsul Ayxan Süleymanlı, Baş konsulluğun əməkdaşları, diasporumuzun fəalları, Aktau şəhərində təhsil alan tələbələr və “Jastar Wave – Aktau 2025” beynəlxalq forumunda iştirak etmək üçün Aktauda səfərdə olan nümayəndə heyətimizin üzvləri də iştirak ediblər.
Azərbaycan çadırında şəhər sakinləri ləziz milli yeməklərimizə, həmçinin şəkərbura və paxlavaya qonaq ediliblər. Azərbaycan musiqisinin sədaları altında milli paltar geymiş gənclərimiz qonaqlarla birgə rəqs ediblər. Azərbaycan guşəsi şəhər sakinlərinin böyük marağına səbəb olub.
Bayram tədbiri çərçivəsində Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay, vilayət rəsmiləri milli çadırımızı ziyarət edib, baş konsul Ayxan Süleymanlı və diasporumuzun fəallarını təbrik ediblər.
Azərbaycan guşəsini həmçinin Türkiyənin və İranın Aktaudakı baş konsulları da ziyarət edib, konsulluğun əməkdaşları ilə yumurta döyüşdürüb, yeməklərimizə qonaq ediliblər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Aktau