Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatların tərkib hissəsi kimi bu gündən xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üzrə imtahanların keçirilməsinə başlanılıb.
Belə ki, imtahanlarda iştirak edən dənizçilər təlim-tədris mərkəzlərində təşkil olunan kurslarda iştirak etmədən öz ixtisaslarına və sahələrinə uyğun olaraq göstərdikləri nəticələrə əsasən xüsusi hazırlıq şəhadətnamələrini yeniləmək imkanı əldə edirlər.
İlk dəfə xüsusi hazırlıq şəhadətnamələrini əldə etmək istəyən namizədlər isə təlim-tədris mərkəzlərində müvafiq təlimlərdə iştirak etdikdən sonra imtahan prosesinə cəlb olunurlar.
Məlumat üçün bildirək ki, namizədlər imtahana gəlməzdən əvvəl xüsusi hazırlıq şəhadətnamələri üzrə Agentliyin veb-saytında yerləşdirilən imtahan sualları və düzgün cavablar vasitəsilə hazırlaşa bilirlər.
İmtahanlar Agentliyin xüsusi proqram təminatı avasitəsilə kompüter test imtahanı formatında təşkil olunur. Dənizçilərə 30 dəqiqə vaxt verilir. Onlar həmin müddət ərzində 20 sualdan ən azı 14-nü cavablandırmalıdırlar. Bu zaman keçid faizi 70 olan namizəd imtahandan keçmiş hesab olunur.
İmtahan sualları asan, orta və çətin ağırlıq dərəcələrində olmaqla bir neçə variantda namizədlərə təqdim edilib. Proses heç bir insan faktoru olmadan proqram təminatı tərəfindən təsadüfi seçilmiş suallar əsasında həyata keçirilir. Zalda eyni vaxtda 41 nəfərin imtahan prosesində iştirak etməsi mümkündür.
Xatırladaq ki, sözügedən imtahanlarda iştirak etmək üçün əvvəlcə dənizçilər müvafiq sənədləri ilə birlikdə “Bakı KOB evi”nə müraciət etməlidirlər.