Gender bərabərliyi sahəsində irəliləyiş

post-img

“Son otuz il ərzində Pekin Bəyannaməsi və Fəaliyyət Platforması əsasında dünya gender bərabərliyi sahəsində böyük irəliləyiş əldə edilib”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyasında çıxışı zamanı deyib. 

Bahar Muradova, ötən il Bakıda keçirilən COP29 çərçivəsində “Gender Günü” keçirildiyini, eləcə də yekdil qərar ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramının qəbul edildiyini söyləyib. Ölkəmizdə gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə milli institusional mexanizmlərdən söz açan sədr,  Azərbaycanda institusional və vətəndaş cəmiyyəti təşkilatlarının koordinasiyalı səyləri sayəsində qadın hüquqlarının müdafiəsində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini qeyd edib.

Çıxış zamanı məişət zorakılığı, uşaq evlilikləri, qohum nikahlarının qarşısının alınması məqsədilə qanunvericiliyə yeni tənzimləyici normalar daxil edildiyi diqqətə çatdırılıb, qadınların və gənc qızların təhsil imkanlarının genişləndirilməsi, eləcə də siyasi iştirakının və qərar qəbuletmə orqanlarında təmsilçiliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Bildirilib ki, bəşəriyyətə qarşı ən böyük zorakılıq ədalətsiz müharibələrdən, işğaldan, etnik təmizləmə aktlarından qaynaqlanır. Bahar Muradova əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsə də, onilliklər boyu davam edən işğalın dağıdıcı nəticələri mülki əhaliyə təsir etməkdə davam edir: “Bu mötəbər kürsüdən xüsusilə vurğulamaq istərdim ki, belə halların təkrar olunmaması üçün bütün dünya ölkələri sülh üçün səylərini artırmalı və cinayətkarları cəzalandırmaq üçün çalışmalıdırlar”.

Z.HÜSEYNOVA

XQ

Sosial həyat