Dünya erməni qatilləri lənətləyir

post-img

Azərbaycanın Tacikistandakı səfirliyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfir Əlimirzamin Əskərov ermənilərin XIX-XX əsrlərdə mərhələli şəkildə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bu siyasətin tərkib hissəsi olan Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin tərkib hissəsi olduğunu bildirib.

Türkiyənin Tacikistandakı səfiri Umut Açar faciə ilə bağlı başsağlığı verib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.

Sonra keçirilən mətbuat konfransı zamanı jurnalistlər Xocalı faciəsi ilə yanaşı, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər və Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər.

Tədbirdə Xocalı faciəsi barədə videoçarx da nümayiş etdirilib. İştirakçılar Xocalı faciəsi ilə bağlı səfirlikdə yaradılan guşə ilə də tanış olublar.

***

Həmin gün Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunda da Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Xocalı soyqırımından danışan Baş konsul Ayxan Süleymanlı onun dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun sistemli tədbirlər həyata keçirdiyini, 2008-ci ildə fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının hazırda uğurla davam etdiyini diqqətə çatdırıb.

Türkiyənin Aktaudakı Baş konsulu Sabri Alptekin Xocalı soyqırımının insanlığa sığmayan vəhşi cinayət olduğunu vurğulayıb, Xocalı sakinlərinin məhz türk olduqları üçün amansızlıqla qətl edildiklərini bildirib, soyqırımın heç vaxt unudulmayacağını vurğulayıb və şəhidlərin xatirəsini ehtiramla yad edib.

“Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov, diasporumuzun üzvü Vaqif Əliyev öz çıxışlarında Xocalıda mülki əhaliyə qarşı törədilmiş amansız qətliamı pisləyiblər, gələcəkdə belə qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini qeyd ediblər.

Tədbirin sonunda gənc rəssam Lalə Hüseynzadənin Xocalı soyqırımına həsr etdiyi “Qumla rəsm videosu”, sonra isə Vaqif Mustafayevin rejissoru olduğu “Dərdimi çəkirəm” sənədli filmi nümayiş etdirilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Düşənbə



Sosial həyat