İğdır vilayətinin sakinləri Ermənistandakı Metsamor AES-in fəaliyyətindən narahatdırlar

post-img

Türkiyənin Ermənistanla həmsərhəd olan İğdır vilayətinin sakinləri ötən əsrin 60-cı illərinin sonunda tikintisinə başlanmış Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyətindən narahatdırlar.

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADEEF) sədr müavini, İğdırdakı Azərbaycan Evi Cəmiyyətinin rəhbəri jurnalist Sərdar Ünsal AZƏRTAC -a açıqlamasında Türkiyə ilə sərhəddən 16 km aralıqda yerləşən köhnə AES-i “saatlı bomba” adlandırıb və qeyd edib ki, aktiv seysmik zonada fəaliyyət göstərən bu stansiya hər an partlamağa hazır obyektdir.

TADEEF rəhbərinin müavini bir neçə gün əvvəl Ermənistanın şimalında baş vermiş 4,6 bal gücündəki zəlzələnin Türkiyənin Qars və İğdır vilayətlərində də hiss olunduğunu qeyd edərək vurğulayıb ki, bu “ölüm bacaları” yaxın gələcəkdə bağlanmalıdır.

S.Ünsalın sözlərinə görə, Ermənistan kimi İğdır da ikinci dərəcəli seysmik risk zonasında yerləşdiyinə görə güclü təkanların hər biri köhnə AES-in fəaliyyətinə birbaşa təsir göstərərək region əhalisi üçün ciddi risk mənbəyinə çevrilə bilər.

“Metsamor AES-in dərhal bağlanması çox vacibdir. Bu stansiya təkcə Türkiyə üçün deyil, digər region dövlətləri üçün də təhlükədir”, - deyən İğdırdakı Azərbaycan Evi Cəmiyyətinin rəhbəri 1988-ci ildə Ermənistanda baş vermiş dağıdıcı zəlzələnin nəticələrini xatırladıb. Onun sözlərinə görə, məsələ humanitar və ekoloji təşkilatların, eləcə də Avropa İttifaqının daimi diqqət mərkəzində olmalıdır: “Ermənistandakı AES-də baş verəcək qəzanın nəticələrini və ya nüvə yanacağı daşıyan təyyarənin qəzaya uğraması versiyasını təsəvvür belə etməyə qorxuram. O, Ermənistan hökümətinin Metsamor AES-in ömrünü uzatmaq planlarını təndiq edib, Cənubi Qafqazda Çernobola bənzər faciənin baş verməyəcəyinə dair heç kimin zəmanət vermədiyini işarət edib.

“Sovet dövründən qalan atom elektrik stansiyalarının texnologiyaları bütün region üçün təhlükədir. Ermənistanda nüvə reaktorunu soyutmaq üçün kifayət qədər su ehtiyatı da yoxdur”, - deyən S.Ünsal xatırladıb ki, Metsamor AES-in fəaliyyət dövrü 2005-ci ilə qədər nəzərdə tutulmuşdu.

Onun sözlərinə görə, AES-də baş verəcək hər hansı qəza Cənubi Qafqazdan çox kənarda yerləşən ərazilərdə onkoloji xəstəliklərin artmasına və doğum səviyyəsinin azalmasına səbəb olacaq. O, Şərqi Anadolu da daxil olmaqla, seysmik proseslərin güclənməsi fonunda AES-in tezliklə bağlanması üçün İrəvana təzyiq göstərməyə çağırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sosial həyat