Müqəddəs “Molla Nəsrəddin” ocağı

post-img

Cəlil Məmmədquluzadənin Ev Muzeyində qələmin vicdanı təntənə ilə səslənir

Bakının keçmiş Dağlı məhəlləsində, Süleyman Tağızadə küçəsi, 56 ünvanında yerləşən binanın qarşısındayıq. 3 mərtəbəli evin sonuncu mərtəbəsində böyük yazıçı, dramaturq və publisist Cəlil Məmmədquluzadənin ev muzeyi yerləşir. Binanın önündə görkəmli ədibin barelyefi də asılıb. Orada qeyd olunub ki, Mirzə Cəlil 1920-1932-ci illərdə bu binada yaşayıb-yaratmışdır.

Geniş, səliqəli pilləkənlərlə 3-cü mərtəbəyə qalxmağa başlayırıq. Ani olaraq qəlbimizdə bu böyük tarixi şəxsiyyətin xalqımızın tərəqqi və intibahına həsr etdiyi parlaq həyatı və yaradıcılıq fəaliyyəti ilə bağlı səhnələr yer alır. Bizi dərin bir qürur hissi bürüyür. Axı, biz “Poçt qutusu”, “Usta Zeynal”, “Anamın kitabı”, “Ölülər” və sair ölməz hekayə və dram əsərlərinin müəllifi ilə “görüşə gedirik”. Onun naşirlik və redaktorluq etdiyi “Molla Nəsrəddin” satirik jurnalının isə nəinki ölkəmizdə, heç bütün müsəlman Şərqində tayı-bərabəri olmayıb və bəlkə də heç vaxt olmayacaq.

Bu fikir və düşüncələrlə artıq mənzilin kandarına çatırıq. Burada isə bizi muzeyin direktorunun vəzifələrini icra edən Yeganə Məmmədova çox mehribancasına, sanki uzun illərin əziz dostu kimi qarşılayır. Onunla bir gün qabaq telefonla danışmışdıq. Qəzetimiz üçün muzeydən reportaj hazırlamaq arzusunda olduğumuzu bildirmişdik.

Yeganə xanım təklifimizdən çox məmnun olduğunu və yazı üçün bütün fakt və sənədlərlə bizi tanış edəcəyini söyləmişdi. Onun bu sözləri indi də qulağımdadır:

– Mirzə Cəlilin ev muzeyinin qapıları hər kəsin üzünə açıqdır. Böyük mütəfəkkir bu xalqın xoşbəxtliyi üçün qələm çalıb. Onu daim yad etmək hər birimizin mənəvi borcudur. Siz jurnalistlər isə o böyük kişiyə bir köynək daha yaxınsınız. Buyurun gəlin, ruhu şad olacaq.

İçəri keçirik. Hər yer təmiz, səliqəli-sahmanlıdır. Divardakı çərçivələrdə Mirzə Cəlilin portretlərinə baxıb köks ötürürük. Giriş otağında Cəlil Məmmədquluzadə ilə yaxın dostu, məsləkdaşı Mirzə Ələkbər Sabirin birgə rəsmi diqqətimizi cəlb edir. Burada sanki hər şey tariximiz, mədəniyyətimiz barədə dil açıb danışır.

Təəssüf ki, binada mərkəzi isitmə sistemi yoxdur. Muzeyin nə direktoru, nə də əməkdaşları soyuqdan gileylənmirlər. Bizi çaya dəvət edirlər. Bir qurtum içirik. Yeganə xanımdan soruşuram ki, siz bütün ziyarətçilərə çay təklif edirsiniz? Cavabı bu olur ki, yaşlı insanlara mümkün qədər daha çox sayğı göstərməyə cəhd edirik. Düzünü desəm, muzeydə olduğumuz bir saata yaxın vaxt ərzində buradakı əməkdaşlardan o qədər mehriban münasibət gördük ki, mənzildəki otaqların soyuq olduğunu belə unutduq.

Bir neçə dəqiqə keçməmişdi ki, 5-6 nəfər gənc və orta yaşlı xanım da bura təşrif buyurdu. Maraq üçün onların hansı təşkilatdan gəldiklərini soruşdum. Dedilər ki, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşlarıdır.

Xanımlardan nisbətən yaşlısı Yeganə xanıma akademik İsa Həbibbəylinin salamlarını çatdıranda, o, minnətdarlıq hissilə qeyd etdi ki, İsa müəllim Mirzə Cəlil irsinin ən fədakar tədqiqatçılarından biridir, həqiqətən, bu muzeyə hər zaman dəstək olub. Hörmətli akademik lap bu yaxınlarda bura növbəti bir neçə dəyərli eksponat da bağışlayıb.

Muzeylə tanışlıq “Molla Nəsrəddin” jurnalının nüsxələrinin saxlanıldığı otaqdan başlandı. Buradakı stendlərin birində bir vaxtlar bütün Şərqdə çox məşhur olan jurnalın bir neçə nüsxəsi nümayiş etdirilir. Bu nüsxələri burada göz bəbəyi kimi qoruyurlar.

Məlumdur ki, dərginin ilk nömrəsi 1906-cı il aprelin 7-də işıq üzü görüb və düz 25 il qısa fasilələrlə fəaliyyət göstərib. Yeganə xanımın xüsusi vurğu ilə qeyd etdiyi kimi, “Molla Nəsrəddin”, əslində, bir şimşək kimi zəmanənin qaranlıqlarını yarıb, geriliyə, xurafata sarsıdıcı zərbələr endirib”.

AMEA-nın Ədəbiyyat İnstitutundan olan bir xanım isə dedi ki, jurnalın ana dilimizin saflığının qorunmasında xüsusi xidmətləri olub. Dil məsələsi Mirzə Cəlilin yaralı yeri idi. O, dəfələrlə yazıb ki, Vətən, millət və dil məfhumları müqəddəsdir və onları bir-birindən heç cür ayırmaq olmaz. Yeri gəlmişkən, Mirzə Cəlilin ana dilimizlə bağlı bir çox ölməz fikirləri yazılaraq asılıb. Bu gün bu sözlərin hər biri çox aktual və dəyərlidir!

Muzeyin sərgi otaqları ilə tanışlıq başa çatmaq üzrə idi. Biz ziyarətçilər hamımız bir qrup halında bir yerə toplaşaraq Yeganə xanımı diqqətlə dinləyirdik və ara-sıra suallar verirdik. İlk sualımız ziyarətçilərin hansı eksponatlara xüsusi maraq göstərmələri ilə bağlı oldu. Məlum oldu ki, ziyarətçiləri “Molla Nəsrəddin” jurnalının nüsxələri ilə bərabər, Mirzə Cəlilin və həyat yoldaşı Həmidə xanım Cavanşirin şəxsi əşyaları da maraqlandırır.

Həmçinin bəlli oldu ki, 1920-ci ildə Mirzə Cəlilə bu mənzilin açarlarını Azərbaycanın ovaxtkı rəhbəri Nəriman Nərimanov şəxsən özü təqdim edib. Axı bolşevik liderlərindən fərqli olaraq doktor Nəriman Cəlil Məmmədquluzadənin xalqımızın tarixində nə qədər əvəzsiz şəxsiyyət olduğunu yaxşı bilirdi. Yeri gəlmişkən, həmin açarlar da burada nümayiş etdirilir və ziyarətçilər bu faktı biləndə məmnun qalırlar.

Qonşu otaqdakı divardan asılan kamança aləti də diqqətimizdən yayınmadı. Yeganə xanım bununla bağlı dedi ki, məlumdur ki, böyük ədib hələ gənclik illərindən kamança alətində ifa etməyi xoşlayardı. Mirzə Cəlilin özünün şəxsi kamançası hazırda AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyində qorunub saxlanılır. Ev muzeyində nümayiş etdirilən kamança aləti isə ədibin hələ əmək fəaliyyətinin ilk illərində Naxçıvanda müəllimlik edərkən yaxın qohumlarından birinin evində tez-tez ifa etdiyi kamança alətidir. Yeganə xanım dedi ki, Naxçıvandan həmin o kamançanın sahiblərinin nəvə-nəticələrini axtarıb tapıblar və onlardan aləti muzeyə bağışlamağı rica ediblər. Sağ olsunlar, bu xahişi böyük məmnuniyyətlə yerinə yetiriblər.

Burada həmçinin öyrəndik ki, Cəlil Məmməquluzadənin ev muzeyinin yaradılması üçün ulu öndər Heydər Əliyev hələ 1978-ci ildə sərəncam imzalayıb. Məhz həmin vaxtdan muzeyin fondunun təşkili prosesinə start verilib. Təəssüflər olsun ki, dahi siyasətçi Moskvaya yüksək vəzifəyə irəli sürüldükdən sonra bu məsələyə diqqət azalıb. Ulu öndər yenidən hakimiyyətə qayıdandan sonra bu məsələ ilə maraqlanıb.

Muzeyin açılış mərasimi isə 1994-cü ilin dekabrında Cəlil Məmmədquluzadənin anadan olmasının 125-ci ildönümü ərəfəsində keçirilmişdir. Bu barədə söz açanda Yeganə xanımın simasında xoş bir təbəssüm yarandı. Fəxrlə dedi:

– Bilirsinizmi, Uu öndər açılış mərasimində şəxsən iştirak edirdi. Qonaqlara muzey barədə məlumat vermə missiyası isə mənə həvalə olunmuşdu. Bu, çoxdankı arzum idi və taleyimə buna görə son dərəcə minnətdaram. Açılış mərasimi zamanı dahi siyasətçi Heydər Əliyev məni çox diqqətlə dinləyirdi. Birdən orada iştirak edən məsul şəxslərdən birinə tərəf dönərək soruşdu ki, niyə muzey onun sərəncamından 16 il sonra açılıb. Ətrafa sükut çökdü və heç kim cavab verməyə cəsarət etmədi.

Həmin an Yeganə xanım Ulu öndərə müraciət edərək deyibdir:

– Cənab Prezident, böyük şəxsiyyətlərə böyük insanlar dəyər verir. Çox sağ olun ki, siz böyük Mirzə Cəlilə layiq olan dəyəri verirsiniz.

Bu cavab Ulu öndərin çox xoşuna gəlib və Yeganə xanımın əlini sıxaraq minnətdarlıq edib.

Bir çox muzeylər ora ziyarətçilərin az gəldiyindən gileylidirlər. Burada söylədilər ki, xoşbəxtlikdən Mirzə Cəlil ocağı həmişə qonaqlı-qaralı olur. Muzeyin ziyarətçiləri arasında ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri, pedaqoqlar, jurnalist və aktyorlar xüsusilə çoxdur.

Yeganə xanım sonra dedi ki, hər il muzeydə 7 apreldə, yəni “Molla Nəsrəddin” jurnalının işıq üzü gördüyü günün ərəfəsində tanınmış alim və tədqiqatçıların fəal iştirakı ilə geniş elmi konfranslar keçirilir. Məqsəd “Molla Nəsrəddin” jurnalının xalqın maariflənməsi yolunda gördüyü böyük işləri geniş ictimaiyyətə çatdırmaqdır. Muzeyin kollektivi builki konfransı Molla Nəsrəddinçilərin ana dilimizin saflığı uğrundakı mübarizəsinə həsr etməyi qərara alıblar.

Biz muzeydən çıxanda hava əvvəlki kimi soyuq idi. İri qar dənələri üzümüzə çırpılır, yolu sürətlə davam etməyə mane olurdu. Amma bunu eynimizə almırdıq. Çünki böyük Mirzə Cəlilin bütün şüurlu həyatı boyu xalqımıza bəxş etdiyi sönməz işığın, əbədi nurun bir zərrəsini özümüzlə götürüb gəlmişdik. Sevinirdik ki, redaksiyaya çatan kimi muzeydə görüb müşahidə etdiklərimizi həmkarlarımıza danışaraq fikirlərimizi onlarla bölüşəcəyik. Həqiqətən, qəzetçilik sənəti gözəl peşədir.

Məsaim ABDULLAYEV
XQ,
Leyla İLKINQIZI,
tələbə-jurnalist



Sosial həyat