Qardaş ölkədə nəşr edilən “Türkiye” qəzeti Ermənistanın fəal şəkildə silahlanması və Azərbaycanla sərhədə qoşun toplaması fonunda Cənubi Qafqazdakı vəziyyətlə bağlı oxucularını məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, qəzetin baş məqaləsində “Ermənistan müharibəyə hazırlaşırmı?” sualına cavab axtarılır.
Məqalədə Ermənistan hökumətinin aprelin 1-dən iyunun 13-dək elan etdiyi ehtiyatda olan hərbçilərin toplanışlarına diqqət çəkilir. Qəzet bəzi media orqanlarının təlimdə hücum əməliyyatları ssenarilərinin işlənib hazırlanması ehtimalına dair açıqlamalarına istinadla yazır: “Təlimin həmişəkindən daha uzun, yəni 10 həftə davam etməsi bir sıra suallar doğurur”.
Yazıda Ermənistan və Azərbaycan sərhədinin strateji əhəmiyyətli ərazilərində yeni istehkam strukturlarının formalaşdırılmasından bəhs edilir: “Ola bilsin ki, Ermənistan hərbi qulluqçularının yeni dislokasiya yerlərindən təxribat törətmək və dövlət sərhədini pozmaq məqsədilə istifadə olunsun”.
Məqalədə İrəvanın Fransa və Hindistandan fəal şəkildə silah almasına xüsusi diqqət yetirilir: “Son iki ildə Ermənistan bu ölkələrdən milyardlarla dollar dəyərində silah əldə edib. Digər silahlarla yanaşı, Ermənistan Hindistandan 25 kilometr mənzilli “Akaş” zenit-raket kompleksləri, Fransadan isə “Sezar” özüyeriyən topları və “Panzerfaust 3” qumbaraatanları alıb. Ermənistan silahlı qüvvələrinin arsenalına, həmçinin Almaniya və ABŞ istehsalı olan silah-sursat əlavə olunub”.
Qəzet İrəvanın Azərbaycana qarşı blitskriq hücumuna güvəndiyini də istisna etmir.
“Türkiye” qəzeti oxucuları rəsmi Bakının reaksiyası ilə tanış edir və bildirir ki, Azərbaycan regionda İrəvanın istənilən təxribatına qarşı durmağa hazır olduğunu bəyan edir: “Azərbaycan avantüranın Ermənistan üçün fəlakətli nəticələri barədə İrəvana xəbərdarlıq edərək, “Dəmir yumruq” əməliyyatının təkrar olunacağını istisna etmir”.
Türkiyə nəşri bəzi ekspertlərin Ermənistanın regionda qüvvələr balansının dəyişəcəyinə ümid edərək hazırladığı təxribatçı hərəkətlər ucbatından Cənubi Qafqazda gərginliyin artması və böyük müharibənin mümkünlüyü barədə fikirlərinə istinad edir.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara