Diqqətsizlik ötəri haldır, yoxsa xəstəlik?

post-img

Bu sual hələ də əhatəli və dəqiq cavabını gözləyir

“Məktəbdə yaxşı oxuyurdum, amma özümü həmyaşıdlarımdan fərqli hiss edirdim. Dərsdə diqqətimi cəmləməkdə və imtahan suallarını başa düşməkdə çətinlik çəkirdim”.

Bunu Türkiyədən olan 38 yaşlı Ayşən müəllim öz həyat hekayəsindən söz açarkən deyib. Yetkinlik həyatındakı çətinliklər onu diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (DEHB) yaşamağa gətirib çıxarıb. Həkimlərin fikrincə, Ayşən dünyada yuxarı yaşda bu xəstəliyə tutulan çox sayda qadınlardan biridir və onların sayı getdikcə artır.

Ayşən Böyük Britaniyada coğrafiya üzrə dissertasiya üzərində işlədiyi illərdə zehni gərgilik onu hədsiz dərəcədə yorur. O, diqqətini cəmləyə bilmir və emosiyaya qapılıb özünü tükənmiş hiss edir. Tez-tez işə gecikir, görüşlərin vaxtını, günləri qarışdırır, pul qabı və ya açar kimi əşyaları itirir

Nəticədə, özünə inamı tamamilə itirməsi səbəbindən Ayşən İngiltərədə təhsil almaq üçün çox böyük əziyyətlə qazandığı yüksək dövlət təqaüdündən məhrum olur və böyük bir borcla Türkiyəyə qayıtmaq məcburiyyətində qalır. Lakin ona diqqət çatışmazlığı hiperaktiv pozuntu – DÇHP (bu diaqnoz Türkiyədə DEHB – diqqət əksikliyi hiperaktiv pozuntu kimi tanınır) diaqnozu qoyulduqda, bu, həyatında əsl sıçrayış kimi özünü göstərib. Ayşə bildirib ki, bu diaqnozu eşitdikdə həyatında ilk dəfə düşüncələrini və hisslərini idarə edə bilən yetkin bir insan saymağa başlayıb.

Bəs Ayşənin həyatını dəyişən nə olub?

Diqqət çatışmazlığı hiperaktivlik pozuntusu beyin inkişafı ilə əlaqəli bir vəziyyətdir. Əsas simptomlar hiperaktivlik, impulsiv davranış və konsentrasiya problemləridir. Xəstəliyin başqa bir əlaməti hiperfokusdur, yəni hansısa obyektə dərin fiksasiyadır. Psixiatrların fikrincə, yüz milyonlarla insan çox vaxt bunu bilmədən DEHB ilə yaşayır. Bu, dünyada ən çox rast gəlinən uşaqlıq pozuntularından biridir. Əvvəllər yalnız hiperaktiv oğlanlarla əlaqələndirilsə də, getdikcə bütün yaşlarda və fərqli cinslərdə bu diaqnoz qoyulur. Psixatrların fikrincə, böyüklər bu xəstəliyə tutulduqlarını çox gec öyrənirlər, xüsusən də uşaq ikən həkimlərə müraciət etməyən Ayşən kimi qadınlar.

Böyüklərdə DEHB əlamətləri

Yaşlı insanlarda DEHB simptomları uşaqlarda müşahidə olunanlardan fərqli ola bilər. Milli Psixi Sağlamlıq İnstitutuna görə, böyüklərdə DEHB-nin ən çox görünən əlamətləri bunlardır: konsentrasiyanın tez-tez itirilməsi; qeyri-mütəşəkkillik və adi süründürməçilik; vaxtın zəif idarə edilməsi; əşyaların itirilməsi, gündəlik işlərdə unutqanlıq; başqalarının sözünü kəsmək və ümumiyyətlə, çox danışmaq vərdişi; layihə üzərində fikri toplamaq və onu tamamlamaqla bağlı problemlər; daimi fəaliyyət və ya stimullaşdırma ehtiyacı; gələcəkdə olan mükafatlardan daha çox indiki mükafatlara üstünlük vermək.

Düşünmək olar ki, belə hallar hər kəsdə müşahidə edilir. DEHB olan insanlarda bu davranışlar şiddətli, tez-tez və müntəzəm olaraq baş verir və onların gündəlik həyatına müdaxilə kimi özünü göstərir.

Diaqnozda gender fərqi

Böyük Britaniyanın Kral Psixiatrlar Kollecində DEHB ilə bağlı araşdırmalar aparan psixatr Ulric Müller-Sedgvick deyib ki, düzgün diaqnozun qoyulması insanın həyatında böyük dəyişiklik yarada bilər: “Mən məhkəmələrdən keçərək övladlarının hiperaktivliyinə görə, onları uşaq xidməti müəssisələrinə verən anaları çox görmüşəm. Acınacaqlı odur ki, biz DEHB diaqnozunu qoyub müalicə etdikdən sonra da həmin anaların uşaqlarını geri götürmədiklərinin şahidi olmuşam”.

Hesablamalara görə, hər dörd oğlana orta hesabla bir qız nisbətində DEHB diaqnozu qoyulur, böyüklər arasında isə bu fərq 2:1-ə yaxınlaşaraq daralır.

Ümumdünya Səhiyyə Təşkilatının Beyin Sağlamlığı Bölməsinin sözçüsü Çiara Servilinin sözlərinə görə, diaqnoz dərəcələrinin “qızlarda simptomların necə təqdim edildiyi və tanındığına görə” fərqli olduğunu təsdiqləyən sübutlar var. Alimlər hesab edirlər ki, DEHB oğlanlarda qızlara nisbətən daha çox aşkarlanır, çünki onların simptomları daha qabarıq və diqqətçəkən olur.

Bir çox ekspertlər qeyd edirlər ki, valideynlər və müəllimlər də qızlarda DEHB əlamətlərinin oğlanlara nisbətən daha az müşahidə edildiyini bildirirlər: “DEHB olan stereotipik qız, sinifdə çox problem yaratmayan xəyalpərəst bir şagirddir və onun bu vəziyyəti tez aşkar edilmir. DEHB olan oğlanlar isə məktəb ətrafında qaçır, nizam-intizamı pozur, daha çox problem yaradır. Buna görə də onların davranış pozuntusu daha tez görünür və sınaqdan keçmək üçün müayinəyə göndərilir”.

Doktor Müller-Sedgvick bu məsələni belə izah edir: “Biz düşünürük ki, qızlar və qadınlar bu məsələdə “maskalana” bilirlər və ona görə də, “onlarda heç bir problemi yoxdur” kimi fikir formalaşır”. Çiara Servili isə bildirib ki, qızlarda DEHB diaqnozunun gec və ya ümumiyyətlə, qoyulmamasına səbəb olan digər mühüm amil sosial gender normaları və gözləntiləridir. Genetikanın, hormonal amillərin və yetkinliyin fərqli DEHB simptomlarına necə təsir etdiyinə dair daha çox araşdırmaya ehtiyac var. Çünki getdikcə daha çox qadın öz diaqnozunu öyrənmək istəyir?

Çoxsaylı tədqiqatlar göstərir ki, DEHB diaqnozunda gender fərqi yetkinlik dövründə daralır. Bunun əsas səbəblərindən biri qadınların “kişilərdən daha çox psixiatriya yardımına müraciət etmələridir”. Bu qənaətə DEHB olan insanların nisbətinin qlobal orta göstəricidən yüksək olduğu Türkiyədəki Səlcuq Universiteti Tibb fakültəsinin psixatrı Əli Qandəyər gəlib.

Digər türkiyəli psixiatr uzman Didəm Sücüllüoğlu Dikici isə bununla bağlı deyib ki, son illər onlarca qadında bu xəstəlik diaqnozunu təsdiqləyib. Onun xəstələri həkimin yanına depressiya və yorğunluqdan şikayət edərək gəlir və çox vaxt DEHB olduğunu bilmirlər. Onların arasında “işdə uğur qazanan və hər şeyi idarə etməyi sevən” qadınlar da var. Lakin uğur onların özlərinə qalib gəlmələri üçün yorucu vasitəyə çevrilir.

Doktor Müller-Sedgvick, həmçinin “DEHB diqnozunu tükənmişlik, böhran adlanan hal” yaşadıqdan sonra kömək axtaran bir çox qadına qoyduğunu bildirib. Əlavə edib ki, DEHB diaqnozu qoyulmuş bir çox qadın bu xəstəlikdən xəbərsizdir. Onun xəstələri arasında bəlli keçid dövründə olan əlamətləri yaşayan 40 yaşdan yuxarı qadınlar qrupu var. “Bu əlamətlərin bəziləri koqnitiv xarakter daşıyır. Onlarda DEHB ilə əlaqəli mövcud diqqət çatışmazlığı şiddətlənə bilər”.

Statistika nə deyir?

Son illərdə bir çox ölkələrdə DEHB diaqnozu qoyulan insanlara daha çox rast gəlinir. Məsələn, İngiltərədə son 10 ildə DEHB müalicəsi üçün dərman təyin edilən xəstələrin sayı demək olar ki, üç dəfə artmışdır. Statistikaya görə, ABŞ-da 2022-ci ildə 2016-cı illə müqayisədə, müəyyən məqamlarda DEHB diaqnozu qoyulmuş 3–17 yaşlı uşaqların sayı bir milyon artıb. 2023-cü ildə aparılan bir araşdırma, koronavirus pandemiyası zamanı bütün dünyada həkimlər tərəfindən təyin olunan dərmanların sayında azalma, sonra isə kəskin artım aşkarladı.

İnsanları bu sual daha çox düşündürür: DEHB insanların texnologiyaya–gadjetlərə nə qədər vaxt sərf etmələri ilə əlaqədardırmı? Bir çoxları bu gün uşaqların və böyüklərin kompüter və telefonlara sərf etdiyi həddən artıq vaxtdan getdikcə daha çox narahat olur və bununla DEHB-nin artması arasında əlaqənin olub-olmaması ilə maraqlanır.

DEHB olan və olmayan uşaqların ekran qarşısında nə qədər vaxt keçirdiklərini araşdıran tədqiqatlar var. Onlar ümumiyyətlə, DEHB olan uşaqların ekranda daha çox vaxt keçirdiklərini göstərir. Amma doktor Müller-Sedgvick deyir ki, bu, bir növ tam təsdiqlənməmiş sualdır. Amma tədqiqatlar göstərir ki, ekranda uzun müddət qalmaq DEHB olan uşaqlarda simptomları artırır. O izah edir ki, sosial media və video oyunları DEHB olan insanları dopaminlə təmin edir. Dopamin öz növbəsində beyinin fəaliyyətini saxlayır. Tədqiqatlar göstərir ki, ekran vaxtının DEHB-yə gətirib çıxara biləcəyini tam qiymətləndirmək çətindir və hələlik bunu təsdiqləyən ciddi dəlil yoxdur.

DEHB necə müalicə olunur?

DEHB diaqnozu qoymaq üçün xəstənin həyat tərzini ətraflı öyrənmək lazımdır. Həkimlər həmçinin uşaqlıqda ortaya çıxan xəstəliyin əlamətlərini də axtarmalıdırlar. Məsələn, Böyük Britaniyada həkimlər dərman təyin etməzdən əvvəl ilk olaraq “məqbul uyğunlaşma” və “ətraf mühitin dəyişdirilməsi”ni təklif edirlər.

Dərmanlar adətən stimulyantlar, amfetaminlər və ya metilfenidatlardır ki, beyində müəyyən kimyəvi maddələrin səviyyəsini artıraraq DEHB simptomlarını azaldır. Yanlış istifadə olunarsa, bu dərmanlar asılılıq yarada bilər. DEHB dərmanları düzgün istifadə edilməlidir. Dərman qəbul edə bilməyənlər üçün həkimlər koqnitiv davranış terapiyası tövsiyə edirlər. Bu, simptomları daha dərindən başa düşməyi və xəstəliyin təzahürlərini daha yaxşı idarə etməyə imkan verən xüsusi bir rejimə riayət etməyi əhatə edir.

Psixiatr Əli Qandəyər də diqqəti indiki məqama yönəltməyə kömək etmək üçün fiziki fəaliyyət və zehinlilik məşqlərini tövsiyə edir: “Məsələn, yemək yeyiriksə, bu müddət ərzində telefonumuzda heç nəyə baxmamağa çalışmalıyıq. Və nəyisə izləyiriksə, prosesi sürətləndirməməyə çalışa bilərik. Sadəcə gəzdiyimiz, oturduğumuz və düşüncələrimizin öz-özünə axmasına icazə verdiyimiz anlara daha çox ehtiyacımız var”.

Ölkəmizdə vəziyyət necədir?

Uzman psixiatr Fuad Bəşirov deyir:

– Diaqnoz DEHB, DÇHP, DÇHS (diqqət çatışmazlığı hiperaktivlik sindromu) kimi tanınan, psixoloji problemdir. Uşaqlar kiçik yaşlarda olanda, xüsusən, 4 yaşdan əvvəl müşahidə olunan həddindən artıq hərəkətlilik normal inkişaf xüsusiyyətlərindən hesab edilir. Diqqət əskikliyi hiperaktivlik sindromu diaqnozu, əsasən, məktəb dövrünün ilk illərində öz mənfi təsirlərini biruzə verdiyi vaxt qoyulur. Bu pozuntu adətən, yeniyetməliyin sonuna qədər qalır. Yeniyetməlik və gənclik dövründə həddindən artıq olan hərəkətlilik azalır. Plan qura bilməmək, dağınıqlıq, impulsivlik isə bir çox halda ömür boyu davam edir. Bu insanlar üçün problemləri qruplaşdırsaq, diqqət əskikliyini, impulsivlik və hiperaktivliyi xüsusilə qeyd edə bilərik.

Uşaqlarda olan davranış pozuntusu, böyük yaşda narkotik istifadəsi kimi hallarla da müşahidə oluna bilər. Bu vəziyyətə qarşı düzgün tədbirlər görülməzsə, diqqət əskikliyi hiperaktivlik sindromu olan insanın özgüvəni azalar. Həmin sindromla yaşayan, lakin bunu bilməyib, müalicə almayan uşaqlar yaşlananda depressiyaya düşdükdə və ya hər hansı bir asılılıqdan qurtulmaq üçün həkimə müraciət etdikdə, bu vəziyyətin arxasında diqqət əskikliyinin olduğu aşkarlanır.

DEHB olan fərdlərin müalicəsi üçün, ilk növbədə, ailə çox diqqətli olmalı, müəllim də məktəbdə lazımi qayğı göstərməlidir. Uşağın hiperaktivlik pozuntusunu düzəltmək üçün etdiyi bütün müsbət davranışlar təriflənməlidir. Belə olanda zaman keçdikcə, mənfi davranışlar azaldıla bilər. Uşağın özünə inamını artırmaq üçün uğur qazandığı fənlər prioritet seçilə bilər. Beləliklə, uşaq motivasiya ilə təhsilini davam etdirir və sadədən çətinə doğru bir yol izlənilir.

Müalicə üçün mütəxəssis tərəfindən verilən dərmanlar da çox əhəmiyyətlidir. Uşağın konsentrasiyasının artırılması onun təhsil həyatının yaxşılaşmasına və uşağın uğurdan həzz almasına kömək edir. Beləliklə, uşaq bu davranışları təkrar etməyə səy göstərir. Ailələr, müəllimlər və mütəxəssislər müalicə prosesini birlikdə idarə etməli və uşağın bu dövrü uğurla keçməsinə kömək etməlidir ki, xəstəlik özünü böyük yaşda, daha ciddi şəkildə göstərməsin.

 

Zərifə HÜSEYNOVA
XQ

 

 





Sosial həyat