Azərbaycan milli mətbuatı – 150
(əvvəli 19,23 fevral 2025-cil tarixli sayımızda)
İKİNCİ MƏQALƏ
2 il əvvəl – 1925-ci ilin sonunda radiostansiya açmaq üçün görülən tədbirləri sınaqdan keçirməyə, təcrübələr aparmağa başlananda Bakıda bir ədəd 10 kilovat gücü olan qığılcımlı stansiya vardı. Azərbaycan radiosunun bir yaşı tamam olanda 110-dan çox stasionar, 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1927-ci ilin fevral və mart aylarında verilişlərin yayım saatını artırmaq məqsədi ilə kollektivə yeni kadrlar toplanışına başlanılmışdı.
Fevralın 16-da Azərbaycanın paytaxtında Bakı Şəhər Partiya Komitəsi Radiostansiyasının fəaliyyətini müzakirəyə çıxaran böyük və geniş tərkibli müşavirə keçirdi. Müşavirədə radionun texniki təminat məsələləri müzakirə olundu, perspektiv saat artımı nəzərə alınaraq maliyyə imkanları əsaslı şəkildə araşdırıldı. Mövcud çatışmazlıqları aradan qaldırmaq üçün geniş qərar qəbul olundu. Qərarda göstərilirdi ki, Bakı radiostansiyasının yeni texniki imkanlarının qısa müddətdə istismara buraxılması Xalq Poçt-Teleqraf Komissarlığına tapşırılsın. Eyni zamanda qərara gəlinmişdi ki, komissarlıq radionun verişilərinin səslənməsini hər gün saat 18-dən 24-ə qədər fasiləsiz şəkildə təmin etsin.
Qərarda həmçinin “Bakı rayonlarının radiolaşdırılmasını sürətləndirmək, şəhərdə yardımçı translyasiya məntəqələri quraşdırmaq, müəssisələrdə, camaatın gur olduğu küçələrdə və klublarda, mədəniyyət saraylarında əlavə səsucaldanlar quraşdırmağın zəruriliyi bildirilmişdi. Yaradıcı işçilərin qarşısında isə yaxın dövr üçün forma və məzmunca yeni radioproqramlar tərtib etmək vəzifəsi qoyulurdu” (Y.Əlizadə, Q.Məhərrəmli, “Azərbaycan efiri”. – Bakı: Nurlan, 2006)
Radionun iki yaşının tamamında efirdə “Satira atəşiylə”, “Ədəbiyyatın vəzifələri”, “Yeni həyat uğrunda”, “Radio saatı” verilişləri vardı. Xalq Komissarları Sovetində nəzərdə tutulan Əsasnamənin geniş müzakirəsi oldu. Sonra radionun perspektiv planlar üçün 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Sovetinin “Radio Verilişləri və Radiolaşdırma Komitəsi Haqqında Əsasnamənin Təsdiq Edilməsi” qərarı oldu.
Təsdiq edilmiş əsasnamənin birinci bəndində yazılıb: “Azərbaycan SSR hüdudları daxilində radio verilişləri və radolaşdırma işinin birləşdirilməsi məqsədi ilə Azərbaycan SSR Xalq Komissarları yanında Radio Verilişləri və Radiolaşdırma Komitəsi (“Azərradio”) təşkil edilir”. Qərarda həmçinin Radio Verilişləri və Radiolaşdırma Komitəsinin Tərkibi təsdiqləndi, onun vəzifələrinə daxil olan məsələlər, vəsaitinin necə yaranması müəyyənləşdirildi, “Azərradio”nun hüquqi səxs kimi əsas səlahiyyətləri göstərildi, ona özünün dövlət gerbi möhürünə malik olmaq hüququ verildi.
Komitə hüququ alan “Azərradio”nun bütün bədii və texniki təminatı, kadr strukturu, fəaliyyət prinsipləri və məqsədləri tamamilə yenidən quruldu. Kollektiv özünün yaxın üç illik üçün yaradıcılıq layihə-planlarının əsas müddəalarını hazırladı və yüksək ruh yüksəkliyi, yaradıcılıq ehtirası ilə işləməyə başladı. SSRİ miqyasında 7 noyabr 1928-ci ildə Moskvda keçirilən radiosəsləşmə tədbirlərində və müzakirələrində beş böyük şəhərlə birlikdə Bakı radiostansiyasının nümayəndələrinin iştirakı böyük hadisəyə çevrildi.
Bu hadisə milli radiomuzun böyük uğuru və inkişafı kimi qiymətləndirilib. Həmin il 1 dekabrda Azərbaycan radiostansiyasında ictimai-siyası təbliğatı gücləndirmək məqsədilə fəhlə radiostansiyası təşkil edilib və ora xüsusi təbliğatçılar cəlb olunublar.
Radioda sosial-siyasi, ideoloji-maarifçi işlərin efirə verilməsi aşağıdakı sistemlə aparılırdı:
a) Radioqəzetlər, radio jurnallar, “İşçi günortası”;
b) Müxtəlif mövzularda fəhlə radio universitetləri;
c) Əvvəlcədən hazırlanan və studiyadan yayımlanan müxtəlif mövzularda xüsusi məruzələrin oxunuşu:
ç) Gənclərin siyasi görüşlərini artırmaq üçün təbliğatı gücləndirmək, onlarla sosial-maarifləndirmə işləri aparmaq üçün “Komsomolçular saatı”;
d) Rəsmi Dövlət və Hökumət, müxtəlif komissarlıq yığıncaqlarının translyasiyası. Həmçinin elmə, mədəniyyətə, kənd əməkçilərinə həsr olunan verilişlər şəbəkəsini daim genişləndirmək əvvəlcədən müəyyənləşdirilən vaxt daxilində efirə çıxırdı. Bu materiallar, konsertlər də daxil olmaqla, radioda səslənən verilişlərin yarıdan çox faizini təşkil edirdi.
Təbliğata kütləvi xarakter vermək məqsədilə iri sənaye müəssisələrindən Leytenant Şmidt adına maşınqayırma, Montin və Vorovski zavodlarında, Lenin adına toxuculuq fabrikində, Böyük dəyirmanda, Bakı deposunda radiomitinqlər təşkil olunurdu. Həmin tədbirlərdə yüzlərlə, bəzən mindən çox adam iştirak edirdi.
Ölkədə savadsızlığı ləğv etmək istiqamətində aparılan müxtəlif məzmunlu tədbir və təbliğatı gücləndirmək məqsədilə ilin sonunda, dekabrın ilk günlərində fəhlə radio universitetləri yaradılmışdı. Burada məşhur alimlər, elm, təhsil mütəxəssisləri həm radio ilə mühazirələr oxuyurdular, həm də studiyanın nəzdində əməkdaşlara təcrübi məşğələlər keçirdilər.
1928-ci ildə Raya İmanzadə və Ənvər Həsənov da tam ştatda diktorluq fəaliyyətinə başladılar. Az sonra radionun uzunömürlü diktorlarından olan Soltan Nəcəfov da onlara qoşuldu. 1928 – 1932-ci ildə Azərbaycanda birinci beşillik yarandı. Beşillik ilk növbədə respublikanın iqtisadi, sənaye, aqrar sahələrinin sürətli inkişafının təkanı kimi nəzərdə tutulmuşdu.
(ardı var)
İlham RƏHİMLİ,
sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi