Hacı Zeynalabdin Tağıyev barədə trilogiyanın 2 kitabı oxuculara təqdim edildi
Tanınmış pedaqoq-yazıçı Nazim Əkbərovun milli xeyriyyə hərəkatının unudulmaz siması, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin elm, təhsil və mədəniyyəti himayə örnəyinə çevrilmiş zəngin və mənalı ömür yoluna həsr olunmuş trilogiyasının artıq 2 kitabı işıq üzü görüb. Yeni nəşrin təqdimat və satışını təşkil edən “Libraff” kitab mağazaları şəbəkəsi “Park akademiya” satış mərkəzində müəllifin iştirakı ilə imza günü keçirdi.
Müstəqil ölkənin milli təhsil sistemində mənəvi-əxlaqi tərbiyənin önəmli məsələləri barədə məqalə, esse, hekayə və səhnə əsərlərindən ibarət 8 kitabın və 20-dək sənədli-elmi-kütləvi filmin ssenari müəllifi olan Nazim Əkbərov oxuculara çoxillik yaradıcılığının məhsulu olan növbəti irihəcmli əsərin məqsədi və ərsəyə gəlməsindən söz açdı. O bildirdi ki, XIX əsrin əvvəllərində Rus imperiyasının işğal edib, ümumi cəhalətə sürüklədiyi Azərbaycan ictimai mühiti qeyrətli milli ziyalılarımızın və onları himayə edən təəssübkeş zadəganların mübarizəsi ilə özünüqoruma imtahanından üzüağ çıxıb.
Nazim müəllim qeyd etdi ki, milli varlığımızın məhvə məhkum edildiyi qaranlıq bir aləmdə dilimizin, inancımızın, mənəvi dəyərlərimizin qorunub saxlanması, maarifçilik ideyaları və demokratik düşüncənin istiqlal məfkurəsi səviyyəsinə yüksəldilməsi itirilmiş 1 əsrlik dövlətçiliyimizin bərpasını təmin edib. Hacı Zeynalabdin Tağıyevin 1 əsrlik ömür yolu bu proseslərlə sıx təmasda keçdiyinə və onun mərhələləri ilə dərindən bağlı olduğuna görə, müəllif bu öyünclü tarixi çağdaş oxucuya onun həyat və fəaliyyəti timsalında əhatəli şəkildə təqdim etməyə çalışıb.
Bildirildi ki, yaxın vaxtlarda işıq üzü görəcək 3-cü kitabla tamamlanacaq trilogiya yeni nəsillərin milli mücadilə tariximizi dərindən öyrənməsinə və müstəqilliyimizə layiq vətəndaşlar kimi tərbiyə edilməsinə hədəflənmiş populyar nəşrdir.
Milli Məclisin deputatı Fazil Mustafa, “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, Təhsil İnstitutunun kafedra müdiri, professor Elxan Bəylərov, Bakı Mühəndislik Universitetinin dosenti Sədrəddin Hüseynov, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri, fəlsəfə doktoru Jalə Cəfərova, “Biselle” şirkətinin rəhbəri Babək Qoca müəllifi təbrik etdilər, onun gənclərin mənəvi tərbiyəsinə verdiyi töhfələri yüksək dəyərləndirdilər. Qeyd edildi ki, görkəmli simaların ömür yolunun bədii ədəbiyyat vasitəsilə tanıdılması olduqca gərəkli yaradıcılıq işidir. Nazim Əkbərovun trilogiyası, sübhəsiz, dövlətçiliyimizin bərpası ilə bağlı tarixi həqiqətləri Hacı Zeynalabdin Tağıyevin ictimai fəaliyyəti prizmasında xalqımıza daha geniş çatdıracaq.
Mərasimdə “Libraff” şəbəkəsinin dəyişikliklər zamanı zəifləmiş kitab nəşri, təbliği və ticarətinin dirçəldilməsində təşəbbüskar fəaliyyəti təqdir edildi.
T.RÜSTƏMLİ
XQ