Ölkədə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili yenilənib

post-img

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsini yenidən təhlil edib. Əvvəlki ildə olduğu kimi, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə 60 sual araşdırılıb.

Yenilənmiş təhlillərin aparılmasına səbəb bir sıra beynəlxalq reytinq cədvəllərində göstərilən indikatorlar üzrə müəyyən edilən suallarda dəyişikliyin olmasıdır.

Bu səbəbdən təhlildə hər bir sual üzrə onun əhatəolunma vəziyyəti yenidən qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr qanunvericiliyə uyğun olaraq təkmilləşdirilib. Cədvəlin hazırlanmasında məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. Yenilənmiş təhlil müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə imkanı yaradır.

İKTA rəsmi saytında yerləşdirilən təhlil ətrafında təkliflərə və müzakirələrə tam açıq olduğunu bəyan edir.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Sosial həyat