Erməni cəlladlarının 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə Xocalının dinc sakinlərinə qarşı törətdikləri insanlığa sığmayan qanlı soyqırımının 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, ilk dəfə olaraq Xocalının özündə və Xankəndidə də müxtəlif mərasimlərlə qeyd edildi.
Şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhərində, Xocalı və Ağdərədəki bayraq meydanlarında, inzibati binaların qarşısında ucaldılmış dövlət bayraqlarımız yarıyadək aşağı endirilmişdi.
Soyqırımı qurbanlarını anım tədbirləri səhər saatlarında daimi yaşamaq üçün öz doğma ata-baba yurduna qayıtmış xocalılıların, rayonun hüquq-mühafizə orqanları əməkdaşlarının Xocalının Şəhidlər Xiyabanını ziyarət etmələri ilə başlayıb. Xocalı rayon polis şöbəsinin şəxsi heyəti faciədə həyatlarını itirmiş şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanda düzülüb, onların məzarları üzərinə gül dəstələri qoyulub.
Xocalı qurbanlarının xatirəsi Xankəndidə də yad edildi. Burada Qarabağ Universitetinin binasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Dövlət himninin səsələnməsi, şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Xocalı faciəsinin canlı şahidləri, mənfur düşmən tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc insanların doğmaları o dəhşətli gecədən danışdılar. Oğlu, həyat yoldaşı və qardaşı daxil olmaqla ailəsinin 14 üzvünü Xocalı faciəsində itirmiş Elmira Allahverdiyevanın çıxışı isə tədbir iştirakçılarının hamısını göz yaşlarına boğdu. Özü də kövrələn Elmira ana Xocalıda keçirdiyi bu gecə səhərədək gözünə yuxu getmədiyini bildirdi, “açılan qara səhərinizə qurban olum, ay xocalılar!”, – deyə yaşadığı acını dilə gətirdi.
Mərasimdə çıxış edənlər də erməni vəhşiliklərindən, faciənin xalqımıza yaşatdığı ağır mənəvi-psixoloji iztirablardan söz açdılar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhramanov çıxışında Xocalı soyqrımının bəşər tarixində ən qanlı cinayətlərdən biri olduğunu bildirdi, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışdı. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən genişmiqyaslı işləri tədbir iştirakçılarının nəzərinə çatdıran S.Qəhramanov Prezident İlham Əliyevin 2023-cü ilin 15 oktyabr tarixində Xocalı şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdığını, faciə qurbanlarının qisasının döyüş meydanında alındığını vurğuladı.
Çıxışlarda, həmçinin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda və Şərqi Zəngəzurda ermənilərin törətdikləri müharibə cinayətləri ilə bağlı aparılmış ilkin tədqiqatlar, aşkarlanmış kütləvi məzarlıqlar barədə də məlumat verildi. Qeyd edildi ki, mənfur düşmənin xalqımıza qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı aktları gənclərə, xüsusilə ali təhsil ocaqlarının tələbələrinə dərindən aşılanmalıdır. Anım mərasimində Xocalı faciəsindən bəhs edən videoçarxlar da nümayiş olundu.
Mərasimdən sonra öz təəssüratlarını “Xalq qəzeti” ilə bölüşən şəhid qardaşı Sarvan Məmmədov 26 fevralın damarlarından azərbaycanlı qanı axan hər kəs üçün heç vaxt unutmayacağı kədərli bir gün olduğunu bildirdi:
– Xocalı faciəsi hər zaman qəlbimizdədir. Ancaq biz xocalılılar, şəhid ailələri üçün bu gün həm də şükr etdiyimiz gündür. Çünki ilk dəfədir bir vaxtlar erməni separatçılarının şər yuvası olan, qəhrəman oğullarımızın canı-qanı bahasına azad edilmiş Xankəndimizdə, Qarabağ Universitetində şəhidlərimizin anım tədbirini keçirdik. Bu, hər birimiz üçün çox qürurvericidir. Allah bu tarixi günlərimizin memarı müzəffər Ali Baş Komandanımızı qorusun! Allah bir daha şəhidlərimizə rəhmət eləsin!
Həmsöhbət olduğumuz şəhid ailəsinin üzvü Südabə Cavadova isə iki dəfə məcburi köçkünlük həyatı yaşayıb. 1988-ci ildə erməni separatizmi baş qaldıranda ailəsi ilə birlikdə ata-baba yurdu olan Ballıca kəndindən Xocalıya pənah aparıb, orada yaşamağa başlayıblar. 1992-ci ilin qanlı fevral gecəsində həyat yoldaşı və qardaşı şəhid olub, meyitləri də elə Xocalıda qalıb. Yalnız torpaqlarımızın işğaldan azad edilməsindən sonra hər iki şəhidin qalıqları tapılaraq şəxsiyyətləri müəyyənləşdirilib. İndi daimi yaşamaq üçün yenidən Xocalıya, doğma Ballıca kəndinə qayıtmış Südabə ana onunla təsəlli tapır ki, artıq əzizlərinin də istədiyi vaxt gedib ziyarət edə biləcəyi məzarları var. Özü də uğrunda qurban getdikləri Xocalı torpağında. S.Cavadovanın, eləcə də bütün xocalılıların bir təsəlliləri də odur ki, erməni cəlladlarının amansızlıqla qətlə yetirdikləri dinc, əliyalın Xocalı sakinlərinin qisasları döyüş meydanlarında rəşadətli ordumuz tərəfindən layiqincə alınıb. Bu gün onların ruhları əbədi dinclik tapıb.
Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi rayonun Ballıca kəndində də qeyd olunub. Otuz üç illik Vətən həsrətindən sonra doğma Qarabağa qayıtmış kənd sakinləri ermənilərin törətdikləri hərbi cinayətlərdən danışıb, şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər. Çıxış edənlər Xocalı soyqırımının ildönümünü ilk dəfə olaraq azad Xocalıda qeyd etməyin onlar üçün böyük təsəlli olduğunu, bu gün şəhidlərimizin ruhlarının da hüzura qovuşduğunu vurğulayıblar. Qeyd olunub ki, düşmənin cavabı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən savaş meydanında layiqincə verilib. Keçmiş məcburi köçkünlərin doğma yurd yerlərimizə Böyük Qayıdışı isə düşmənlərimizə əbədi gözdağı olacaq!
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi