Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib

post-img

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib.

XQ xəbər verir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirdə çıxış edərək bildirib ki, türkmanlar ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətini qorumağı bacarmış toplumdur. 

O qeyd edib ki, soydaşlarımız sayılan türkman toplumu  tarixin acı sınaqlarına, müxtəlif dövrlərdəki çətinliklərə baxmayaraq,  ləyaqətlə öz milli kimliklərini, dilini və mədəniyyətlərini qorumağı bacarıb, yaşadıqları ölkələrin tərəqqisinə mühüm töhfələr verib, rifahın, əmin-amanlığın təmin olunmasında yaxından iştirak ediblər. Xüsusilə ortaq dəyərlərimiz, güclü milli ruhumuz və faəl vətəndaş mövqeyində olan insanların həmrəyliyi bu ənənələri müasir dövrümüzə qədər gətirib çıxarıb.

A.Əliyeva bildirib ki, bu konfransın məqsədi də vətəndaş cəmiyyətlərinin həmrəyliyinin vacibliyini bir daha diqqətə çatdırmaqdır. Çünki bizə məxsus olan ortaq dəyərlər-əsrlər boyu formalaşan ədəbiyyatımız, dastanlarımız və şifahi xalq yaradıcılığımız bizim böyük sərvətimizdir.

Sonra İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi  çıxış edərək qeyd edib ki, biz eyni mədəniyyəti, dili, tarixi bölüşürük. Müxtəlif yerlərdə yaşasaq da, biz bütün bu dəyərləri qoruyub saxladıq : Türkmanlar tarixin çox ağır sınaqlarına məruz qalıblar. Çox əziyyət çəkiblər. XX əsrin əvvəllərində ermənilər Kərkükdə türkmanları da qətlə yetiriblər. 
Ə. Salehi əlavə edib ki, mən İraqda Xocalı qətliamını siyasi hökumətə çatdırıram. Çünki əli qana bulaşan ermənilərin hərəkətindən hamı xəbərdar olmalıdır.

Milli Məclisin deputatı Fazil Mustafa da İraqda türkmanlar cəsur eyni zamanda çox ədalətsizliklərlə qarşılaşmış xalq olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bizimllə eyni dili, eyni dili, eyni ədəbiyyatı və mədəniyyəti paylaşan türkmanlar Azərbaycan xalqının soydaşlarıdır. Əgər bu gün türkmanlar ayaqdadırlarsa, bu, onların iradəsinin göstəricisidir.

Forumda İraq parlamentinin Türkmanlar qrupunun sədri, ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinin təmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraq türkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, Suriya Türkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci, Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digər şəxslər iştirak ediblər. 

Daha sonra “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”, “Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdə türkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT- rəhbərləri ilə  birgə müzakirələr aparıblar.

Forumdan sonra türkman qonaqlarla birgə Bakıda Novruzun ilaxır çərşənbəsi qeyd olunub. Tədbir musiqili-bədii formada yekunlaşıb.  
Qeyd edəki ki, Forum öncəsi - 15-17 mart tarixlərində türkman qonaqlar İraqda yaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə adlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digər ərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər edib, bayram şənliklərinə qatılıb, Bakıda Zəfər Parkını, Hərbi Qənimətlər Parkını və digər görməli yerləri ziyarət ediblər.

Anar TURAN,
XQ





Sosial həyat