Ən faydalı tərəvəzlərdən biri olan gül kələm C, PP, A, B qrupu vitaminlər, kalium, kalsium, fosfor, maqnezium, dəmir və bir çox digər minerallar, həzm olunmayan qidalı liflərlə zəngindir. Bu tərəvəz bağırsaqların fəaliyyətinə müsbət təsir edir, mikroflorasını tənzimləyir, həzm sistemində xora və şişlərin əmələ gəlməsi riskini azaldır. Azkalorili olduğu üçün arıqlamaq istəyənlərə kömək edir. Ürək-damar sistemi üçün faydalıdır, qanda “pis” xolesterolun səviyyəsini aşağı salır.
Fol turşusu ilə zəngin olan gül kələm qanazlığı olanlar, həmçinin hamilə qadınlar üçün olduqca faydalıdır. Araşdırmalar göstərir ki, hamiləlik zamanı fol turşusunun qəbulu uşaqda, xüsusilə sinir sistemi qüsurlarının qarşısını alır. Gül kələmin tərkibində nadir “dindolilmetan” adlı maddə var. Bu maddə kişilərdə prostat vəzidə əmələ gələn xərçəng hüceyrələrini öldürmək xüsusiyyətinə malikdir. Bu səbəbdən gül kələm bu növ xərçəngin profilaktik vasitəsi kimi qiymətləndirilir.
C vitamini ilə zəngin tərəvəz damarları daha elastik edir. Öd kisəsi və qaraciyər üçün ən faydalı məhsullardan sayılır. Selenlə zəngin olan gül kələm saç, dəri və dırnaqların vəziyyətini yaxşılaşdırır. Antibiotik və ya digər dərmanların uzunmüddətli qəbulu zamanı gül kələmdən istifadə edilir. Çünki tərkibindəki B5 vitamini dərmanların orqanizmə olan mənfi təsirini azaldır.
Z.HÜSEYNLİ
XQ