Ermənistan Gürcüstana Qərbdən gizli qapı açır

post-img

Ermənistanın indi də Qərbin forpostuna çevrilməsi çoxdan məlumdur. İrəvanın ABŞ, Fransa və bütövlükdə Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma kursunu kəskin şəkildə gücləndirməsi bu faktı təsdiqləyir. Bu yaxınlaşma hətta İrəvanın “vasitəçi” rolunun da artmasına rəvac verir. Söhbət Gürcüstanda keçirilən etiraz aksiyalarının Aİ tərəfindən maliyyələşdirilməsində Ermənistanın rolundan gedir. Aydındır ki, İrəvan Qərbə yarınmaq və “strateji əhəmiyyətini” artırmaq üçün özünü baha satmağa çalışır. Amma qonşu və “qardaş” hesab etdiyi Gürcüstan xalqının maraqlarına zidd olması amili də İrəvanı çəkindirmir. Ən əsası, ermənilərin bu “missiyası” regional təhlükəsizlik üçün də təhdiddir.

Gürcüstan xalqının iqtidarı dəstəkləməsinə baxmayaraq rəsmi Tbilisiyə qarşı “Səlib yürüşü”nü davam etdirir. 2024-cü il oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirildi və bunun nəticəsində hakim “Gürcü Arzusu” partiyası qalib elan edildi. Lakin müxalifət və sabiq prezident Salome Zurabişvili nəticələri tanımadı və vətəndaşları etiraza çağırdılar. Etiraz aksiyaları Tbilisidə başladı və küçələrə çıxan radikal müxalifət nümayəndələri və QHT-çilər seçkinin nəticələrinin ləğv edilməsini və yeni parlament seçkilərinin keçirilməsini tələb etdilər. Aİ də səsvermənin nəticələrini tanımaqdan imtina etdi, buna cavab olaraq hakim “Gürcü Arzusu” partiyası Avropaya inteqrasiya prosesini dayandırdı. Brüssel və ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyası Gürcüstan hakimiyyətinə qarşı bir sıra sanksiyalar tətbiq etdi.

Təbii ki, gürcü xalqı avantüristlərin çağırışlarını dəstəkləmədi və ölkənin xaosa sürüklənməsinə, geosiyasi oyunların qurbanına çevrilməsinə imkan vermədi. Bununla belə, radikal müxalifət və onun tərəfdarları hələ də Gürcüstanda xalqın seçdiyi siyasi qüvvəni devirməyə çalışırlar. Zəif də olsa, hökumətə qarşı olan qüvvələr etirazlarını davam etdirməyə çalışırlar. Bəs etirazçılar gücü, daha doğrusu, maliyyəni hardan alırlar? Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) xəbər verir ki, Gürcüstanda keçirilən etiraz aksiyalarının Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi Aİ ölkələrinin Ermənistandakı səfirlikləri vasitəsilə həyata keçirilir. XKX bildirir ki, “Aİ-nin Gürcüstandakı nümayəndəliyi hökumət əleyhinə etiraz aksiyalarının hər bir iştirakçısına 120 avroya qədər pul ödəyir”.

Bundan başqa, Rusiya xüsusi xidmət orqanlarının fikrincə, “ümumilikdə Brüssel Gürcüstanda blogerlər, jurnalistlər, İT mütəxəssisləri və rusiyalı köçkünlər arasında hökumət əleyhinə əhval-ruhiyyə yaratmağa çalışır”. Bildirilir ki, “Bu məqsədlər üçün blogerlərə 50 min avroya qədər vəsait ayrılmağa hazırdırlar”. “Avropa rəsmiləri etirazları gücləndirmək və hakim “Gürcü Arzusu” partiyasına qarşı müxalifət partiyalarının “birləşmiş yumruğu” yaratmaq istəyirlər”, – bəyanatda deyilir. Bundan başqa, Rusiyanın XKX-yə daxil olan məlumata görə, Aİ-nin rəhbərliyi nəyin bahasına olursa olsun, Gürcüstanı “demokratiya və Avropaya inteqrasiya yoluna qaytarmaq” məqsədini güdür. Brüssel bürokratiyası “Qərb təsirinin Zaqafqaziyada mühüm qalası”nın itirilməsinə imkan verə bilməz”. Gürcüstanı “itirdiyini” anlayan Qərb dairələri pul ötürmə məntəqəsi kimi Ermənistandan istifadə edirlər.

Gürcüstan hökuməti də müxalifətin etiraz aksiyalarının, o cümlədən ABŞ-ın nəzarətində olan, ancaq tarixin arxivinə atılmağa çox yaxın olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirildiyini bəyan etmişdi. ABŞ hökuməti ForeignAssistance.gov portalının məlumatına görə, 2024-cü ildə USAID Gürcüstana seçki proseslərinin dəstəklənməsi, qanunun aliliyinin gücləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı üçün 111,5 milyon dollar ayırmışdı. Bundan başqa, Gürcüstanda qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsini digər Amerika fondları, o cümlədən ABŞ Demokratik Partiyası ilə əlaqəli olan Milli Demokratiyaya Yardım Fondu (NED) təmin edir.

Bununla əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirmişdi ki, ABŞ-ın yeni administrasiyasının inqilabi prosesləri, o cümlədən NED vasitəsilə ayırılan vəsaitləri məhdudlaşdırması vacibdir. Onun sözlərinə görə, bu fonda məhdudiyyətlər “Gürcüstan üçün vacibdir”: “Ölkəmizdə çox ciddi anti-dövlət fəaliyyətləri bu fond vasitəsilə maliyyələşdirilir və bu, nə qədər az olsa, Gürcüstan üçün bir o qədər yaxşıdır”.

Qərb mətbuatının yazdığına görə, NED dünya üzrə 2 mindən çox layihənin maliyyələşdirilməsini dayandırmalı olduğunu bildirdi. Amma Qərb Gürcüstan iqtidarını devirmək planlarından əl çəkmir və bu işdə Ermənistanın köməyindən yararlanır. Bunun üçün “qoca qitə” yenə proqramlar həyata keçirməyə hazırlaşır. Məsələn, fevralın 27-də Aİ-nin Gürcüstanda “vətəndaş cəmiyyətinə dəstək üçün” yeni proqram elan etdiyi məlum oldu. “Novosti-Qruziya” yazır ki, “Transformasiya üçün Davamlı, Maraqlı və Fəal Vətəndaş Cəmiyyəti (REACT) adlanan proqram iki illik müddəti əhatə edəcək. Layihə Konrad Adenauer Fondunun (KAS) dəstəyi ilə ölkənin 10 regionunda həyata keçiriləcək. Bundan başqa, REACT-ın 500 icma və xeyriyyə təşkilatı və təbliğat qruplarını əhatə edəcəyi gözlənilir. Layihədə fəallar, gənclər, müəllimlər və alimlər də daxil olmaqla 3000-ə qədər vətəndaş iştirak edəcək. Proqrama biznes nümayəndələri də qoşula biləcəklər.

Göründüyü kimi, Qərb Gürcüstanda yaranmış reallığı qəbul etmək istəmir və yeni qrantlar paylamaqla rəsmi Tbilisiyə təzyiqi artırmağa çalışır. Bir çox ölkədə fəaliyyəti qadağan olunmuş və Almaniyanın bir növ “yumşaq güc”ünə çevrilmiş Konrad Adenauer Fondunun vasitəçiliyilə Aİ Gürcüstanda radikal müxalifətə yeni nəfəs vermək istəyir. Bu “nəfəsliy”in də Ermənistan olduğu bildirilir. İndi ermənilər Qərbin forpostuna çevrilməyə can atır və geosiyasi xətt formalaşdırmağa çalışırlar. İrəvanın Gürcüstan məsələsində Qərbə kömək etməsi barədə kəşfiyyat məlumatları onu göstərir ki, Ermənistan pul ötürmə məntəqəsi rolunu oynayır və bununla da qonşusuna xəyanət edir. Ən əsası, belə “vasitəçilik” həm də regional təhlükəsizliyə təhdid yaradır və bu da İrəvanın odla oynadığını bir daha təsdiqləyir.

S.ELAY
XQ

Siyasət