Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılıb

post-img

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, mart ayının 21-də DSX-nın Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilib, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılıb, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 25 yaşlı İlqar Qurbanov və 40 yaşlı Nemət Məhərrəmov şübhəli şəxs qismində saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

İlkin dindirilmə zamanı saxlanılan şəxslər İran ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 



Hadisə