“Biz Afrika qitəsinin ölkələri ilə fəal işləyirik... Azərbaycanı Afrika İttifaqında təmsil edən səfir, eyni zamanda, ölkəmizin Efiopiyadakı səfiri funksiyalarını da yerinə yetirir. 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik olub”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, biz onunla dostluq və tərəfdaşlıq münasibətləri qurmayaq. Kimsə bizim bu təklifimizi səmimi qarşılayaraq dost əli uzadır, kimsə tərəddüd edir. Təbii ki, hərənin öz işidir. Ancaq biz ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursundakı dostluq və əməkdaşlıq prinsiplərini əsas tutaraq öz ənənəvi siyasətimizi ümumtürk mədəniyyətinə və Azərbaycançılıq məfkurəsinə uyğun şəkildə davam etdiririk.
Xarici siyasətimizin əsas istiqamətləri bütün dünyanı əhatə edir, desək, qətiyyən səhv etmərik. Yəni yaxın qonşularımızdan, türkdilli dövlətlərdən, İslam ölkələrindən başlayaraq bütün mütərəqqi məqsədli beynəlxalq təşkilatların hamısı ilə ikitərəfli və ya çoxtərəfli əməkdaşlığımız mövcuddur. Həmin beynəlxalq təşkilatlardan biri də Afrika İttifaqıdır.
Xatırladaq ki, Afrika Birliyi Təşkilatının hüquqi varisi olan Afrika İttifaqı 2002-ci il iyulun 9-da yaradılmışdır. “Qara qitə”nin 55 ölkəsini özündə birləşdirən bu beynəlxalq təşkilat BMT başda olmaqla bir çox mötəbər siyasi qurumlarla əməkdaşlıq edir. Azərbaycan 2011-ci ilin yanvar ayından Afrika İttifaqında müşahidəçi statusu əldə etmişdir. Bu qurumla 14 illik əməkdaşlığımızın səmərəsini həm biz görmüşük, həm də afrikalı tərəfdaşlarımız.
Yeri gəlmişkən, onu da xatırladaq ki, ölkəmiz öz dövlət müstəqilliyini bərpa etdikdən sonra – daha doğrusu, 1992-2012-ci illərdə Afrikanın əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olmuşdur. Ekspertlər yazırlar ki, ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha çox artırır. Artıq dostlarımız da, bədxahlarımız da şahiddirlər ki, bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edib, ölkəmizi qitəyə investisiya qoymağa çağırırlar.
Dövlət başçımızın dəfələrlə vurğuladığı kimi, Azərbaycanla Afrika dövlətləri arasında əlaqələrin dinamik inkişafı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövrünə təsadüf edib. Belə ki, 2019-cu ilin oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə uğurla ev sahibliyi etməsi tədbirdə təmsil olunan Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açıb. Həmin Zirvə görüşü, eyni zamanda, qitənin bir çox ölkələri ilə ali səviyyədə təmasların və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaratdı.
Doğrudur, bu fakt bəzi siyasi dairələri çox ciddi şəkildə narahat edirdi. Çünki Afrikanı əsrlər boyu öz gəlir mənbəyi, bir çox hallarda müstəmləkəsi kimi görməyə alışmış dövlətlər Azərbaycanın bu qitədəki qətiyyətli addımlarını sakitliklə qarşılaya bilməzdilər. Biz bunu ötən ilin payızında ev sahibliyi etdiyimiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) hazırlıq mərhələsində və tədbirin keçirildiyi günlərdə daha yaxşı gördük. Hətta Afrika ölkələrindən bəzilərinin Bakıya gəlməsinə açıq şəkildə mane olmaq istəyənlər də var idi.
Ancaq Bakının ev sahibliyi etdiyi COP29-da Afrika ölkələrinin dövlət və hökumət başçıları bədxahların arzusunu gözlərində qoydu. Onlar bütün dünyaya sübut etdilər ki, Azərbaycanın səmimiyyətinə səmimi şəkildə qarşılıq verirlər. Üstəlik, son illər ərzində Misir, Əlcəzair, Konqo və Somali kimi ölkələr ilə ali səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi və Keniya ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın Afrika siyasətinin inkişaf perspektivlərinin “yol xəritəsi”ni, hərtərəfli əməkdaşlıq üçün potensial istiqamətlər müəyyənləşdirmişdir.
Xarici İşlər Nazirliyinin elektron resurslarında oxuyuruq ki, 2024-cü il aprelin 4-5-də Konqo Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də isə Somali Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfərləri Afrikada Azərbaycana olan inam və etimadın göstəricisidir. Bildirilir ki, səfərlər çərçivəsində reallaşdırılan görüşlər zamanı ölkəmizin həmin dövlətlərlə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olunmuş, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair hüquqi-normativ sənədlər imzalanmışdır.
Siyasətçi və diplomatların fikrincə, Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir. Təbii ki, həmin əlaqələr zamanı ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilir.
Bundan başqa, ölkəmiz Fransanın hələ də neokolonial hökmranlıq siyasətindən əziyyət çəkən keçmiş müstəmləkə ölkələrinin, o cümlədən Afrikada yerləşən Niger, Mali, Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz hüquqları və suverenlikləri uğrunda, həmçinin fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəyə dəstək verməkdədir. Bu gün dünyada hamı görür ki, Bakı şəhəri Fransa tərəfindən hüquqları tapdanan ölkələrin və azsaylı xalqların öz azadlıqları uğrunda bir araya gəldiyi beynəlxalq platformaya çevrilib.
Sonda xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dünən Afrika ölkələrindən birinin – Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə birlikdə mətbuat üçün verdiyi bəyanatda demişdir ki, bu səfər tarixi səfərdir: “İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi hər zaman dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik”.
Bəli, Azərbaycan dövlətinin dünyanın bütün qütblərini təmsil edən dövlətlərlə dostluq və tərəfdaşlıq münasibətləri gündən-günə artır və zənginləşir. Avropa, Asiya, Afrika və ya Amerikanı təmsil etməsinə baxmayaraq, gonaq gəlir bizə dostlar, zülm əlindən qurtulmuşlar.
İttifaq MİRZƏBƏYLİ