Dövlət informasiyasının mötəbər tribunası

post-img

Bu gün Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşı tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar müxtəlif adlar altında fəaliyyət göstərib və Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarıb. Hansı adı daşımasından asılı olmayaraq, bu qurum hər zaman respublikamızda rəsmi xəbər yayıcılığının flaqmanı olub.

AZƏRTAC-ın yubileyi ilə əlaqədar reportaj hazırlamaq üçün oraya getməzdən əvvəl agentliyin şanlı tarixinə ekskurs etdik. Öyrəndik ki, Azərbaycan Teleqraf Agentliyinin təşkili barədə məsələ ilk olaraq 1919-cu il martın 3-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında müzakirəyə çıxarılıb. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə məruzəsi dinlənilib və agentliyin təşkili xalq maarif naziri Nəsib bəy Usubbəyova tapşırılıb. Sonradan bu səlahiyyət Poçt və Teleqraf Nazirliyinə həvalə edilib. 1919-cu ilin 2-ci yarısında AZƏRTAC-ın yaradılması haqqında qanun layihəsi və əsasnamə hazırlanıb. 1920-ci il fevralın 2-də agentliyin ştatlarının layihəsi və əsasnaməsi Milli Hökumətin iclasında müzakirə edilərək parlamentə təqdim olunub. Parlamentin fevralın 23-də keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AZƏRTAC-ın yaradılmasının zəruriliyini bir daha əsaslandırıblar.

Təşkilati işlər, texniki avadanlıq əldə olunması və kadr axtarışları xeyli vaxt aparıb. Nəhayət, 1920-ci il martın 1-də respublikamızın ilk milli xəbər agentliyi öz işinə start verib. Ertəsi gün “Azərbaycan” qəzetində “AZƏRTAC”ın mübarək imzası ilə ilk xəbərlər dərc olunub. Lakin o, müstəqil xəbər ünvanı kimi cəmi 58 gün fəaliyyət göstərə bilib. Həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə AZƏRTAC-ın da çətin günləri başlanıb. Dövrün sərt küləkləri işi yenicə sürət yığmağa başlayan agentliyin də başı üzərində əsib və AZƏRTAC müstəqilliyini itirib. O, faktiki olaraq Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) yerli filialına çevrilib. Təbliğatı bütünlüklə sovet ideologiyası üzərində qurulub. Hətta 1922–1936-cı illərdə üç Cənubi Qafqaz respublikasının agentlikləri birlikdə ZaqTAQ adı ilə fəaliyyət göstərib, yəni səlahiyyətlər xeyli məhdudlaşdırılıb. Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu 70 ildə agentliyin adı 7 dəfə dəyişdirilsə də, Moskvadan gələn tezislər çərçivəsinə sıxışdırılsa da, dövrün mürəkkəbliyinə və ziddiyyətlərinə baxmayaraq, AZƏRTAC bilavasitə Azərbaycanın salnaməsini yazmaqda davam edib.

Həmin illərdə burada bir çox ünlü jurnalistlər, sonrakı dövrlərin qələm sahibləri, publisistlər və digər sahələrin tanınmışları çalışıblar. Bu gün onlardan Qubad Qasımov, Xasay Vəzirov, Rafiq Zeynalov, Azad Şərifov, Natan Barski, Qoldşteyn, Şamil Şahməmmədov və başqalarının adları ehtiramla yad olunur.

Ulu öndər Heydər Əliyevin agentliyin 25 il əvvəl – AZƏRTAC-ın 80 illiyində imzaladığı təbrik məktubundan: “Azər TAc fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularının carçısına çevrilmiş, onun ictimai-siyasi amallarının, milli-mənəvi dəyərlərinin və müstəqil dövlətçilik qayğılarının yorulmaz təbliğatçısı missiyasını yerinə yetirmişdir. AzərTAc Xalq Cümhuriyyətinin süqutundan sonra da öz fəaliyyətini davam etdirmiş və sovet quruluşu çərçivəsində xalqımızın SSRİ və dünya səviyyəsində tanıdılmasında, Azərbaycanda həyata keçirilən quruculuq işlərinin işıqlandırılmasında öz önəmli rolunu oynamışdır... AzərTAc-ın kollektivi milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə bərabər, dünya informasiya məkanında layiqli yer tutmaq üçün daha əzmlə çalışmalıdır. Bu gün Azərbaycan dövləti ölkə konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm prinsiplərinə sadiq qalaraq, kütləvi informasiya vasitələrinin inkişafı üçün hərtərəfli şərait yaratmış və bu sahədəki səylər bundan sonra da dönmədən davam etdiriləcəkdir”.

Bəli, ötən onilliklərdə agentliyin kollektivi Azərbaycan həqiqətlərinin ölkə ictimaiyyətinə və beynəlxalq aləmə çevik və dolğun şəkildə çatdırılmasında yüksək peşəkarlıq nümunəsi göstərib, vətənimizə və xalqımıza sədaqətlə xidmət edib. Bu gün AZƏRTAC kollektivi öz müqəddəs və şərəfli missiyalarını layiqincə yerinə yetirir. AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq 8 dildə – Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq, operativ informasiya yayır.

AZƏRTAC-ın 105 illiyi ərəfəsində orada olarkən yaradıcı və texniki kollektivin adi qaydada gərgin və məhsuldar işlədiyinə şahidlik etdik. Üç il əvvəl istifadəyə verilmiş yeni binanın rahat və işıqlı guşələrində əsl yaradıcı mühit hökm sürürdü. Hansısa tədbirdən yenicə qayıtmış müxbirlər kompüter qarşısında isti-isti xəbər yazıb təhvil verməyə tələsir, tərcüməçilər mətnləri bir dildən digərinə çevirir, redaktorlar onlara ötürülən materialları nəzərdən keçirib düzəlişlərini edir, dizaynerlər estetik tərtibat üzərində çalışır, multimedia və videoxəbər xidməti isə texnoloji imkanlardan daha səmərəli yararlanmağa cəhd göstərirdilər. Ümumi işə mane olmadan, yubilyar kollektivin nümayəndələrinin bayram ovqatlı duyğu və düşüncələrini dinləmək istədik. Müsahiblərimizin fikirlərini oxuculara təqdim edirik.

Abbasəli Yadigarov, Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru:

– Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra artıq hökumət anlayırdı ki, ölkədə milli informasiya agentliyinin yaradılması mütləq zərurətdir. Ona görə də, uzun müzakirələrdən sonra parlament bu barədə qərar qəbul etdi və beləliklə də 1920-ci ilin martın 1-dən AZƏRTAC fəaliyyətə başladı. Təəssüflə qeyd etməliyəm ki, AXC-nin süqutu ilə AZƏRTAC da tənəzzül mərhələsini yaşadı. 70 illik sovet rejimi dövründə AZƏRTAC-ın fəaliyyətini 2 yerə bölmək olar: 1969-cu ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər olan və ondan sonrakı dövrlər. 1969-cu ilədək AZƏRTAC fərqli adlarla kiçik xəbər buraxılışları təqdim edib. Ulu öndərin hakimiyyətdə olduğu ilk dönəmdə isə AZƏRTAC-ın da həytında əsl dönüş başlandı. Agentlik artıq SİTA-nın Cənubi Qafqazada əsas informasiya buraxılışını həyata keçirməyə başladı. Bu dövrdə AZƏRTAC-ın texniki-təchizat məsələlərinə diqqət göstərildi. Agentlik kompüterlərlə təmin edilməyə başlanıldı.

Agentliyimizin daha da inkişaf etməsi Azərbaycanın müstəqillik qazanması və Ulu öndərin hakimiyyətə qayıdışına təsadüf etdi. Qurumun adı 1992-ci ildə bərpa edildi və biz, AZƏRTAC kimi fəaliyyətimizi davam etdirdik. Agentliyin inkişafı ilə əlaqədar müəyyən fərmanlar, sərəncamlar imzalandı. Beləliklə, dövlət informasiya agentliyi kimi AZƏRTAC beynəlxalq əlaqələrini də gücləndirməyə başladı. Məhz 2000-ci ildə AZƏRTAC-ın inkişafı beynəlxalq əlaqələrin genişlənməsi ilə əlamətdar oldu. 2004-cü ildə agentlik Asiya və Sakit Okean ölkələri təşkilatına (OANA), bundan 4 il sonra Avropa Xəbər Agentlikləri Alyansına (EANA) daxil oldu. Artıq AZƏRTAC xarici ölkələrlə daha operativ xəbər mübadiləsi aparmağa başladı.

Bunlardan əlavə, AZƏRTAC 2016-cı ildə Dünya Xəbər Agentliklərinin konqresində (NACO) evsahibliyi etdi. Eyni zamanda, OANA-nın baş assambleyası Bakıda keçirildi. AZƏRTAC hər iki quruma sədrliyi həyata keçirdi.

2017–2018-ci illərdən sonra ölkə iqtisadiyyatının sürətli yüksəliş dinamikası sayəsində müxtəlif sahələrə dair xəbərlər artmağa başladı. Vətən müharibəsi dövründə, 44 günlük Zəfər Yürüşü zamanı AZƏRTAC dünyaya haqq savaşımızla bağlı informasiyaların yayılmasında xüsusilə böyük rol oynadı.

Hazırda agentlik gün ərzində 8 dildə, 600-dən çox foto və videolu xəbər yayımlayır. AZƏRTAC 50-dən çox ölkənin 150-dən çox informasiya agentliyi ilə əlaqələr qurub, səmərəli xəbər mübadiləsi həyata keçirir. Ölkəmizin xəbərləri dünyanı ən müxtəlif guşələrinə gedib çıxır. Maddi-texniki təchizatımız günün tələbləri səviyyəsindədir, müasir, modern texniki avadanlıqlarımız var.

AZƏRTAC 2022-ci ildən bu yeni binaya köçürülüb. Köhnə binada da texniki baxımdan təchizatımız yaxşı olub, amma bura hər cəhətdən daha yaxşıdır. AZƏRTAC-da video informasiya bölməsi də fəaliyyət göstərir. Son 10 il ərzində inkişafımız xeyli artıb. Canlı bağlantılar, informasiyanın anında və düzgün çatdırılması istiqamətində nəzərəçarpan irəliləyişimiz var.

AZƏRTAC-dan Azərbaycan mətbuatının dahiləri keçib. Gənc işçilərimiz də nəsillərin estafetini layiqincə davam etdirirlər. Yazı elədir ki, burada redaktə məsələləri ön sırada gəlir. Odur ki, gənclərin təcrübəyə ehtiyacı var. Bu mənada yaşlı nəslin nümayəndələrinin sayəsində biz bu şərəfli peşənin bir çox sirlərini öyrənmişik. Gənclər bu gün də yaşlı nəslin nümayəndələrinin bilik və təcrübəsindən hərtərəfli bəhrələnirlər. Məsələn, Əməkdar jurnalist, ustad Dağbəyi İsmayılov bizdən ötrü əsl məktəbdir, AZƏRTAC-ın inkişafında böyük əməyi var. Digər ustadlardan Elman Qədirovun, Oqtay Məmmədovun, Yaşar Quluzadənin, Sevinc xanımın adlarını çəkə bilərəm, onlardan da çox şeyi öyrənmişik. Bəziləri yaşla əlaqədar işdən ayrılıblar. Mən Şamil Şahməmmədovu şəxsən görməsəm də, sırf peşəkar rəhbərlərdən söz düşəndə onun adını çox çəkirlər. Haqqında deyirlər ki, qəzeti əlinə alıb yuxarıdan aşağı baxan kimi bilirmiş ki, burada hansı səhvlər var. Bax, bu qədər peşəkarcasına, cəldliklə... Bu gün yubileyi nailiyyətlərlə qarşılamağımızda həm də və daha çox möhtərəm ustadlarımızın zəhmət payı danılmazdır.

Nigar Hüseynova, Rus dilində informasiya baş redaksiyasının baş redaktoru:

– İndiki Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. AZƏRTAC-da 21 ildir işləyirəm. Redaksiyamızın əhatə dairəsi təkcə rus dilində xəbər hazırlamaqla məhdudlaşmır, mədəniyyət redaksiyası, tərcüməçilər bölməsi də bizdədir. Redaksiyamızda 22 nəfər işçi çalışır. Bizim işimizin 80 faizi tərcüməyə aiddir. Buraya rəsmi xronika, ölkədə baş verən əsas hadisələrin Azərbaycan dilində yayımlanan xəbərlərinin tərcüməsi aiddir.

Mən hazırkı vəzifəni 2 ildir ki, tuturam, amma 12 il xaricdə – Pribaltika respublikaları, İspaniya, Finlandiya, Mərakeş, Portuqaliyada müxbir işləmişəm. Həyatda, peşə sahəmdə bütün uğurlarım, yüksəlişim məhz AZƏRTAC-la bağlıdır. Burada çalışmaq həm məsuliyyətlidir, həm də adama əvəzsiz zövq verir.

Bu gün AZƏRTAC-ın 105 illiyini qeyd edirik. Agentliyimiz möhtəşəm inkişaf yolu keçib. Fərəh doğuran böyük uğurlara imza atıb. Bu nailiyyətlərin təməlində Ulu öndər Heydər Əliyevin AZƏRTAC-a xüsusi diqqəti, qayğısı durur. Prezidentimiz İlham Əliyevin mediaya, KİV-lərə hərtərəfli dəstəyi durur. Ölkənin ən mötəbər rəsmi media məlumatları mənbəyi sayılan AZƏRTAC operativ, obyektiv informasiya təminatında aparıcı mövqeyini əzmlə qoruyur.

Hədəfimiz həm daxili, həm də rusdilli auditoriyaya bacardıqca geniş informasiya xidməti göstərməkdir. Müsahibələrə üstünlük veririk, eyni zamanda, bütün beynəlxalq sərgiləri işıqlandırırıq. “Azərbaycanın istedadları” adlı rubrika açmışıq və burada musiqi, incəsənət, rəsm sahələrində parlaq uğur qazanan, beynəlxalq müsabiqələrdə fərqlənən istedadlı azərbaycanlılar haqqında yazılar dərc edirik. Dövlət xətti ilə xaricdə oxuyan tələbələrə də yer ayırırıq. Yeni başlayan sahibkarlara dəstək üçün yaradılmış ABAD publik hüquqi şəxsdən yararlananlardan, ABAD xətti ilə Qarabağda təsərrüfat və istehsal sahəsində məşğul olanlardan da maraqlı reportajlar hazırlayırıq. Rus dilində video reportajlarımızın maraqla qarşılanması da bizə əlavə yaradıcılıq stimulu verir. Onu da deyim ki, ötən payız COP29-a əsasən AZƏRTAC informasiya nəfəsi verdi. Həmin günlər komandamız bir yumruq kimi birləşərək işlədi. Xəbərlərin tirajlanmasında məhsuldarlığa və operativliyə görə AZƏRTAC 1-ci yerdə qərarlaşdı. COP29-da gənclərimiz olduqca yüksək fəallıq göstərdilər. Ölkə rəhbərliyi onların zəhmətini yüksək qiymətləndirdi. Təşəkkürnamələr, mükafatlar verildi.

Yeri gəlmişkən, AZƏRTAC-a bacarıqlı cavanlar çox cəlb edilir, onlar üçün meydanımız genişdir. Bizdə universitetlərin jurnalistika fakültələrində təhsil alan bir neçə tələbə artıq sınaqdan uğurla keçərək rəsmi iş yeri qazanıb. AZƏRTAC-ın 21 ölkədə müxbiri var. Hər müxbir təkcə yerləşdiyi ölkənin deyil, həmin dövlətin sərhədlərinə yaxın 3-4 ölkənin xəbərlərini hazırlayır. Müxbirlərimizin xarici KİV-lərdə də məqalələri dərc olunur. Məqsədimiz əlaqələri daha da genişləndirmək, əməkdaşlığı daha işlək hala salmaqdır.

Elşən Şahbalayev, AZƏRTAC-ın İdarə heyətinin üzvü, Qlobal kommunikasiya və informasiya idarəsinin müdiri:

– AZƏRTAC-ın hazırda 54 xarici informasiya agentliyi və media subyekti ilə tərəfdaşlıq mübadiləsi var. Çinin Sinxua, Yaponiyanın Kioda agentlikləri, demək olar ki, bütün ölkələrin əsas milli xəbər agentlikləri ilə əməkdaşıq. Bu cür şəbəkənin formalaşması, əlbəttə ki, vaxt aparıb. Hər bir xarici agentlik digər ölkənin agentliyi ilə əməkdaşlıq qurursa, əsas xəbəri yayımlayana üstünlük verir. AZƏRTAC da Azərbaycanın aparıcı xəbər agentliyi olduğundan, daha çox bizimlə birbaşa əlaqələrə üstünlük verirlər. Məsələn, keçən il bizim 6 müqaviləmiz olub. Onun da 4-ü yeni xəbər agentliyidir. Hazırda istiqaməti Afrika ölkələrinin agentliyinə yönəltmişik. Məsələn, Senaqal, Əlcəzair. Mərakeşlə də layihə üzərində işləyirik. Asiya agentlikləri ilə oturuşmuş əlaqələrimiz var. Əlavə olaraq, Malayziyanın Bernama, İndoneziyanın Antara agentliklərini də misal çəkə bilərəm.

Avropa ölkələrində də xeyli tərəfdaşımız var. Onlarla təkcə müqavilə çərçivəsində yox, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Məsələn, Avropa Xəbər Agentlikləri Alyansı – EANA-da 32 agentlik birləşir və biz də 2008-ci ildən onun üzvüyük. Skandinaviya ölkələrinin agentlikləri ilə birbaşa müqaviləmiz olmasa da, əməkdaşlığımız davam edir. İtaliyanın “AISE” agentliyi bizimlə müqaviləni yeniləyib ki, Azərbaycan haqqında informasiyanı “Reuters”, “Associated Press” kimi beynəlxalq agentliklərdən yox, birbaşa bizim özümüzdən alsın. Agentliklər informasiyanı vasitəçisiz almaqda maraqlıdırlar. Çünki vasitəçi ilə xəbər ötürüləndə ilk mənbə ilə uyğunsuzluq yarana bilər, dezinformasiyalar yayılar.

Bu il də müqavilə layihələri imzalamaq, mövcud müqavilələri yeniləmək planlarımız var. Digər istiqamət AZƏRTAC-ın xarici müxbir şəbəkəsidir. 24 ölkədə 25 müxbirimiz var (Türkiyədə Ankara və İstanbul şəhərləri olmaqla, bizim 2 müxbirimiz çalışır). Çalışırıq ki, “freelance”, yəni sərbəst müxbirlər də cəlb edək. Adətən öz ölkəmizin vətəndaşını xarici ölkəyə göndəririk. İstəyirik ki, xarici ölkənin vətəndaşı, yaxud orada yaşayan azərbaycanlı müxbirlə işləyək. Məsələn, Pakistanda müxbir məntəqəmiz yoxdur, lakin biz pakistanlı jurnalisti əməkdaşlığa cəlb etmişik. O elə Pakistanın milli xəbər agentliyinin işçisidir. Mərakeşli sərbəst müxbirimiz də var. Büdcə imkan verdikcə bu cür müxbirlərin də sayını genişləndirmək istəyirik.

Daha bir istiqamətimiz xarici dillərdə informasiyalardır. Azərbaycan haqqında informasiyaların dünya miqyasına çıxarılması üçün də təkcə xəbərləri hazırlayıb sayta qoymaq deyil, onun yayılmasını da təmin etməkdir. SEO optimallaşdırma, “Google” kimi axtarış sistemləri vasitəsilə, açar sözlərin köməyi ilə bu informasiyaları xarici auditoriyaya çatdırırıq. Bunun üçün də veb-saytın SEO mexanizmi elə vəziyyətdə olmalıdır ki, axtarış sistemlərinin tələblərinə cavab versin. Bu istiqamətdə də işlər aparırıq. Eyni zamanda, sosial şəbəkələrdəki hesablarımızı inkişaf etdiririk. Sosial şəbəkələrimizin Azərbaycandilli olanları təsdiqlənib.

Ümumilikdə, mediaya 3 texnoloji dalğa təsir edib. Birinci dalğa rəqəmsallaşma və mobil texnologiyalara keçid idi. İkinci dalğa sosial media, sosial şəbəkələrin yayılmasıdır. Bununla xəbərin təqdimatı və istehlak formaları dəyişdi. Məsələn, əvvəl videolar horizontal idisə, indi vertikal təqdim edilir ki, oxucu və izləyicilər onları sosial şəbəkə vasitəsilə daha rahat qəbul edə bilsinlər. Üçüncü dalğa isə süni intellektdir. Tətbiqinə 5 il bundan qabaq başlanıb. İlk olaraq bizdə özünü “Amazon”un proqramı üzrə videoların səsləndirilməsi ilə göstərdi. O vaxt robot olduğu hiss edilirdi, indi isə canlı insan səsindən, görüntüsündən fərlənmir. Süni intellektin imkanları, proqramları get-gedə daha da genişlənir. Bunun da mediaya güclü təsiri olacaq.

Biz kadr məsələləri ilə əlaqədar Bakı Dövlət, Bakı Slavyan, Dillər universitetləri ilə işləyirik. Hər il tələbə-jurnalistlər üçün 3 aylıq təlim proqramımız olur. Təlimlərdən keçən gənclərdən özünü doğruldanları işə götürürük. Artıq təlim proqramını uğurla bitirən 3 tələbə bizimlə işləyir.

Müsahiblərimizin dediklərinə əlavə olaraq bildirək ki, AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından beş dildə videoxəbərlər hazırlayır, onları azertag.az saytı, xəbər bülletenləri, həm də sosial şəbəkə hesabları (agentliyin müxtəlif dillərdə və fərqli profilli ümumilikdə 30 sosial şəbəkə səhifəsi var) vasitəsilə yayır. Burada “Gəzdim Azərbaycanı”, “Abidələrimiz”, “Dünya şəhərləri” və digər bir sıra layihələr də hazırlayır.

Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayan, 5 qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparan AZƏRTAC həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində “Associated Press”, “Reuters”, “Press Association”, DPA, “Sinxua” və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə fəal əməkdaşlığını davam etdirir. Ötən il isə İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında AZƏRTAC ATNA-nın baş katibi seçilib.

AZƏRTAC-da çalışan həmkarlarımızı 105 illik yubileyləri münasibətilə təbrik edir, yeni uğurlar arzulayırıq!

Əli NƏCƏFXANLI,
Elşən AĞALAR (foto)
XQ











Sosial həyat