Suverenlik dövlətin və xalqın varlığının əsasını təşkil edən bir anlayışdır. O, dövlətin xarici müdaxilə olmadan özünü idarə etmək səlahiyyətini, xalqların öz muxtariyyətlərini, legitimlik və kimliklərini necə müəyyənləşdirdiklərini formalaşdıran əsas prinsipdir. Sadə dillə desək, suverenlik bir dövlətin xarici təsirə (nəzarətə) məruz qalmadan özünü idarə etməsi və müstəqil qərarlar qəbul etməsidir.
Suverenlik təkcə bir millət üçün öz ölkəsinin sərhədləri daxilində deyil, həm də beynəlxalq aləmdə həlledici əhəmiyyət kəsb edir.
İngiltərəli tədqiqatçı E.Xinsli suverenliyə mühüm siyasi və hüquqi anlayış kimi baxaraq, onun cəmiyyətdə ali və mütləq siyasi hakimiyyətin mövcudluğu haqqında ideyanı özündə təmsil etdiyini bildirmişdir.
Dövlət suverenliyi xalq suverenliyi ilə sıx bağlıdır və sonuncu da öz növbəsində fərdin suverenliyi olmadan mövcud ola bilməz. Dövlət və xalq suverenliyi fərqli anlayışlar olsalar da, bir-birinə zidd deyillər.
Dövlət suverenliyi hər bir dövlətin ayrılmaz mülkiyyəti, onun beynəlxalq hüquq qabiliyyətinin məcburi şərtidir. Dövlət suverenliyi, həmçinin, dövlət hakimiyyətinin, yəni ictimai-siyasi hakimiyyətin təşkilinin aliliyi, müstəqilliyi, tamlığı, ümumiliyi və müstəsnalılığına əsaslanır. Yəni, dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Dövlətin suverenliyi həm də üstün hakimiyyəti, heç bir halda kənar təftişə məruz qalmayan və müstəqil göstərişlər verən gücünü ehtiva edir.
Beynəlxalq hüquqa görə, suveren dövlət ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir.
Ayrı-ayrı vətəndaşların və cəmiyyətin suverenliyinin həyata keçirilməsi dövlətin suverenliyinin həyata keçirilməsini təmin edir. Ona görə də dövlətin suverenliyi onu formalaşdıran fərdlərin suverenlik səviyyəsindən asılıdır. Demokratik cəmiyyətlərdə dövlətin suverenliyi xalqın suverenliyinə əsaslanır.
Xalq suverenliyi – bir dövlətin xalqının ali hakimiyyətin yeganə qanuni və hüquqi daşıyıcısı və ya dövlət suverenliyinin mənbəyidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 21-ci maddəsinə əsasən, xalqın iradəsi hökumətin hakimiyyətinin əsasını təşkil edir, ümumi və bərabər seçki hüququ və azad səsvermə ilə ifadə edilir.
Müasir siyasi leksikonda “xalq suverenliyi” termini əsasən “demokratiya” anlayışı ilə əvəz edilmişdir. “Demokratiya” qədim yunan dilindən “xalq hakimiyyəti” kimi tərcümə olunur və yaxud Amerika Birləşmiş Ştatlarının prezidenti Linkolnun qeyd etdiyi kimi, “Xalq tərəfindən seçilmiş və xalq üçün olan xalqın idarəçiliyi” mənasını daşıyır. Bu fikrə əsaslanaraq deyə bilərik ki, demokratiya xalq suverenliyinə əsaslanan, xalq hakimiyyəti prinsipini meyar götürən ictimai quruluşdur.
Siyasi nəzəriyyənin neoliberal konsepsiyasının nümayəndələri qeyd edirlər ki, bütün demokratik dövlətlərdə xalq suverenliyi konstitusiya quruluşunun prinsipidir. Demokratik dövlətlərin siyasi sistemlərində xalqın suverenliyi özünü onda göstərir ki, ümumi mənafeyə nail olmaq istəyən xalq öz iradəsinin daşıyıcısı olan və siyasi qərarlar qəbul edən nümayəndələrini seçir.
Qanunun aliliyi xalqın suverenliyinin həyata keçirilməsinin prosessual tərəfini də təmin edir. Belə ki, xalq suverenliyi xalqın hakimiyyətində, demokratik idarəetmə formasının və müvafiq seçki sisteminin mövcudluğunda, milli-mədəni hüquqların həyata keçirilməsində reallaşır.
Milli qürur hissi çox vaxt dövlətin suverenliyindən qaynaqlanır. Belə ki, insanlar üçün suverenliyin əldə edilməsi möhkəmlik, birlik və kollektiv gücün simvoludur. İstər inqilabi hərəkatlar, istər müstəqillik uğrunda mübarizə, istərsə də sərhədlərin xarici təhdidlərdən qorunması yolu ilə suverenlik xalqın öz şərtləri əsasında inkişaf etməyə davam etməsini təmin edən bir qələbə kimi qeyd olunur.
Suverenlik vətəndaşlar arasında birlik, qürur və ümumi məqsədə xidmət etməklə milli kimlik hissini gücləndirir. Milli kimlik mücərrəd və ya ixtiyari bir anlayış deyil. O, bir xalqın tarixi, mədəniyyəti, dili və siyasi baxışları ilə əlaqədə formalaşır. Suverenlik isə bu elementlərin inkişafı və qorunub saxlanması üçün təməl rolunda çıxış edir. Bu iki konsepsiya bir-biri ilə sıx bağlıdır. Belə ki, milli kimlik və suverenliyin uyğunlaşdırılması, həqiqətən də, dövlətin mövcudluğu və uğuru üçün çox vacibdir. O, daxili sabitlik, sosial birlik və xarici əlaqə üçün möhkəm zəmin yaradır. Hər iki konsepsiyanın birlikdə tətbiq olunması həm daxili, həm də beynəlxalq münasibətləri məqsədyönlü idarə etməyə qadir olan vahid və güclü dövlətin yaranmasına dəlalət edir.
Eyni zamanda, milli kimlik (identiklik) öz vətəndaş komponenti vasitəsilə suverenliklə inteqrasiya bağlarına malikdir ki, bunsuz xalqların mövcudluğunu təsəvvür etmək çətindir.
Suverenlik milli kimliyin təməl sütunu olaraq qalır, bir xalqın öz mədəniyyətini qoruyub saxlaması, siyasi dəyərlərini müəyyənləşdirməsi və dünyada öz yerini təsdiq edə biləcəyi çərçivəni təmin edir. Bu, bir millətin şəxsiyyətinin inkişafına dəstək verən, insanların ortaq dəyər və istəklərinin qorunmasını və inkişaf etdirilməsini təmin edən təməldir.
Qlobal mənzərə inkişaf etməyə davam etdikcə, suverenliyin yalnız torpaq və ya idarəçilik üzərində nəzarətdən ibarət olmadığı məsələsi meydana çıxmış olur. Belə ki, dövlətlərin qərar qəbuletmə prosesində öz muxtariyyətlərini qoruyub saxlamaq qabiliyyəti qloballaşan dünyada getdikcə daha da mürəkkəbləşir. Məsələn, dövlətlər insan hüquqları, demokratiya və qanunun aliliyi kimi məsələlərdə beynəlxalq nəzarətlə (dövlətlərə üzv olduqları BMT və digər beynəlxalq təşkilatlar tərəfindən müxtəlif təzyiqlər göstərilə bilər) üzləşə bilərlər. Bu baxımdan, dövlətlər qloballaşma şəraitində mədəni kimliklərini və beynəlxalq təzyiqlər fonunda qərar qəbul etmədə öz muxtariyyətlərini qorumalıdırlar. Bu kontekstdə suverenlik təkcə xarici təsirlərə qarşı durmaq deyil, həm də əsas milli maraqlara və ya dəyərlərə xələl gətirmədən əməkdaşlığın mürəkkəbliklərində doğru qərarlar qəbul etməkdir.
Suverenliyin milli kimliyin təməl sütunu olmasına baxmayaraq, bu konsepsiyaya bugünkü qloballaşan dünyada getdikcə daha çox etiraz edilir. Beynəlxalq institutların, ticarət əlaqələrinin və dövlətlər arasında bağlanan beynəlxalq müqavilələrin sayının artması bəzən bir millətin muxtariyyətinə problemlər yarada bilər. Sərhəd mübahisələri, xarici təzyiqlər kimi məsələlər bir dövlətin suverenliyini və daha çox onun milli kimliyini təhdid edə bilər. Məsələn, əgər ölkə daxilində bir region və ya etnik qrup müstəqil olmaq istəyirsə, o, dövlətin təşviq edə biləcəyi vahid milli kimlik anlayışına qarşı çıxmış olur.
1990-cı illərin əvvəllərində ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qalması nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi Azərbaycanın həmin ərazilər üzərində daxili suverenliyini məhdudlaşdırdı. Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etməklə tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrın 19-da birgünlük antiteror əməliyyatı zamanı isə torpaqlarımızdakı erməni silahlı birləşmələri Azərbaycan torpaqlarından birəfəlik təmizləndi.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu və Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümünü nəzərə alaraq, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar suverenliyə dair tarixi faktların araşdırılması və beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi, suverenlik dəyərlərinin və dövlətçiliyimizin daha da möhkəmlədirilməsi, həmçinin milli və hüquqi dəyərlərin təbliğ olunması baxımından ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.
Suverenlik xalqlara öz gələcəklərini müstəqil müəyyən etməyə imkan verir və bu da öz müqəddəratını təyinetmənin güclü simvoludur. Ölkə başçımız “Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir” ifadəsini işlətməklə Azərbaycan üçün suverenliyin və ərazi bütövlüyünün vacibliyini bir daha vurğulamışdır.
Bir millət üçün suverenlik hüquqi müstəqillikdən daha geniş məfhumdur – öz müqəddəratını təyinetmə bəyannaməsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bizim üçün ən ali dəyərdir. Biz bu prinsipləri hər zaman qoruyacaq və müdafiə edəcəyik”.
Aygün ARİFLİ,
Hüquq və İnsan Haqları İnstitutu
Hüquqi tədqiqat şöbəsinin əməkdaşı